Ölkə iqtisadiyyatında sahibkarlığın inkişafı mühüm rol oynayır
İQTİSADİYYAT

Ölkə iqtisadiyyatında sahibkarlığın inkişafı mühüm rol oynayır

Ümummilli lider Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyası Azərbaycanın milli iqtisadi inkişaf modelinin formalaşmasına və iqtisadi islahatların uğurla həyata keçirilməsinə etibarlı zəmin yaradıb. “Sahibkarlığın inkişaf etdirilməsi, sərbəst iqtisadiyyata yol verilməsi, bazar iqtisadiyyatının yaradılması bizim strateji yolumuzdur”, — deyən Ulu Öndər digər sahələrdə olduğu kimi, sahibkarlığın da formalaşması və inkişafı ilə bağlı məqsədyönlü qərarlar qəbul edib, onun rəhbərliyi ilə bu sahəni tənzimləyən qanunvericilik bazasının yaradılması istiqamətində mühüm işlər görülüb.

Ulu öndərin inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müdrikliklə və böyük uzaqgörənliklə davam etdirilməsi nəticəsində son illər ölkəmizdə mühüm iqtisadi islahatlar aparılır.

Azad sahibkarlığın inkişafı bu islahatlar sırasında önəmli yer tutur. Ötən illərdə bazar iqtisadiyyatı yolu ilə inamla irəliləyən Azərbaycanda özəl bölmənin inkişafı üçün əlverişli biznes və investisiya mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir.

Azərbaycan iqtisadiyyatının sürətli inkişaf dinamikası və çoxşaxəliliyi uğurlarımızı şərtləndirən vacib amillərdəndir. Ölkə rəhbərinin xüsusi qeyd etdiyi kimi, bu istiqamətdə ən önəmlisi ondan ibarətdir ki, məhz qeyri-neft sektoru artan templərlə inkişafdadır və bu da yürüdülən siyasətin nəticəsidir. Qeyri-neft sektorunun və sahibkarlığın inkişafı, yeni müəssisələrin işə salınması məqsədilə reallaşdırılan islahatlar ölkəmizin neftdən asılılığını azaltmaqla yanaşı, yoxsulluq səviyyəsinin minimuma enməsinə, əmək qabiliyyətli əhalinin iqtisadi fəallığının yüksəlməsinə imkan vermişdir. Uğurlu iqtisadi strategiya respublikamızın regionda analoqu olmayan inkişaf mərhələsinə qədəm qoymasına gətirib çıxarıbdır. Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olması, xarici investisiyaların daha çox qeyri-neft sektoruna yönəldilməsi, əlverişli sahibkarlıq və münbit biznes mühitinin təmin edilməsi cənab İlham Əliyevin həyata keçirdiyi bu strategiyanın ana xətti kimi diqqəti çəkir.

Azərbaycan dövlətinin, onun bugünkü möhtəşəm uğurlarının timsalında bu reallıq özünü tam aydın göstərir. Azərbaycan son illərdə sürətli iqtisadi inkişaf tempini saxlamış və yürüdülən düzgün siyasətin məntiqi nəticəsi birmənalı olaraq təsdiqləyir ki, Azərbaycanda bu siyasi kursa alternativ yoxdur.

Azərbaycanın iqtisadi inkişafını xarakterizə edən ən mühüm cəhətlərdən biri ölkəmizdə məhz güclü sahibkarlar sinfinin formalaşmasıdır. Hazırda Azərbaycanda Ümumi Daxili Məhsul istehsalında özəl sektorun xüsusi çəkisi olduqca hiss olunur, iqtisadi artımın təminatında sahibkarlar sinfinin rolu və mövqeyi davamlı şəkildə güclənir. Bir fakt xüsusilə qeyd olunmalıdır ki, özəl sektorun Ümumi Daxili Məhsulda payı 85 faizə yüksəlib. Azərbaycan Prezidenti bu sahəyə dəstəyini artırmaqla sahibkarların güvənc və kömək yeri, himayədarı olduğunu bir daha təsdiqlədi.

Hər bir ölkənin davamlı və sabit inkişafını şərtləndirən mühüm amillərdən biri sahibkarlığın inkişafı, iş adamlarının fəaliyyəti üçün normal şəraitin yaradılmasıdır. Müstəqil Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vuraraq ictimai həyatın bütün sahələrində davamlı yüksəlişə nail olması, qlobal böhran şəraitində qarşıya qoyduğu məqsədlərə doğru inamla irəliləməsi də ilk növbədə, bu sahəyə göstərilən qayğının nəticəsidir. Ümumilikdə götürüldükdə, deyə bilərik ki, xüsusən son illərdə özəl sektorun, azad sahibkarlığın inkişafı üçün dövlət səviyyəsində çox böyük işlər görülüb. Dövlət başçısı cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlar, qanunlar, Dövlət proqramları azad sahibkarlığın inkişafına təkan vermiş, qeyri-neft sektorunun inkişafını stimullaşdırmışdır. Son illərdə Azərbaycan iqtisadiyyatının neftdən asılılığının azalması, yeni zavod və fabriklərin istifadəyə verilməsi, işsizliyin aradan qaldırılması və sosialyönümlü müxtəlif problemlərin yoluna qoyulması azad sahibkarlığın inkişafı ilə əhəmiyyətli dərəcədə bağlı olmuşdur. Hazırkı mərhələdə ölkə iqtisadiyyatının yenidən qurulması sahəsində qarşıda duran vəzifələrin yerinə yetirilməsi azad sahibkarlığın inkişafının daha da sürətləndirilməsi, bu sektorun ölkənin sosial-iqtisadi problemlərinin həllində rolunun gücləndirilməsi, onun fəaliyyətinin ölkə iqtisadiyyatının inkişafı tələblərinə daha da uyğunlaşdırılmasını və s. tələb edir.

Ölkəmizin uğurlarında sahibkarların rolunu xüsusi dəyərləndirən Prezident İlham Əliyev onlara süni problemlərin yaradılmasının yolverilməzliyini qətiyyətlə bəyan edib. Respublikamızda sahibkarlığın inkişafına geniş imkanlar yaradılıb. Sahibkarları gərəksiz müdaxilələrdən himayə edən dövlət başçısı demişdir: “Dövlət strukturları yersiz yoxlamaları dayandırmalıdırlar. Buna ehtiyac yoxdur. Artıq Azərbaycanda iqtisadi islahatlar sahəsində bütün işlər görülüb. Biz şəffaflığa nail ola bilmişik. Şəffaflıq bizim üçün, iqtisadi inkişaf üçün və ümumiyyətlə, ölkəmizin inkişafı üçün mühüm əhəmiyyət daşıyır”.

Dövlət başçısının uğurlu siyasətinə, qətiyyətli mövqeyinə güvənib iş adamları da yeni qlobal layihələrin həyata keçirilməsinə təşəbbüskarlıq göstərir. Bu gün ölkəmizdə həm şəffaf biznes mühiti var, həm də güclü qanunvericilik bazası yaradılıb. Ölkəmizdə hər bir işgüzar insan, sağlam təfəkkürə və məntiqə güvənən iri və xırda sahibkarlar perspektivli iş strukturu yaradır, fəaliyyətlərini daha da genişləndirə bilirlər. Hər kəs məşğul olduğu sahədə geniş imkanlardan qədərincə, ən başlıcası isə, şəffaflıq prinsiplərini qorumaqla faydalanır.

Dövlət başçısı cənab İlham Əliyev iş adamlarına müraciətlə demişdir: “İş adamları, dövlətin bütün yerli icra orqanları — hamımız birgə işləməliyik. Əlbəttə ki, təbiidir, — bütün ölkələrdə belədir, — iş adamları öz biznesləri haqqında düşünməli, biznesi inkişaf etdirməlidirlər. Eyni zamanda, imkan olanda çətin vəziyyətdə yaşayanlara da əl uzatmalıdırlar. Mən belə biznesi, iş adamlarını təqdir edirəm və sizi də bu işlərə çağırıram. Sizə deyə bilərəm ki, mən bundan sonra da ölkədə biznesin inkişafı üçün əlimdən gələni edəcək və bütün lazımi tədbirləri görəcəyəm”.

M.MİRZƏ,

“Respublika”.