Ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alır
İdman

Ölkəmizdə Olimpiya hərəkatı geniş vüsət alır

Azərbaycan Milli Olimpiya Komitəsinin yarandığı gündən 30 il ötür. Bu illər ərzində beynəlxalq miqyasda idman ölkəsi kimi tanınan respublikamız ümumdünya olimpiya hərəkatının ən fəal üzvlərindən birinə çevrilib, onun inkişafına dəyərli töhfələr verib. Bununla yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin 25 illik rəhbərliyi dövründə fəaliyyətini uğurla davam etdirən Milli Olimpiya Komitəsinin Azərbaycanın idman infrastrukturunun yenilənərək müasir standartlara cavab verən səviyyəyə çatdırılmasında, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində mühüm xidmətləri olub.

Dövlət müstəqilliyinin bərpasından sonra ötən dövr ərzində böyük tərəqqi və yüksəliş yolu keçən respublikamız sosial-iqtisadi həyatın bütün sahələrində böyük uğurlar qazanıb. Bu baxımdan, idmançılarımızın nailiyyətləri sonsuz qürur hissi doğurur. İqtisadiyyatımızın ildən-ilə güclənməsi bu sahəni inkişaf etdirmək, uşaq və yeniyetmələri idmana cəlb etmək, sağlam nəsil formalaşdırmaq üçün geniş imkanlar yaradır. Müstəqil respublikamızda idmana diqqət dövlət siyasətinin prioritetləri arasında ən mühüm yerlərdən birini tutur. Vaxtilə ulu öndər Heydər Əliyevin idman sahəsində müəyyənləşdirdiyi strateji vəzifələr bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyilə uğurla davam etdirilir. Bu illər ərzində ən mühüm hadisələrdən biri də 1996-cı ildə Azərbaycanın müstəqil dövlət kimi ilk dəfə Olimpiya Oyunlarına qatılmasıdır. Atlanta Oyunlarına hazırlıq haqqında sərəncam, hazırlığın daim dövlət nəzarəti altında saxlanması, idmançılara dövlət tərəfindən diqqət və qayğının gücləndirilməsi öz bəhrəsini verdi. Azərbaycan Atlantada 23 idmançı ilə təmsil olundu, bir gümüş medal qazanıldı.

Milli Olimpiya Komitəsinin 1997-ci ilin 31 iyulunda keçirilmiş növbəti Baş Məclisi Komitənin yeni idarə heyətini müəyyənləşdirdi. İlham Əliyev Milli Olimpiya Komitəsinin Prezidenti seçildi. Komitənin fəaliyyət istiqamətləri təsdiq edildi.

Ölkə başçısı Milli Olimpiya Komitəsinin Prezidenti kimi bu sahəyə xüsusilə böyük əhəmiyyət verir. Məhz dövlətimizin liderinin göstərdiyi qayğı, həyata keçirdiyi nəhəng layihələr sayəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kimi şöhrət qazanıb. Ölkə başçısının 28 mart 2022-ci il tarixdə imzaladığı Milli Olimpiya Komitəsinin 30 illiyinin qeyd edilməsi haqqında Sərəncamda deyilir ki, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərmişdir. Respublikamızı idman ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan dövlət başçısı buna nail oldu. Belə ki, ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur. İdmançılarımız Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil etmiş, yüksək nəticələr qazanmış və Olimpiya Oyunlarında əldə olunan medalların sayını 53-ə çatdıraraq Azərbaycanın idman şöhrətini artırmışlar.

Azərbaycanın idman şöhrətinin yüksəldilməsinə və idmanın maddi-texniki bazasının müasir standartlara uyğun qurulmasına yönəlmiş təşəbbüslərin uğurla gerçəkləşdirilməsində, həmçinin Bakıda Olimpiya Stadionunun, Gimnastika Arenasının, Su İdman Mərkəzinin, bir sıra ixtisaslaşdırılmış idman qurğularının və respublika üzrə 40-dan çox olimpiya idman kompleksinin tikilib istifadəyə verilməsində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır. Mingəçevirdə və Suqovuşanda avarçəkmə mərkəzləri, Qusarda "Şahdağ", Qəbələdə "Tufandağ" qış-yay kompleksləri isə ölkəmizdə həm olimpiya hərəkatının, həm də turizmin inkişafı üçün geniş üfüqlər açıb. Milli Olimpiya Komitəsinin mötəbər idman yarışlarının təşkili istiqamətində təqdirəlayiq fəaliyyəti sayəsində ölkəmizdə 2015-ci ildə I Avropa Oyunları, 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunları və 2019-cu ildə Avropa Yeniyetmələrinin Olimpiya Festivalı böyük uğurla keçirilmişdir. Əldə edilmiş nailiyyətlər beynəlxalq miqyasda əks-səda doğurmuş, Azərbaycanı dünyada idman ölkəsi kimi tanıtmışdır.

Beynəlxalq yarışların təşkilində böyük təcrübəyə malik Milli Olimpiya Komitəsi bu gün də Azərbaycanın idman salnaməsini yeni nailiyyətlərlə zənginləşdirməkdədir. MOK-un fəaliyyətinə ən böyük qiymət Beynəlxalq Olimpiya Komitəsi tərəfindən verilmişdir. Bu mötəbər qurum tərəfindən Azərbaycan Milli Olimpiya Komitəsinin başqa Olimpiya komitələri üçün örnək olduğu vurğulanmışdır. Yarışlarda qazanılan qələbələr isə ölkə başçısı İlham Əliyevin də qeyd etdiyi kimi, idmançılarımızın Vətən məhəbbətinin, oğul və qızlarımızın fədakarlığının bariz nümunəsidir.

30 illik yubiley münasibətilə idman ictimaiyyətini təbrikində Milli Olimpiya Komitəsinin idmançılarımızın Olimpiya Oyunlarındakı qələbələrinə dəyərli töhfələr verdiyini və yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq əlaqələri quraraq hazırda qitənin olimpiya qurumları arasında ön sıralarda dayanan nüfuzlu təşkilatlardan birinə çevrildiyini qeyd edən Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, MOK Olimpiya Xartiyasının başlıca prinsipləri əsasında respublikamızda Olimpiya Hərəkatının qarşıdakı illərdə daha geniş vüsət alması üçün imkan və bacarığını bundan sonra da əsirgəməyəcək, nailiyyətləri ilə ictimai həyatımızdakı əhəmiyyətli mövqeyini qoruyub saxlayacaq.

Mustafa KAMAL,

"Respublika".