Ötən dərs ilinin uğurları Ötən dərs ilinin uğurları daha yaxşı işləməyə ruhlandırırdaha yaxşı işləməyə ruhlandırır
Region

Ötən dərs ilinin uğurları Ötən dərs ilinin uğurları daha yaxşı işləməyə ruhlandırırdaha yaxşı işləməyə ruhlandırır

Ənənəvi təhsil formasına keçid respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da böyük sevinclə, razılıqla qarşılanıb. Doğma məktəb üçün darıxan şagirdlərin, tədrisdə canlı ünsiyyətə üstünlük verən müəllimlərin, övladlarının dərin, hərtərəfli bilik almasına çalışan valideynlərin sevinci hədsizdir.

Bəli, məktəblərdə həyat yenidən canlanır. Lənkəranın ümumtəhsil ocaqları dərs ilinə xoş ovqatla, yüksək əhval-ruhiyyə ilə başlayıb. Keçən dərs ilində qazanılan uğurlar pedaqoji kollektivləri daha yaxşı işləməyə ruhlandırıb.

Lənkəran şəhər təhsil şöbəsinin müdiri Ülviyyə Əliyeva təhsil sahəsində əldə olunmuş nailiyyətlərdən, yeni dərs ilində uğurların daha da artırılacağından söhbət açır:

-Təhsil ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulan vəzifələr yeni dövrün tələblərinə uyğun əzmlə, işgüzarlıqla   həyata keçirilir. Aparılan islahatların, qabaqcıl texnologiyaların tətbiqi sayəsində təhsil sahəsində yeni keyfiyyət dəyişiklikləri baş verir.

Lənkəran  təhsilində də infrastruktur təkmilləşdirilir, təhsilin səviyyəsi ilbəil yüksəlir. Son 18 ildə rayonun 52 ümumtəhsil məktəbinin binası yenidən tikilib və ya əsaslı təmir edilib. Yeni dərs ilində Lənkəran şəhər A.  Məhərrəmov adına 7 nömrəli tam orta və Zövlə kənd tam orta məktəblərinin binaları əsaslı təmir olunub.

Dövlətimiz tərəfindən təhsilə göstərilən yüksək diqqət və qayğı ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında da səmərəli nəticələr verib. 2020-2021-ci tədris ilində 1717 məzun rayonun tam orta məktəblərini bitirib, bir məzun tam orta təhsili qızıl medalla, 21 nəfər isə fərqlənmə attestatı ilə başa vurub. Ümumi orta təhsil səviyyəsi üzrə isə 36 şagird fərqlənmə attestatı alıb.

Bu il 619 məzun tələbə adına layiq görülüb. Onlardan 26 nəfər 600-dən, 111 nəfər isə 500-dən yuxarı bal toplayıb. Lənkəran şəhər 5 nömrəli tam orta məktəbin məzunu Mirmahmud Əliyev imtahanlardan 676 bal toplayaraq rayon üzrə ən yüksək nəticəni qazanıb. O, Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Lənkəran şəhər S. Kazımbəyov adına 6 nömrəli məktəb-liseyin məzunu Xatun İsmayılzadə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuraraq qızıl medala layiq görülüb. Xatun 658 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinin tələbəsi adını qazanıb.

Bu günlərdə təhsil şöbəsində 600-dən çox bal toplayan məzunlarla görüşümüz oldu. Məzunların nailiyyətləri hər birimizi sevindirir. Görüşdə onlara fəxri fərmanlar,  hədiyyələr təqdim olundu.

Yeni tədris ili 44 günlük müharibədə qazandığımız şanlı Qələbə, böyük Zəfərlə əlamətdardır. Bütün tədris ocaqlarında “Qarabağ Azərbaycandır” mövzusunda ilk dərslər keçiriləcək. Əminəm ki, Lənkəranın pedaqoji kollektivləri gənc nəslə yüksək keyfiyyətli təhsil verməyə çalışacaq, Vətənimizin, təhsilimizin inkişafı naminə səylərini əsirgəməyəcəklər.

 Lənkəran şəhər S. Kazımbəyov adına 6 nömrəli tam orta məktəb-lisey respublikamızda qabaqcıl, nümunəvi təhsil ocaqlarından sayılır. Məktəbin direktoru, respublikanın Əməkdar müəllimi, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Akif Xalıqov yeni dərs ilinin sevinclərini bizimlə bölüşür:

-Xalqımız qəhrəman xalqdır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi,  müzəffər ordumuzun, igid döyüşçülərimizin qəhrəmanlığı sayəsində illərlə düşmən tapdağı altında olan torpaqlarımız azad edildi. Vətən yolunda şəhidlər də verdik. Məktəbimizin müəllimi, baş leytenant Ehtiram Hüseynli Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Kollektiv onun xatirəsini daim əziz tutur, keçdiyi şanlı döyüş yolu, igidliyi, şücaətləri ilə fəxr edir, qürur duyur.

Zəfər ilində kollektivimiz yeni uğurlara imza atıb. Dövlət İmtahan Mərkəzinin IX sinif şagirdlərinin buraxılış intahanlarındakı nəticələrinə dair hesabatında məktəbimizin reytinq sırasında respublika üzrə 5 və 6-cı yerlərdə olması kollektivin nailiyyəti kimi sevinc doğurur.

2020-2021-ci tədris ilində məktəb-liseyin XI  siniflərini 40 məzun bitirib və hamısı ali məktəblərə daxil olub. Məzunlardan 9 nəfər 500 baldan, 3 nəfər isə 600-dən çox bal toplamışdır. Məzunlardan Xatun İsmayılzadə məktəbi qızıl medalla bitirərək 658, Nihad Mustafazadə 614, Məhəmmədəli Səlimzadə 648 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olublar.

Təhsil sürətlə yeniləşir. Məktəbin vəzifəsi şagirdlərə biliklərlə yanaşı, bacarıqları öyrətmək, onları sabaha, müstəqil həyata hazırlamaqdır.  Yeni tədris ilində də işimizi bu istiqamətdə quracaq, savadlı, bacarıqlı, vətənpərvər gənclərin hazırlığına diqqəti artıracağıq.

Lənkəran şəhər 10 nömrəli tam orta məktəbinin də öz ənənələri var. Təhsil ocağı öz uğurları ilə həmişə seçilir. Məktəbin direktor əvəzi, rayonun qabaqcıl, novator müəllimlərindən olan Rəsidə Məmmədova deyir:

-Ötən dərs ilinin uğurları kollektivin sevincinə səbəb olub. Çəkilən zəhmət bəhrəsini verir. Həm müəllimlərin və həm də şagirdlərin kifayət qədər nailiyyətləri olub. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar” üzrə V qrant müsabiqəsində “Fərdi kateqoriya” üzrə məktəbimizin ingilis dili müəllimi Nərgiz Əliyeva qalib olub. Pedaqoji kollektivin işgüzarlığı, yorulmaz səyləri sayəsində bu il məktəbimizin 45 məzunu ali məktəb tələbəsi adına layiq görülüb. Humanitar və texniki təmayüllü sinifləri bitirən 40 məzunun hamısı ali məktəbə daxil olub. Məktəb üzrə Aysun Cahangirzadə imtahanlarda ən yüksək nəticə qazanaraq 643 balla Azərbaycan Tibb Universitetinə qəbul olub. Hüseyn Cavadov 627 balla, Xədicə Höccətzadə 618 balla həmin ali məktəbin tələbəsi adını qazanıblar.

Məzunlardan 5 nəfər 600, 6 nəfər 500, 13 nəfər 400-dən yuxarı bal toplayıb. Məzunların arasında Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası və Lənkəran Dövlət Universitetinə qəbul olunanlar sayca üstünlük təşkil edir.

Dərs ilinə yüksək hazırlıqla başlamışıq. 2021-2022-ci tədris ilində bütün ümumtəhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursu tədris olunacaq. Bu, kollektivimizi hədsiz sevindirir. Şagirdlərə xalqımızın qəhrəmanlığı, 44 günlük müharibədə keçdiyimiz zəfər yolu barədə məlumat vermək, gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyəsinə diqqəti artırmaq, müstəqil Azərbaycanın layiqli gələcək qurucularını hazırlamaq hər birimizin borcudur.

Əlisəfa HƏSƏNOV,

                                                                                                       “Respublika”.