Penitensiar Xidmət Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının vəfatı ilə bağlı məlumat yayıb
Digər xəbərlər

Penitensiar Xidmət Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısının vəfatı ilə bağlı məlumat yayıb

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti kütləvi informasiya vasitələrinin sorğularına cavab olaraq bildirir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 2 avqust tarixli hökmü ilə vəzifə cinayətlərinə görə doqquz il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu sentyabrın 8-də müalicə aldığı xəstəxanada vəfat edib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, son günlər N.Quliyevin bədən hərarətinin 37.1-37.4C0 olması səbəbindən zəruri instrumental müayinələrə cəlb edilib, o cümlədən koronavirus infeksiyasına qarşı testlərdən keçirilib və nəticəsi neqativ olsa belə profilaktik müalicə alıb.

Sentyabrın 7-də N.Quliyev səhhəti qəflətən pisləşdiyindən kompüter tomoqrafiya müayinəsindən keçirilib və ağciyərlərində viral pnevmoniya əlamətləri (“buzlu şüşə”) aşkarlanaraq COVİD-19 infeksiyasına yoluxma diaqnozu təyin edilib. O, təcili tibbi yardım briqadası tərəfindən Gəncə şəhər modul tipli xəstəxanaya yerləşdirilib.

Aparılan bütün zəruri intensiv müalicə tədbirlərinə baxmayaraq, arterial hipertoniya, xroniki ürək xəstəlikləri, şəkərli diabet və alimentar piylənmədən əziyyət çəkən 1954-cü il təvəllüdlü N.Quliyev orada vəfat edib.

AZƏRTAC