PROBLEMLƏRİN HƏLLİ DİQQƏT MƏRKƏZİNDƏDİR
Region

PROBLEMLƏRİN HƏLLİ DİQQƏT MƏRKƏZİNDƏDİR

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü Vaqif Abdullayev küçəsindəki ərazidə olub. Şəhər rəhbəri son illər ərzində Mingəçevirdə həyata keçirilən işlərlə bağlı məlumat verərək bildirib ki, səyyar görüşlər ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən keçirilir. Əsas məqsəd vətəndaşların qarşılaşdıqları problemləri öyrənmək və onların həllinə nail olmaqdan ibarətdir. Görüşdə Mingəçevirdə infrastruktur layihələrin reallaşmasından ətraflı söz açılıb. Qeyd olunub ki, içməli su xətti şəhərdə yenidən çəkilib, mingəçevirliləri illərdən bəri narahat edən kanalizasiya xəttinin yenidən qurulması işləri davam etdirilir.

Çıxış edən sakinlər şəhərdə aparılan quruculuq-abadlıq işlərindən razılıq etməklə yanaşı, onları narahat edən problemləri də dilə gətiriblər. Rəfi Rəfiyev, Ramiz Əsədov, Sahib Məmmədov, Natiq Mövsümov, Bənyaz Osmanov, Elşən Cabbarov problemlərdən söz açıblar. Qeyd olunub ki, ərazinin asfaltlanması başa çatdıqdan sonra lükların 1 metr dərinlikdə qalması avtomobillərin, eyni zamanda, uşaqların, qocaların hərəkətinə çətinlik yaradır. Xeyir-şər mağarının təmirə ehtiyacının olması, məhəllədə uşaqların istirahəti və oynaması üçün qurğuların quraşdırılması, qurumuş ağacların həyat üçün təhlükə mənbəyinə çevrilməsi, küçələrin gecə işıqlanmasında mövcud olan narahatlıqlardan söz açılıb. Binaların fasad hissələrinin və ümumi istifadə sahələrinin əsaslı təmirə ehtiyacı olduğu dilə gətirilib.

Şəhər rəhbəri İlham İsmayılov sakinlərin diqqətinə çatdırıb ki, bu gün "Azərsu" rəhbərliyi şəhərdə olub və onlarla aparılan söhbətimizin bir istiqaməti məhz bu ərazilərdə yaranan problemlə bağlı olub. "Azərsu" rəhbərliyi etiraf edib ki, Mingəçevirdə aparılan işlər nöqsanlarla görülüb və onların aradan qaldırılması nəzarətə götürülüb. Şəhər rəhbəri bildirib ki, Mingəçevirdə 466 çoxmərtəbəli yaşayış binası var, son 4 ilə yaxın müddət ərzində 167 bina təmir olunub. O cümlədən bu il, 30 bina mənzil fondunun təmiri hesabına, 18 bina Mənzil Təmir Abadlaşdırma İdarəsinin xətti ilə, 6 bina isə Energetiklər qəsəbəsi yaşayış massivindəki Mənzil Kommunal Təsərrüfatı Kombinatının xətti ilə təmir olunacaq. Əmin ola bilərsiniz ki, şəhərimizdə mövcud olan bütün problemlərin həlli diqqət mərkəzindədir və bu işlər ardıcıl olaraq aradan qaldırılacaq.

Sakinlər Mingəçevir şəhərinə daim diqqət və qayğı göstərdiklərinə görə ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

Zabit XƏLİLOV,

"Respublika".