Prokurorluqlar arasında əməkdaşlıq əlaqələri inkişaf edir
Digər xəbərlər

Prokurorluqlar arasında əməkdaşlıq əlaqələri inkişaf edir

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, fevralın 21-də Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Latviyanın Baş prokuroru Yuris Stukansın dəvəti ilə Riqada işgüzar səfərdə olub.

Nümayəndə heyəti ölkəmizin Riqadakı səfirliyinə gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edib, ulu öndərin əziz xatirəsi ehtiramla yad olunub.

Daha sonra Baş prokurorluqda ikitərəfli görüş keçirilib. Azərbaycanlı həmkarını salamlayan Baş prokuror Yuris Stukans ölkələrimizin prokurorluq orqanları arasında münasibətlərin son illərdə daha da inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb.

Baş prokuror Kamran Əliyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin və Latviyanın siyasi rəhbərliyinin səyləri nəticəsində ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib. Baş prokuror Azərbaycan və Latviya arasında yüksək strateji tərəfdaşlıq əlaqələri kontekstində prokurorluqlar arasında əməkdaşlığın müsbət dinamikasını diqqətə çatdırıb, cinayətkarlığa, o cümlədən korrupsiyaya və çirkli pulların yuyulmasına qarşı mübarizənin və əmlakın bərpası sahəsində birgə səylərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edib.

Görüşdə ikitərəfli formatda və beynəlxalq təşkilatlar çərçivəsində prokurorluqlar arasında əməkdaşlığın genişləndirilməsinin önəmi qeyd edilib. Qarşılıqlı təlimlərin təşkil olunması  və əlaqələrin inkişaf etdirilməsi məqsədilə qurumlar arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması müzakirə olunub. Həmçinin, konkret cinayət işləri üzrə hüquqi yardım haqqında sorğuların icrası ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Baş prokuror Latviyanın Korrupsiyanın Qarşısının Alınması və Korrupsiyaya qarşı Mübarizə Bürosunun (KNAB) rəhbər heyəti ilə görüşərək korrupsiya hallarının qarşısının alınması, bu sahədə törədilmiş cinayətlərin istintaqı, maarifləndirmə və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə edilib.

Görüşlərdə ölkəmizin Latviya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov da iştirak edib.

Mehparə ƏLİYEVA,

"Respublika".