QARABAĞ AZƏRBAYCANDIR!
Siyasət

QARABAĞ AZƏRBAYCANDIR!

TARİXİ 44 GÜNÜN ANLARI

Regionun lider dövlətlərindən olan Azərbaycan 30 ilə yaxın erməni işğalı altında olan tarpaqlarını Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi və Şanlı Ordusunun gücü ilə 44 günlük Zəfər savaşında azad etdi. Zaman keçdikcə, Vətən müharibəsində qazanılan qələbədə 44 günün hər gününün bir tarix olduğu daha aydın görünür.

Məhz buna görə də, "Respublika" qəzeti ənənəsinə sadiq qalaraq, əvvəllər "Ötən günlərin tarixi anları" adı ilə dərc etdiyi "Xronika"nı "Tarixi 44 günün anları" rubrikası ilə mövcud reallıqlar fonunda, yeni rakursda oxuculara təqdim edir.

“Respublika”.

27 sentyabr 2020-ci il

Azərbaycan Respublikası Müdafiə Nazirliyi səhər saat 7:30-da məlumat yayıb. Məlumatda deyilir: Yerli vaxtla saat 6:00-da Azərbaycanın Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının ərazisindəki yaşayış məntəqələri artilleriya qurğuları və minaatanlardan atəşə tutulub. Nəticədə dinc əhali və hərbçilər arasında ölən və yaralananlar var.

***

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itki və yaralananların olmasından narahatlığını bildirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tank, artilleriya, raket sistemləri və aviasiyadan istifadə edilməklə əks-hücum əməliyyatı haqqında əmr verib.

***

Artıq günün ikinci yarısında Azərbaycan Respublikası Müdafiə Nazirliyi düşmənin böyük itkilər verərək geri çəkilməsi barədə məlumat yayıb: Qaraxanbəyli, Nüzgar, Yuxarı Əbdürrəhmanlı, Böyük Mərcanlı, Kənd Horadiz, Qarvənd kəndləri azad edilib. Bundan əlavə, Ağdərə rayonunda və Murovdağ silsiləsinin yüksəkliklərindəki erməni postları, o cümlədən Gamış dağında yüksəklikdə yerləşdiyi üçün alınmaz hesab olunan məntəqənin məhv edildiyi bildirilib.

Müdafiə Nazirliyi, həmçinin məlumat verib ki: "Goranboy rayonu istiqamətində aparılmış hərbi əməliyyat nəticəsində hərbi əhəmiyyətə malik olan və Qarabağdakı erməni qoşunlarının təchizatı üçün istifadə edilən Vardenis-Ağdərə avtomobil yolu nəzarətə götürülüb".

***

Sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib. Dövlətimizin başçısı iclasda çıxış edərək deyib: "Bizim mübarizəmiz haqq mübarizəsidir və bu gün Azərbaycan vətəndaşları dövlətə tam dəstək göstərirlər, bu dəstəyi biz daim hiss edirik. Azərbaycan vətəndaşı Azərbaycan Ordusunun yanındadır".

***

Həmin gün Prezident İlham Əliyev Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətin elan edilməsi haqqında Fərman imzalayıb.

***

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edərək Ermənistanın hərbi təxribatı nəticəsində azərbaycanlı mülki şəxslərin və hərbi qulluqçuların həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib. Rəcəb Tayyib Ərdoğan Türkiyənin hər zaman olduğu kimi, Azərbaycanın yanında olduğunu vurğulayıb.

28 sentyabr 2020-ci il

BMT-nin Baş katibi Antonio Quterreşin təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə videokonfrans keçirilib. Dövlətimizin başçısı məlumat verib ki, sentyabrın 27-də Ermənistan ordusu Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xətti boyu yerləşən yaşayış məntəqələrini ağır artilleriya atəşinə tutub, nəticədə mülki şəxslər və hərbi qulluqçular həlak olub. Ermənistan rəhbərliyi danışıqlar prosesini qəsdən pozur. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında nizamlanmalıdır.

***

Həmin gün Azərbaycan Respublikası Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda deyilir: "Azərbaycan Ordusunun bölmələri əks-hücum əməliyyatını davam etdirərək Talış kəndi ətrafındakı bir neçə yüksəkliyi azad edib. Ermənistan artilleriyası Tərtər şəhərini və Yuxarı Ağcakənd və Qaramusalı yaşayış məntəqələrini atəşə tutub.

***

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qismən səfərbərlik haqqında sərəncam imzalayıb. Azərbaycanın bəzi rayonlarında komendant saatı tətbiq edilib.

(davamı növbəti saylarımızda)