Qüdrətli Azərbaycan yeni yüksəliş mərhələsində
Siyasət

Qüdrətli Azərbaycan yeni yüksəliş mərhələsində

İkinci Qarabağ müharibəsinin tarixi Zəfərlə başa çatmasından təxminən 11 ay ötür.Həmin müddət ərzində müharibənin yaralarının sağaldılması, azad olunmuş ərazilərin bərpası və abadlaşdırılması, müharibədə şəhid və qazi olmuş şəxslərə, onların ailələrinə xüsusi diqqət yetirilməsi, dövlət başçısı cənab İlham Əliyevin göstərişi ilə bu ailələrin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə zəruri işlər böyük templərlə həyata keçirilir.Azərbaycan dövləti Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi altında İkinci Qarabağ müharibəsində reallaşdırdığı çox uğurlu əks-hücum əməliyyatları sayəsində 30 ildən artıq işğal altında qalmış əraziləri azad etdi.Ancaq qalibiyyət təkcə döyüş meydanında deyil, həm də diplomatik-siyasi müstəvidə də əldə olundu.

Bu günlərdə Azərbaycan Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.Həmin mərasimdə şəhid ailələrinə, müharibə əlillərinə və Vətən Müharibəsi Qəhrəmanlarına 300 mənzil, həmçinin müharibə əlillərinə 50 avtomobil təqdim olunub. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinə, bu haqq savaşımızda tarixi Zəfər əldə etmiş qüdrətli Azərbaycan Ordusunun hərbçilərinə, qazilərinə daim xüsusi diqqət və qayğı göstərir. Belə vətəndaşlarımızın sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

Avqustun 25-də Prezident İlham Əliyevin “Vətən Müharibəsi Qəhrəmanları və onların ailə üzvlərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu prosesin ardıcıl xarakter aldığını göstərir və bu kateqoriyadan olan vətəndaşların mənzil problemlərinin həllində müstəsna rol oynayır.

Vurğulamaq lazımdır ki, 1997-2021-ci illərdə şəhid ailələrinin üzvlərinə 10 min 500 mənzil və fərdi ev təqdim olunub. Prezident İlham Əliyevin bu ilin yanvarında imzaladığı müvafiq Sərəncamla bu sahədə yeni proqramlar təsdiq edilib. 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Təkcə keçən il 1572 mənzil verilib, bu il 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulur və beləliklə, növbədə duran vətəndaşların problemi öz həllini tapacaq.

Müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən daha biri onların minik avtomobilləri ilə təmin olunmasıdır.İndiyədək 7200 müharibə əlili avtomobillə təmin olunub.Cari ildə isə, ümumilikdə, 160-dan çox avtomobilin verilməsi nəzərdə tutulub.

Ölkə rəhbərliyinin qərarı ilə müharibədə əlil olan şəxslər, şəhidlərin ailə üzvləri ilə işləyəcək xüsusi fond - YAŞAT fondu yaradılıb.Fond müharibədə yaralananların, şəhid ailələrinin kredit borclarının bağlanmasından, evlərinin təmirindən tutmuş, yaralıların qardaş Türkiyədə müalicəsinin təşkilinə qədər çoxsaylı istiqamətlərdə fəaliyyət göstərir.Prezident həmçinin şəhid ailələrinə, müharibə əlillərinə verilən müavinətləri də artırıb.

Diqqət yetirsək aydın şəkildə görə bilərik ki, Vətən müharibəsindən qalib ayrılaraq öz torpaqlarını Ermənistan işğalından azad etmiş Azərbaycan dövləti işğalın və müharibənin ölkə iqtisadiyyatına, biznesə, sadə vətəndaşlara vurduğu zərərləri aradan qaldırmaq üçün nəhəng bir prosesin başladılması ilə yanaşı, dövlət başçısı cənab İlham Əliyevin birbaşa rəhbərliyi və nəzarəti altında bu prosesi daha yüksək templərlə və məqsədyönlü şəkildə həyata keçirmək məqsədilə onu bir neçə mühüm istiqamətdə reallaşdırılmasına qərar verib.

Bu istiqamətlər arasında birinci növbədə məhz zərərçəkən vətəndaşlara, rəşadətli ordumuzun qəhrəman hərbçilərinə, həyatını Vətən naminə qurban vermiş müqəddəs şəhidlərimizin ailə üzvlərinə, sağlamlığını itirmiş qazilərimizə dövlət qayğısının təşkili yer alır.

Avqustun 26-da Abşeron rayonunda şəhid ailələri, müharibə əlilləri və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışı zamanı Prezident İlham Əliyev bu məsələyə nə qədər önəm verdiyini bir daha bəyan edib: “Bu gün Birinci və İkinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək, daim qəlbimizdə saxlamaq üçün böyük işlər görülür və görülməlidir. Şəhid ailələrini, Qarabağ qazilərini evlərlə təmin etmək bizim siyasətimizin əsas istiqamətlərindən biri idi, bu gün də bu, belədir. Ancaq bununla yanaşı, əlbəttə ki, bu proses müəyyən müddət davam etdiriləcək. Çünki yaxın gələcəkdə bu problem tamamilə aradan qaldırılacaq.Bu günə qədər dövlət siyasəti olaraq şəhid ailələri, müharibə əlilləri üçün çox böyük işlər görülmüşdür. ...Onu da bildirməliyəm ki, dünən imzaladığım Sərəncam əsasında İkinci Qarabağ müharibəsində qəhrəmanlıq göstərmiş və qəhrəman adına layiq görülmüş şəxslər də mənzillərlə təmin ediləcək, müvafiq Sərəncam imzalanıbdır. Vətən Müharibəsi Qəhrəmanı adını alan bütün şəxslər mənzillərlə təmin ediləcək. Ölümündən sonra bu ada layiq görülmüş şəhidlərin ailələri də bu mənzillərə sahib olacaqlar.Eyni zamanda, müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilibdir.Orta hesabla hər insana 2 ödəniş edilib.Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir.Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər.Bu da siyasətimizin tərkib hissəsidir.Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik.İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik”.

Azərbaycan dövləti müharibədən zərərçəkənlərə, qazilərə, şəhid ailələrinə qayğı ilə yanaşı Ermənistanın viran qoyduğu rayonlarımızın bərpası istiqamətində də çox nəhəng işlərə start verib.Bu işlər ərazilərin minalardan təmizlənməsindən tutmuş, avtomobil yollarının çəkilməsi, elektrik, su təchizatının bərpa edilməsi, hava limanlarının tikilməsi kimi çoxsahəli istiqamətlər üzrə aparılır.

Müharibədən dərhal sonra başladılan böyük yol layihələrinin sayı 10-a yaxındır.Bunların arasında olan Əhmədbəyli-Füzuli-Şuşa yolunun təməli bu ilin yanvarında qoyulub.Layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84.6 kilometr təşkil edəcək.

Azad olunmuş ərazilərdəki ən mühüm yol layihəsi, sözsüz ki, Füzuli rayonundan Şuşa şəhərinə çəkilən “Zəfər yolu”dur. Uzunluğu 101 kilometr təşkil edən “Zəfər yolu” 2 hərəkət zolaqlı olmaqla ikinci texniki dərəcəyə uyğun inşa edilir. Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürməklə “Zəfər yolu” Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanır.

İşğaldan azad edilmiş ərazilərdə icra

olunan yol infrastrukturu layihələrindən biri də Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80.7 kilometr təşkil edir.Yolun Murovdağ silsiləsindən keçən hissəsi demək olar ki, bütünlüklə dağların altından çəkiləcək tunellərdən ibarət olacaq.

Azad olunan bölgələrdə sürətlə icra olunan daha bir yol layihəsi Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoludur.Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolunun Cəbrayıl rayonu Şükürbəyli kəndindən keçən hissəsindən götürməklə Xocavənd rayonunun Hadrut qəsəbəsinə qədər uzanır.Tikintisi aparılan yolun uzunluğu 39.7 kilometrdir.Yol Qarabağın inkişaf planı nəzərə alınmaqla 4 hərəkət zolaqlı olmaqla İ texniki dərəcəyə uyğun inşa edilir.

Aprel ayından etibarən Azərbaycanın azad olunmuş ərazilərində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisinə də başlanıb.Avtomobil yolunun uzunluğu 124 kilometrdir.Yol 6 və 4 hərəkət zolaqlı olmaqla İ texniki dərəcəyə uyğun inşa edilir.

Azərbaycan hökuməti Bərdə şəhərindən Ağdama qədər dəmiryolu xəttinin bərpasına yanvar ayından başlayıb.Bu yolla yanaşı, yeni avtomobil yolunun da tikintisinə başlanıb. Yolun uzunluğu 44,5 kilometr təşkil edəcək. Yol 4 hərəkət zolaqlı olmaqla İ texniki dərəcəyə uyğun inşa edilir.Digər bir layihə Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun tikintisidir.Bu yolun uzunluğu 66 kilometr təşkil edəcək.

Nəhayət, Azərbaycan azad olunmuş ərazilərdə 3 müasir səviyyəli hava limanının tikintisinə başlayıb: Füzuli, Zəngilan, Laçın. Artıq Füzuli Hava Limanına ilk təyyarənin enişi təmin edilib.

Prezident İlham Əliyevin verdiyi məlumatdan aydın olur ki, bütün bu işlərin hamısı bilavasitə Azərbaycan dövlətinin öz hesabına maliyyələşdirilir: “Təbii ki, bütün bunlar böyük vəsait tələb edir və bütün bu işləri Azərbaycan öz vəsaiti hesabına edir, heç kimə möhtac deyil, heç kimdən yardım istəmir, öz hesabına edir və edəcək. O cümlədən, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur. Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edir və birinci il - 2021-ci il üçün proqram icra olunur. ...Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik.Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəmiz buna əyani sübutdur”.

Prezident xüsusi olaraq Vətən müharibəsi nəticəsində əldə olunan uğurları dilə gətirib.Bildirib ki, bu gün Azərbaycan istər Qarabağ bölgəsində, istərsə də Azərbaycan-Ermənistan sərhədində hakim strateji nöqtələrin hamısına nəzarət edir.

Azərbaycan dövləti tarixi qələbənin əldə olunmasında iştirak edən hər bir şəxsin həyatına xüsusi önəm verir. Dövlət başçısının verdiyi məlumatdan bir daha aydın olur ki, 44 günlük müharibə dövründə hərbi əməliyyatların planlanması zamanı insan amili ən əsas yerdə olub: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, həm rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər.Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir.Azərbaycan Ordusu əməliyyatları planlaşdıranda, ilk növbədə, mümkün olan itkilər haqqında düşünülmüşdür və müqayisə apardıqda Azərbaycan məhz buna görə az itki vermişdir”.

Torpaqlarımız işğal altında olarkən bütün Azərbaycan xalqının əsas arzusu Vətənimizin yağı tapdağından azad edilməsi idi.Bu gün biz artıq bu arzuya çatmışıq.

Emin QASIMOV,

“Respublika”.