Qürur və minnətdarlıqla anılanlar
Region

Qürur və minnətdarlıqla anılanlar

Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının dövlət sərhəddində törətdiyi təxribat nəticəsində baş verən döyüşlər zamanı ölkəmizin ərazi bütövlüyü və müdafiəsi uğrunda qəhrəmancasına döyüşərək şəhid olan Azərbaycan Ordusunun əsgəri, Şirvan şəhər sakini Elçin Ramil oğlu Əliyevin izdihamla son mənzilə yola salınmasından 7 gün keçir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Heydər Əliyev Fondunun əməkdaşları Asif Hacıyev, İlkin Əzizov, şəhər icra hakimiyyətinin məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları Şirvan şəhər Şəhidlər Xiyabanında Elçinin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad etdilər.

Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov şəhidin məzarı önündə çıxış edərək ailəsinə başsağlığı verib və belə vətənpərvər, mərd, şücaətli oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirdi. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandanımızın "Dəmir yumruğu"nda birləşən hərbçilərimizin döyüş meydanında göstərdiyi şücaətdən danışaraq bu gün hər bir azərbaycanlının Ali Baş Komandanla, Vətən uğrunda canından keçən qəhrəman oğullarımızla, əsgər və zabitlərimizlə qürur duyduğunu söylədi.

Dövlət başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident, Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə iştirakçılarına xüsusi həssaslıqla yanaşdığını, ölkəmizdə Vətən uğrunda döyüşənlərə ən yüksək dəyər verildiyini bildirdi.

Şirvan şəhərində şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq Şəhidlər Xiyabanında geniş abadlıq-bərpa işlərinin aparıldığını, şəhid analarının şərəfinə "Şəhid anası" memorial abidə-kompleksinin ucaldıldığını vurğuladı.

 Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Elçin də daim qəlblərdə yaşayacaq və onun əziz xatirəsi hər zaman yad ediləcəkdir. İcra başçısı Şirvan şəhərinin Vətən müharibəsində birinci şəhidi Asif Qəribovla sonuncu şəhidi Elçin Əliyevin yaxın dost olduğunu, bu dostluğun rəmzi olaraq Asiflə başlayan şəhadət yolçuluğunun Elçinlə başa çatmasını, Elçinin şəhidliyindən keçən yeddi gündə həm qürur,həm də iztirab dolu anlar yaşandığını,bir daha anaların gözüyaşlı qalmamasını və Elçinin Şirvanın qəhrəmanlıq tarixində sonuncu şəhid olaraq qalmasını arzuladı.

Tofiq HÜSEYN,

"Respublika".