Qürurla anırıq: Eldar Tağızadə
Sosial həyat

Qürurla anırıq: Eldar Tağızadə

Birinci Qarabağ savaşında hər qarış torpaq uğrunda ölüm-dirim mübarizəsi gedəndə Vətənin cəsur oğullarından olan Eldar Tağızadə erməni vandallarına qarşı mərdliklə vuruşmuş, torpaqlarımızın azadllığı uğrunda canından keçmişdir.

Şərəfli döyüş yolu keçən Eldar Abdulla oğlu Tağızadə 6 sentyabr 1963-cü ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. O, 1970-80-ci illərdə paytaxtın Nəsimi rayonundakı 164 saylı orta məktəbdə oxumuş, dərslərindən əla qiymətlər almış, fənn olimpiadalarının qalibi olmuşdur.

Eldar məktəb kitabxanası ilə sıx əlaqə saxlayır, Azərbaycan və dünya yazarlarının şeir, povest, hekayə və romanlarını böyük həvəslə oxuyur, elmi biliklərə dərindən yiyələnirdi.

Eldar orta təhsilini başa vurduqdan sonra sənədlərini Bakı Dövlət Universitetinə vermiş və müvəffəq qiymətlərlə biologiya fakültəsinə daxil olmuşdur. Ali təhsil müddətində professor və müəllim heyətinin hörmətini qazanan Eldar 1985-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirmişdir.

Eldar polis orqanlarında çalışmaq, ictimai asayişin keşiyində durmaq arzusu ilə yaşayırdı. O, hələ Milli Elmlər Akademiyasının Botanika İnstitutunda çalışarkən DİN-in Səbail rayon cinayət-axtarış şöbəsi ilə əməkdaşlıq edirdi. Nəhayət, 1988-ci ildə o, daxili işlər orqanlarında işə qəbul olundu. 1989-cu ildə Sverdlovsk şəhərində cinayət axtarışı üzrə ali ixtisasartırma kursu keçdi. Baş leytenant E.Tağızadə DİN-də Səbail rayon üzrə əməliyyat müvəkkili vəzifəsinə təyin olundu. Sonra DİN-in millətlərarası münasibətlər şöbəsində daha məsul vəzifəyə irəli çəkildi.

Erməni daşnakları get-gedə azğınlaşır, ərazilərimizə güllə yağışı yağdırır, hər vasitə ilə öz mənfur niyyətlərini həyata keçirməyə çalışırdılar. Eldar Vətənin ağır günündə tez-tez polis əməkdaşları ilə birlikdə döyüş bölgələrinə ezam olunur, faşist xislətli quldurlara qarşı igidliklə vuruşur, əsir düşmüş əsgərlərimizin azad edilməsində, girovların dəyişdirilməsində yaxından iştirak edirdi. Hətta Eldar sıldırım qayalıqda gecə qaranlığında erməniləri tərk-silah edərək komandanlığa gətirmiş, onlardan çox mühüm sənədlər götürülmüşdür. Vəzifəsinin öhdəsindən layiqincə gəldiyinə görə 1991-ci ildə Eldar Tağızadəyə kapitan rütbəsi verilmişdir.

Çox keçmədən bacarıqlı zabit DİN-in Terrorizmə və Banditizmə qarşı Mübarizə İdarəsində rəis müavini təyin edildi. 3 iyun 1992-ci ildə E.Tağızadə yenidən Qarabağa ezam olundu. O, "Şaka" ləqəbli təhlükəli qatili və onun dəstəsini zərərsizləşdirmək üçün əməliyyata rəhbərlik edirdi. Eldar öz dəstəsi ilə "Şaka"nın gizləndiyi evi müəyyən edərək mühasirəyə aldı. Qatili zərərsizləşdirərkən cəsur kapitan qəhrəmancasına həlak oldu. O, Bakıdakı Şəhidlər xiyabanında dəfn olundu.

Azərbaycan Respublikası Prezidentinin 3 sentyabr 1992-ci il tarixli Fərmanı ilə Tağızadə Eldar Abdulla oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilmişdir.

Təhsil aldığı 164 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Bakı şəhərindəki küçələrdən birinə Eldar Tağızadənin adı verilmişdir.

Şəhid olmaq, igidlik zirvəsinə yüksəlmək hünər, qeyrət işidir. Vətənin dar günündə sinəsini nankor gülləsinə sipər edən Eldar Tağızadə kimi.

Qədir ASLAN,

"Respublika".