Qürurla anırıq: Rəşad Abdullayev
Sosial həyat

Qürurla anırıq: Rəşad Abdullayev

Vətən Müharibəsi Qəhrəmanı Rəşad Arif oğlu Abdullayev 1988-ci il sentyabrın 14-də Cəlilabad rayonunun Göytəpə qəsəbəsində anadan olmuşdur. 1995-2003-cü illərdə Cəlilabad rayon Milli Qəhrəman Vüqar Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbində oxuyan R.Abdullayev 2003-2006-cı illərdə təhsilini Cəmşid Naxçıvanski adına Hərbi Liseydə davam etdirib. 2006-cı ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olaraq 2010-cu ildə həmin məktəbi "Motoatıcı" ixtisası üzrə bitirib. Məktəbi bitirdikdən sonra 2010-cu ildə Rəşada leytenant hərbi rütbəsi verilir.

Rəşad daha sonra Təlim və Tədris Mərkəzinin zabit ixtisası kursuna dinləyici olaraq göndərilib. Burada təhsilini tamamladıqdan sonra 24 iyun 2010-cu ildən 12 dekabr 2011-ci ilədək Silahlı Qüvvələrin "N" saylı hərbi hissəsində Motoatıcı Taborun Tankəleyhinə Taqım komandiri vəzifəsində xidmət edib. Elə bu ildə XTQ kursu keçmək üçün "N" saylı hərbi hissəyə ezam olunur. Kursu bitirdikdən sonra isə "N" saylı hərbi hissədə Xüsusi Təyinatlı Qrupun komandir müavini vəzifəsinə təyin olunub.

 Çox sayda xüsusi əməliyyatlarda iştirak etmiş Rəşad Abdullayev hər bir tapşırığın öhdəsindən layiqincə gələrək çox böyük nailiyyətlər əldə edib. Rəşad 2016-cı ilin Aprel döyüşlərində xüsusi şücaət göstərib və xeyli düşməni məhv edib. 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə cəbhənin Tərtər və Cəbrayıl-Füzuli istiqamətlərində başlayan, tarixə Aprel döyüşləri adı ilə yazılan Azərbaycan Ordusunun əks-hücum əməliyyatında baş leytenant Rəşad Abdullayev "keçilməz Ohanyan səddi"nin darmadağın olunmasında yüksək döyüş bacarığı nümayiş etdirir. İşğaldan azad olunmuş yüksəkliklərə üçrəngli Azərbaycan bayrağını sancan oğullardan biri olur. Aprel döyüşlərindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 iyun 2016-cı il tarixli Sərəncamına əsasən, xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə baş leytenant Rəşad Abdullayev "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilir.

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələrinin "Dəmir yumruq" hərbi əməliyyatlarının başlamasından sonra Murov zirvəsinin işğaldan azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar Vətən müharibəsi zamanı baş verən ən şiddətli və strateji baxımdan ən önəmli əsas döyüşlərdən biri olub. 2020-ci il sentyabrın 29-da Kəlbəcərin azad edilməsi əməliyyatında öndə gedib sinəsini sipər edərək 34 düşmən postunu almaqda iştirak edib, üzbəüz ermənilərlə döyüşərək sinəsindən və qarın boşluğundan 2 güllə yarası almağına baxmayaraq, 20 saat yaralı qalıb, amma vəzifəsini şərəflə yerinə yetirib. 35-ci postun alınmasının planını cızıb, ayağa qalxıb və yol göstərib.

Rəşad 2020-ci il sentyabrın 29-da Murovdağ döyüşlərində qəhrəmancasına şəhid olub. Oktyabrın 2-də doğulduğu doğma yurdda - Göytəpə şəhər qəbiristanlığında dəfn olunur. Qəhrəmanın iki övladı Rüqəyya və Məmmədağa Vətənə əmanətdir.

Ölümündən sonra Prezident İlham Əliyevin 9 dekabr tarixli sərəncamına əsasən, "Vətən Müharibəsi Qəhrəmanı" adına layiq görülüb. Həmçinin, "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə də təltif edilib.

Anası Sevil xanımın xatirələrindən: "Onun haqqında keçmiş zamanda danışmaq mənim üçün çox çətindir. Rəşad bacarıqlı, savadlı uşaq idi. İdmanla daima məşğul olurdu. Futbol oynamağı sevirdi. Çox erkən yaşlarından maşın sürməyi öyrənmişdi. Balıq tutmaq, ova getmək onun sevimli məşğuliyyətlərindən idi. Babası 1941-1945-ci illərdə faşistlərə qarşı döyüşmüşdü. Rəşad da uşaq vaxtı onun orden və medallarını sinəsinə taxıb şəkil çəkdirərdi. Deyirdi ki, mən də döyüşçü olacağam. Çoxlu oyuncaq silahları vardı. Babası onu həmişə "aslanım" deyə çağırardı. "Aslanımı hərbçi görmək istəyirəm", - deyərdi. Rəşad hərbçi oldu, torpağını, Vətənini sevdi, qorudu. Vuruşdu, şəhid oldu. Qəhrəman adını qazandı. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Şəhid analarına səbirli olmağı arzulayıram".

Şəhid zabitin atası Arif Abdullayev deyir ki, Rəşadın qəhrəmanlığı, igidliyi ilə həmişə fəxr edib, qürurlanıb. "Rəşad sanki döyüş üçün yaranmışdı. O, yalnız hərbçi olmalıydı. Erməni silahlılarına qarşı qəhrəmanlıqla döyüşdü, düşmənin çoxlu sayda canlı qüvvəsini məhv etdi. Rəşad kimi oğullar Vətən üçün doğulur, Vətən üçün canından keçir, şəhid olurlar. Xatirəsinin əbədiləşdirilməsi ilə bağlı çox işlər görülüb. Şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlət başçımıza ailəmiz adından minnətdarlığımızı bildiririk".

Şəhidin həyat yoldaşı Gülnar Abdullayeva Rəşad haqqında xatirələrini bölüşərək deyir: "Rəşadla 2013-cü ildə ailə qurmuşuq. O zaman onun xüsusi təyinatlı qüvvələrin hərbçisi olduğunu bilmirdim. Bunu 2016-cı il Aprel döyüşləri zamanı öyrəndim. Ailəsinə, sevdiklərinə, Vətəninə çox bağlı biri idi. Oğlumuz Məmmədağanı və qızımız Rüqəyyanı hərbçi və ya hərbi həkim kimi görmək istəyirdi. Deyirdi ki, oğlumuzun 10 yaşı olanda onu özümlə təlimlərə aparacağam ki, bədəni kiçik yaşlarından bərkisin. Oğlumuz atasına bənzəyib, onun kimi heç nədən qorxmur. Rəşadı sentyabrın 26-da yola saldım. Mənə təlimə getdiyini dedi. Lakin evdən çıxarkən "Döyüşə getsəm belə qorxma. Düşmən bizim üçün heç kimdir. Onların başını əzəcəyik. Biz torpaqlarımızın düşmən əsarətindən xilasını gələcək nəsillərə saxlaya bilmərik. Bu gün mən döyüşməsəm, sabah oğlumuz döyüşəcək. Narahat olma, 1 həftəyə sağ-salamat qayıdacağam", - dedi. Son vəsiyyəti isə belə idi: "Mənə nəsə olsa, dik dur. Sənə özümdən çox güvənirəm. Bilirəm ki, mən varmışam kimi yaşayacaqsan. Övladlarımıza atasızlığı hiss etdirmə. Onlara de ki, atanız sizin üçün hər bir şey edib. Mən olmasam da dövlətimiz sizə sahib çıxacaq. Cismən sizinlə olmasam da, ruhən yanınızda olacağam".

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş Vətən müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının adlarının əbədiləşdirilməsini təmin etmək məqsədilə Cəlilabad rayon 2 saylı tam orta məktəbinə Rəşad Abdullayevin adı verilmişdir. Bakı şəhəri, Qaradağ rayonunda küçələrdən biri onun adını daşıyır.

M.MİRZƏ,

"Respublika".