ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRƏ QAYĞI
Sosial həyat

ŞƏHİD AİLƏLƏRİ VƏ QAZİLƏRƏ QAYĞI

Hər bir dövlət və cəmiyyət üçün hərbi əməliyyatlarda iştirak edən şəxslərin müharibələrdən sonra mövcud durumu, şəhid və qazi ailələrinin sosial-psixoloji vəziyyəti çox önəmlidir. Bu kimi çağırışların öhdəsindən məhz, sözün əsl mənasında, bütün parametrlərinə görə sosial dövlət kriteriyalarına cavab verən və siyasətində əsas amil vətəndaş olan dövlətlər gəlir. Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı yüksək səviyyədədir.

Ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə daim maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Bu baxımdan, Mingəçevirdə də şəhər rəhbərliyi tərəfindən şəhid ailələri, müharibə iştirakçıları, tənha və ahıl qocalar ziyarət olunur, fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət, qayğı göstərilir.

Azərbaycan Ordusunun kiçik çavuşu Tural Orucov 2020-ci il sentyabrın 27-də Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması istiqamətində başlanan Vətən müharibəsi zamanı Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edən Tural Orucov noyabrın 5-də Qubadlı döyüşlərində şəhid olub. Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Tural Orucov ölümündən sonra “Vətən uğrunda” medalı ilə, Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarında şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə ölümündən sonra “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Vətən uğrunda həlak olaraq şəhidlik zirvəsinə yüksəlmiş Orucov Tural Əmir oğlun və qazi Seyfullayev Tural Əli oğlunun fərdi yaşayış evləri ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Mingəçevir Şəhər İcra Hakimiyyəti tərəfindən təmir olunmaqdadır. Təmir işləri yekunlaşdıqdan sonra evlər şəhid və qazinin ailəsinə təhvil veriləcək. Bəli, bu gün uğurla aparılan sosial siyasət kursu və görülən işlər təsdiqləyir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanları qayğı ilə əhatə edəcəkdir.

Zabit XƏLİLOV,

“Respublika”.