Şəhid ailələri və qazilərə qayğı bələdiyyələrin vacib işlərindən biridir
Region

Şəhid ailələri və qazilərə qayğı bələdiyyələrin vacib işlərindən biridir

İlk bələdiyyə seçkilərindən keçən illər ərzində respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülüb. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilib. Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla, seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

İsmayıllı şəhər bələdiyyəsinin sədri Pərviz Ağayev bizimlə söhbətində bildirdi ki, regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər şəhər və rayonlarında olduğu kimi, İsmayıllı rayonunda da son illərdə görülən abadlıq-quruculuq işləri göz qarşısındadır. Onlarla şəhər sakininə müraciətləri əsasında bələdiyyə üzvlərinin ümumi yığıncağının qərarı ilə min manatdan çox maddi yardım edilib. Aztəminatlı ailələrin bayram sovqatı ilə təminatı diqqətdə saxlanılıb. 8 Mart - Beynəlxalq Qadınlar Günündə bələdiyyənin qadın üzvləri və qulluqçularına, şəhərin təqaüddə olan qadın müəllimlərinə hədiyyələrin verilməsi də ənənə halını alıb. Bu işdə, yəni müəyyən olunmuş hədiyyələrin ünvanlara çatdırılmasında bələdiyyəyə könüllülük əsasında fəallıq göstərən rayon gəncləri yaxından köməklik edib.

 "Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin İsmayıllı rayon filialının hesabına köməklik məqsədilə müəyyən qədər vəsait köçürülüb. Şəhərdə şəhid adı verilmiş küçələrdə şəhidlərin barelyefinin yerləşdirilməsi üçün inşa olunan divarlar üzlük daşla işlənilmiş, ərazi işıqlandırılmış və ətraf abadlaşdırılıb.

Birinci dərəcəli əlilə dövlət tərəfindən verilmiş evə əlil arabasından rahat istifadə üçün pandus quraşdırılıb. Ümumiyyətlə, şəhid və qazi ailələrinin gündəlik qayğıları bələdiyyənin vacib işlərindən birinə çevrilib.

2015-ci ildən bələdiyyədə "Elektron Azərbaycan" Dövlət Proqramı çərçivəsində "Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi" proqramının tətbiqinə başlanılıb. Bu dövrdə şəhər ərazisində vətəndaşların mülkiyyətində olan 8 minə yaxın ev həyətyanı sahəsi ilə birlikdə, 2300 hektar əkin, 130 hektar bağ sahəsi, 300-ə yaxın kommersiya təyinatlı vergitutma obyekti yenidən qeydiyyata alınıb. Şəhərin təmiz saxlanması gündəlik fəaliyyət olaraq diqqətdə saxlanılır.

Bələdiyyənin işinə müəyyən mənada köməkliyi dəyən tərəflərdən biri də şəhər ərazisində yaradılmış məhəllə komitələridir. Şəhərin nüfuzlu sakinləri hesabına yaradılan 15 ictimai qurumda aparılan maarifləndirmə işləri şəhərin təmiz saxlanmasına, vergilərin ödənilməsi məsələsində diqqətəçarpan nəticə verir.

Rayonda son bir neçə ildə beynəlxalq əlaqələrin qurulması və inkişafında da xeyli iş görülüb. Belə ki, İsmayıllı rayonunun qardaşlaşdığı 7 ölkə şəhərlərinin hər birində bələdiyyələrlə qurulmuş əlaqələr nəticəsində beynəlxalq təcrübənin əməli işdə tətbiqi yeni nailiyyətlərə yol açır.

M.NƏRİMANOĞLU,

"Respublika".