Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhid ailələrinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Ölkə rəhbərinin siyasətinin əsasını təşkil edən vətəndaş amili Beyləqan rayonunda da daim diqqət mərkəzində saxlanılır.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və aparatın nümayəndələri şəhid ailələrini müntəzəm ziyarət edir, problemləri ilə yaxından maraqlanır. Bu günlərdə torpaqlarımızın bütövlüyü uğrunda canından keçərək tarixə şərəfli imzasını atan şəhidlərimizdən biri olan Anar Tağıyevin doğum günü qeyd olundu. O, 14 oktyabr 1996-cı ildə Beyləqan rayonunun Kəbirli kəndində anadan olmuşdur. Hərbçi olmağı, vətənə, xalqa xidmət etməyi özünə şərəf bilən Anar Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
O, 2020-ci il sentyabrın 27-də başlayan, işğal altında olan ərazilərin azad edilməsi uğrunda Vətən müharibəsində savaşmış və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə əsl qəhrəmanlıq nümunəsinə çevrilmişdi.
Anar Tağıyev döyüşlərdə yaralanmasına baxmayaraq, döyüş bölgəsinə geri dönərək vətənə olan borcunu yerinə yetirmiş və mübarizəsini sonadək davam etmişdir. Bu da Azərbaycan əsgərinin vətən sevgisinin nə dərəcədə güclü olduğunun, onun mərd və dönməzliyinin növbəti sübutu idi.
Ən ağır döyüşlərdə ön sıralarda savaşan qəhrəmanımızın son döyüş günü 1 oktyabr oldu. Anar Füzuli döyüşləri zamanı şəhid oldu və əbədiyyətə qovuşdu.
Şəhidimizin doğum günü münasibətilə Beyləqan Rayon İcra Hakimiyyəti başçısı Asif Ağayev, aparatın məsul nümayəndələri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon, idarə və müəssisə rəhbərləri, ictimaiyyət nümayəndələri Anarın və digər şəhidlərin məzarını ziyarət edib, önünə gül dəstələri düzdülər.
Rayon icra hakimiyyəti başçısı Asif Ağayev şəhidin ailə üzvləri ilə söhbət edib, problemləri ilə maraqlanıb, müvafiq tapşırıqlarını verdi.
Daha sonra şəhidin xatirəsinə həsr olunmuş məclisdə onun xatirələrindən, şərəfli döyüş yolundan, vətənə, dövlətə, xalqa sevgisindən söz açıldı.
Ərəstun ABDULOV,
“Respublika”.