Şəhidin adını yaşadan bulaq     
Region

Şəhidin adını yaşadan bulaq     

Vətən  üçün  doğulmaq,  vətən  üçün  yaşamaq   vətən   üçün  ölmək  şərəfdir.  Belə  insanların  həyatda  tək  bir  amalı, məqsədi var--Vətən,  torpaq!  Belə  vətən  fədailərindən  biri  də  öz  qəhrəmanlığı,  yüksəldiyi  şəhidlik  zirvəsi  ilə  ürəkləri  fəth  eləmiş,  torpaqlarımızın  bütövlüyü  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına  şəhid  olan   İmişli  rayonunun  Çahar  kəndində  doğulub  boya-başa  çatmış Səfərli Amil  Nizami  oğludur.

Şəhidin xatirəsini əbədiləşdirmək  məqsədilə  abidə-bulaq  kompleksinin  açılışı oldu. Mərasimdə  İmişli  Rayon  İcra  Hakimiyyətinin  məsul  əməkdaşları,  ictimaiyyət  nümayəndələri, məktəblilər,  kənd  sakinləri  və şəhidin  yaxınları  iştirak  etdilər.  

Amil  Səfərli Vətən  müharibəsində noyabrın  5-də  Cəbrayılın  və  Qubadlının  azadlığı uğrunda  gedən  döyüşlərdə qəhrəmancasına  şəhid  olub.

Azərbaycan Prezidenti İlham  Əliyevin  müvafiq sərəncamlarına əsasən vətənimizin ərazi bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısına  qoyulmuş   tapşırıqların  icrası zamanı  vəzifə  borcunu  şərəflə yerinə  yetirdiyinə,   şəxsi  igidlik və şücaət  nümayiş  etdirdiyinə  görə  Səfərli  Amil  Nizami  oğlu   ölümündən  sonra "Qubadlının  azad  olunmasına  görə", "Cəbrayılın  azad  olunmasına görə"  və  "Vətən  uğrunda"  medalları  ilə  təltif  edilib.

Çıxış  edənlər Amil  və  onun  kimi oğullarımızın  xatirələrinin  heç  bir  zaman  unudulmayacağını  bildirdilər. Qeyd  olundu ki, Prezident  cənab İlham  Əliyev və Birinci  vitse-prezident  Mehriban  xanım  Əliyeva  şəhid  ailələrinin,  qazilərin, müharibə  iştirakçılarının qayğılarını daim diqqət  mərkəzində  saxlayır. Şəhidlərimizin, igid döyüşçülərimizin   göstərdikləri  şücaətlər  qiymətləndirilir,  orden  və  medallarla  təltif olunurlar.  Tədbirdə   məktəblilər   vətənpərvərlik  mövzusunda  şeirlər  söylədilər.

Ərəstun ABDULOV,

“Respublika”.