SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ ÜFÜQLƏRİ
Digər xəbərlər

SOSİAL-İQTİSADİ İNKİŞAFIN YENİ ÜFÜQLƏRİ

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının ardıcıl, uğurlu icrası nəticəsində respublikamızın şəhər, qəsəbə və kəndlərinin siması xeyli dəyişmiş, yeniləşmişdir. Bölgələrdə yeni infrastruktur formalaşmış, biznes və investisiya mühiti yaxşılaşmış, əhalinin rifah halı yüksəlmişdir.

Möhtərəm Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü islahatlar və irimiqyaslı layihələr ölkəmizin iqtisadi və hərbi qüdrətini daha da gücləndirmiş, 44 günlük Vətən müharibəsində möhtəşəm qələbənin qazanılmasına əsaslı zəmin yaratmışdır.

Dövlətimizin başçısı cənab İlham Əliyevin 7 iyul 2021-ci il tarixli “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanı ölkəmizdə islahatların davamlı şəkildə aparılmasına, sosial-iqtisadi inkişafın sürətləndirilməsinə yönəldilən çox mühüm bir addımdır.

Cənab Prezidentin imzaladığı fərman Azərbaycanın yeni tarixində böyük əhəmiyyər kəsb edir. Son 30 ildə respublikamızın iqtisadi rayonlarının tətbiq olunan bölgüsü dəyişdirilib. İqtisadi rayonların sayı artırılaraq 10-dan 14-ə çatdırılıb. Nəticədə iqtisadiyyat üç dəfə böyüyüb. Bakı ayrıca iqtisadi rayon kimi qəbul edilib. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yeni bölgüyə daxil edilməsi hər birimizi hədsiz dərəcədə sevindirir.

Keçmiş sovet dönəmində - 1923-cü il iyul ayının 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. Təxminən bir əsr sonra cənab Prezidentimizin fərmanı ilə tarixi ədalət bərpa olunub. Qarabağ iqtisadi rayonu yaradılmaqla Dağlıq Qarabağ termini və ermənilərin haray-həşir saldıqları status məsələsi birdəfəlik aradan qaldırılıb. Bu ermənilərə və onların xarici havadarlarına çox tutarlı, sanballı cavabdır.

Xankəndi şəhəri, Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocalı, Xocavənd rayonları ilə yanaşı Ağcabədi və Bərdə rayonlarının Qarabağ iqtisadi rayonununda birləşdirilməsi erməni vəhşiliyi, vandalizmi nəticəsində dağıdılmış rayonların bərpasında, bütövlükdə bölgənin sürətli inkişafının təmin edilməsində mühüm rol oynayacaqdır.

Möhtərəm Prezidentin imzaladığı fərmanda qeyd olunub ki, “Zəngəzur dağ silsiləsi ilə əhatə olunan, Laçın və Kəlbəcərdən Naxçıvana qədər böyük bir ərazini tutan Zəngəzur yaylasının şərq hissəsində, Ermənistanla sərhəddə yerləşmiş və eyni coğrafi məkanda, tarixən birlikdə, habelə uzun illər 1861-ci ildə yaradılmış Zəngəzur qəzasının tərkibində olmaları və ənənəvi sosial-iqtisadi, tarixi-mədəni bağlılıqları Zəngilan, Qubadlı, Cəbrayıl, Laçın və Kəlbəcər rayonlarının vahid iqtisadi rayonda birləşdirilməsini zəruri edir.”

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması və Zəngəzur toponiminin işlədilməsi Azərbaycanın bir parçası olan ulu diyarın mövcudluğunu bir daha diqqətə çatdırır.

Zəngəzur qədim tarixə, zəngin mədəni irsə, əsrarəngiz təbiətə malikdir. Ermənilər 30 il ərzində Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonunun yeraltı və yerüstü sərvətlərini talan edərək Ermənistana daşıyıblar. Laşın, Qubadlı, Cəbrayıl, Kəlbəcər və digər rayonların meşə fondu, min hektarlarla üzüm və meyvə bağları dağıdılıb, yerli əhalinin əsrlərlə yaşadıqları ata-baba ocaqları, tarixi və mədəni abidələr yerlə-yeksan edilib.

Şərqi Zəngəzur iqtisadi rayonunun yaradılması bölgəyə daxil olan Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarının bərpası, tikinti və quruculuq işlərinin aparılması, yeni infrastruktur sahələrin yaradılması üçün geniş imkanlar açacaqdır.

Bu gün müstəqil Azərbaycan sürətlə inkişaf edən dünyanın sivil ölkələrindən biridir. Pandemiyanın yaratdığı iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq bütün sahələrdə davamlı və dinamik inkişaf təmin olunur. Respublikamızın iqtisadi rayonlarının yeni bölgüsü bütövlükdə ölkəmizin sürətli inkişafına, tərəqqisinə sanballı töhfələr verəcəkdir.

Səfalı PAŞAYEV,

Yeni Azərbaycan Partiyası

Masallı rayon təşkilatının sədr müavini.