Su həyatdır
Region

Su həyatdır

Zaqatala melioratorları və təsərrüfatçıları bu həyatdan necə bəhrələnirlər?

Şimal-Qərb bölgəsinin füsunkar təbiətli ünvanlarından biri də Zaqataladır. Bol sərvətli torpaqları, dağları, meşələri və bir də işgüzar, qayğıkeş insanları var. Zaqatalanın o əvəzolunmaz sərvətlərinin başında duranlardan biri də hamımız üçün və bütövlükdə canlı həyat üçün şərt sayılan sudur. Yaxşı deyiblər ki, su həyatdır, bolluqdur, yaşamağa, yaşatmağa ən etibarlı dəstək olan sərvətdir. Görəsən, Zaqatala melioratorları, təsərrüfatçıları rayon və  ölkənin aqrar sahədəki iqtisadiyyatlarının daha da möhkəmləndirilməsi üçün bu həyatdan -  sudan necə bəhrələnirlər?

Həmsöhbətim rayon suvarma sistemləri idarəsinin rəisi Fikrət Şərifova bu sualı ünvanlayanda öncə - çox yaxşı, həm də əsl təsərrüfatçılıqla - deyə qısa cavab aldım. Bəri başdan xatırladım ki, həm idarə rəisi ilə olan söhbətimizdən, həm də işin gedişi ilə tanış olduğum bəzi yerlərdə gördüyüm ürəkaçan mənzərələrdən də bunu aydınlaşdırdım.

Qeyd edim ki, Zaqatala respublikamızın inkişaf etmiş aqrar rayonlarındandır. Taxılçılıq, bostan- tərəvəzçilik, meyvəçilik rayonun daha uğurlu perspektivi olan kənd təsərrüfatı sahələrindəndir. Zaqatala tütünçüləri, baramaçıları hələ sovetlər birliyi vaxtından yaddaqalan şərəfli səhifələr yazıblar. Keçmişin şöhrətinin qaytarılması üçün rayonda məqsədyönlü tədbirlər həyata keçirilir. Təkcə ötən il Zaqatala tütünçüləri 672 ton quru məhsul əldə etmişlər. Baramaçılar isə 2021-ci ilin raportunu 42.4 tondan çox məhsulla imzalamağa müvəffəq olublar. Rayonun bostan-tərəvəzçiləri də, taxılçıları da yüksək əzmkarlıqla çalışıblar.  Bir sözlə, Zaqatalada iş də çoxdur, işgüzarlığa meyil də. Bunların uğurlu vəhdətidir ki, Zaqatalada məhsul da boldur. Məhsul bolluğu yaradılması yükünün bir ağırlığı da haqqında söhbət açdığımız rayon suvarma sistemləri idarəsi işçilərinin çiyinlərinə düşür. Melioratorların fəaliyyətinin ana xəttini suyun bolluğundan səmərəli istifadə etməklə rayonda ərzaq bolluğu yaradılaraq iqtisadiyyatı daha da möhkəmləndirmək təşkil edir. İdarə rəisi Fikrət Şərifov fəaliyyətlərini aşağıdakı konkret faktlarla şərh etdi:

- Fəaliyyətimizin əsas istiqaməti rayon ərazisində olan suvarılan torpaqların su təminatını həyata keçirmək, meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və bu sahə ilə bağlı digər işlərin yerinə yetirilməsinə nail olmaqdan ibarətdir. Rayonumuzun ərazisində 15562 hektar suvarılan torpaq sahəsi mövcuddur. İl ərzində əkin sahələrini itkisiz suvarma suyu ilə təmin etmək məqsədilə lazım olan texnika və avadanlıqlar ayrılmışdır. Suvarma suyuna nəzarət idarə tərəfindən təhkim olunmuş mühəndis-texnik işçiləri vasitəsilə aparılır. İlin ilk ayında vegetasiya suvarmaya hazırlıqla əlaqədar 65 min kubmetr həcmində kanalların təmizlənmə işləri görülmüşdür. Rayonun ərazisində olan 15562 hektar suvarılan torpaq sahələrində bu aqrotexniki tədbir vaxtında və keyfiyyətlə aparılmışdır. İndiyə kimi əldə edilən bol taxılda, meyvə, tərəvəz- bostan məhsullarında əməyimiz yetərincədir.

Fikrət Şərifov söhbətində bildirdi ki, hər il fevral-mart aylarından başlayaraq çay yataqlarının təmizlənməsi işlərinə başlanılır və bu işlər ilin sonuna kimi davam etdirilir. Rayon ərazisindən axan Katex, Micqar, Bəkməz, Silban, Talaçay, Qaraçay, Muxax çayları yaşayış məntəqələrinə, torpaq sahələrinə, dövlət meşə fonduna, dəmiryol xətlərinə ciddi təhlükə yaradır. Həmin təhlükənin aradan qaldırılması üçün qabaqlayıcı tədbirlər görürük. İdarəmiz tərəfindən rayon ərazisindən axan çaylarda tələb olunan qədər təmizləmə işləri görülmüşdür. İdarəmizin balansında 42 kilometr 660 metr uzunluğunda sahil mühafizə bəndləri var. Rayonumuzun suvarılan torpaq sahələri əsasən Muxaxçay sistemi altındadır. Ona görə də bu çayda sahil mühafizə bəndlərinin tikintisinə, mövcud olanlarının cari və əsaslı təmirinə xüsusi fikir verilir. Digər çaylarımızın, o cümlədən Talaçayın, Katexçayın ərazilərinin əhatəsində olan suvarılan torpaq sahələrinin sel daşqınlarına məruz qalmaması üçün də tədbirlər görülməsi unudulmur. Ötən dövrdə xeyli işlər görülmüşdür. Beton bəndlərdə 500 kubmetr təmir işləri aparılmışdır.

İllərin sınağı və mövcud vəziyyət deməyə əsas verir ki, Zaqatala sel sularının təsirinə ən çox məruz qalan rayonlardandır. İdarə rəisinin söhbətindən, rayonun digər əlaqədar qurumlarından əldə etdiyimiz məlumatlardan öyrəndik ki, bu istiqamətdə bütün daxili imkanlar səfərbər olunur, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyət tərəfindən imkan olan bütün köməkliklər göstərilir. Rayonda suvarma işlərinin yaxşılaşdırılması üçün əhalinin içməli su probleminin həllinə dəstək məqsədilə də xeyli işlər görülüb. İndi rayonda 233 artezian mövcuddur. Onların 97-i artezian, qalanları subarteziandır. İyun ayında rayonun 7 kəndində bu yenilənib.

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti tərəfindən son vaxtlar həyata keçirilən məqsədyönlü tədbirlərə uyğun olaraq fəaliyyətindən söhbət açdığımız Zaqatala Suvarma Sistemləri İdarəsinin işində də yaxşılığa doğru xeyli canlanma var və bütün bunlar ümumilikdə respublikamızda iqtisadiyyatın daha da möhkəmləndirilməsində həlledici əhəmiyyət daşıyır.

 

Rasim AMANOV,

 “Respublika”.