Surra kəndində şəhid ailələri ilə görüş
Region

Surra kəndində şəhid ailələri ilə görüş

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq Surra kəndində keçirilən səyyar qəbuldan sonra Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və RİH başçısı aparatının məsul işçilərinin iştirakı ilə Surra kəndinə yaxın ərazilərdə yaşayan bir qrup şəhid ailələri ilə görüşüb, onların problemləri və qayğıları ilə maraqlandı.

Görüşdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov dedi ki, hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq. Şəhidlərimizin, ümumilikdə hərbçilərimizin və Ali Baş Komandan, Müzəffər Prezident İlham Əliyevin düzgün qərarları, iradəsi sayəsində Azərbaycan torpaqları işğaldan azad olundu. Xalqımız bir yumruq kimi birləşərək əsl həmrəylik, mübarizlik göstərdi, cənab Prezidentin ətrafında sıx birləşib  ordumuzun qüdrəti, döyüş ruhu, əzmi, Azərbaycan əsgərinin gücü sayəsində ərazilərimiz erməni işğalçılarından birdəfəlik təmizləndi. Bu böyük qələbənin əldə olunmasında Azərbaycan oğulları canlarından keçdilər. Şəhidlərimizə allahdan rəhmət, qazilərimizə isə şəfa diləyən S.Cabbarov ölkəmizdə dövlət səviyyəsində şəhid ailələrinə və ümumilikdə müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan danışdı.

Şəhid ailələrinin üzvləri igidlərimizin Azərbaycanın azadlığı uğrunda döyüşdüyünü və öz müqəddəs borclarını şərəflə yerinə yetirdiklərini qeyd etdilər. Onlar ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.

Rayon rəhbəri şəhid ailələrinin müraciətləri ilə maraqlandı. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapdı, digər məsələlərlə bağlı aidiyyəti üzrə tapşırıqlar verildi.

Tofiq HÜSEYN,

 “Respublika”.