Tanınmış blogerlər Formula 1 Azərbaycan Qran-Prisi və paytaxt Bakı barədə paylaşımlar ediblər
Sosial həyat

Tanınmış blogerlər Formula 1 Azərbaycan Qran-Prisi və paytaxt Bakı barədə paylaşımlar ediblər

Formula 1 Azərbaycan Qran-Prisinə baxmaq üçün dünyanın müxtəlif ölkələrindən gələn tanınmış blogerlər sosial şəbəkələrdəki səhifələrində paytaxt Bakı və Qran-Pri ilə bağlı maraqlı paylaşımlar edirlər.

AZƏRTAC xəbər verir ki, blogerlər paylaşımlarında Formula 1 Azərbaycan Qran-Prisinin möhtəşəmliyi ilə yanaşı, Bakının gözəlliyinə, unikal memarlıq üslubuna, xüsusilə qədim İçərişəhərin özünəməxsus və bənzərsiz tarixi irsinə, milli-mədəni irsimizin gözəlliyinə heyranlıqlarını da ifadə edirlər.

İnstaqramda 1,9 milyona yaxın izləyicisi olan bloger Sadaf paylaşımları ilə xüsusi seçilir. Hazırda ABŞ-da yaşayan iranlı bloger yarışın keçirildiyi Bakı şəhər trekindən paylaşımlar edib. Bundan başqa, şəhərin görməli yerlərindən, xüsusən İçərişəhərdən, Şirvanşahlar sarayından, Dənizkənarı Milli Parkdan, burada təşkil olunan konsert proqramından xeyli paylaşımlar edən Sadaf milli xörəklərimizin çox dadlı olduğunu bildirib. Möhtəşəm Heydər Əliyev Mərkəzindən də maraqlı paylaşımlar edən tanınmış bloger buradakı "Mini Azərbaycan" və klassik avtomobil sərgilərinin möhtəşəmliyinə valeh olduğunu bildirib.

Türkiyəli tanınmış aktyor və bloger Anıl Altan instaqramdakı 1,2 milyon izləyicisi olan səhifəsində Bakı şəhər halqasından, İçərişəhərdən və Heydər Əliyev Mərkəzindən maraqlı paylaşımlar edib. O, xüsusilə Heydər Əliyev Mərkəzində sərgilənən qədim milli musiqi alətlərimizin nümayiş etdirildiyi sərgiyə xüsusilə böyük maraq göstərib. Tanınmış bloger 1977-ci ildə kosmosa göndərilən bir peykdə Azərbaycan musiqisinin də səsləndiyini qeyd edib və burada həmin musiqini dinləmək imkanının yaradıldığını bildirib. A.Altan paylaşımlarında Bakının gözəlliyi, xalqımızın milli geyimləri və yarışla bağlı görüntülərə və şərhlərinə də yer verib.

Bakıdan paylaşım edən tanınmış blogerlərdən biri də Ali Darictondur. İnstaqramda yarım milyondan çox izləyicisi olan İran əsilli bloger Qız qalasından Formula 1 Azərbaycan Qran-Prisini izləməsini əks etdirən görüntülər paylaşıb. Onun izləyiciləri paylaşımlara şərhlərində Xəzərin qoynuna sığınan paytaxt Bakının bənzərsiz gözəlliyi, xüsusilə İçərişəhərin ecazkar tarixi irsinə heyranlıqlarını ifadə ediblər.

Rusiyalı bloger Tatyana Kodzayeva da paylaşımlarında Bakının gözəlliyinə heyranlığını bildirib. İnstaqramda bir milyondan çox izləyicisi olan bloger, xüsusilə İçərişəhərə valeh olduğunu ifadə edib. O, bu tarixi məkanın gözəlliklərini, ensiz küçələri, qədim binaları, qala divarlarını əks etdirən fotolar paylaşıb. T.Kodzayeva paylaşımlarında Azərbaycan xörəklərinin dadlı olduğunu da vurğulayıb.

Digər tanınmış blogerlər - Aleks Maroulakis, Berkcan Güven, Mariam Rod, Diletta Amenta da istaqramdakı səhifələrində Formula 1 Azərbaycan Qran-Prisi, paytaxt Bakının görməli yerləri, İçərişəhər, Qız qalası, milli mətbəximizin ləziz təamları və s. barədə maraqlı paylaşımlar ediblər. Bu paylaşımlar blogerlərin azarkeşləri tərəfindən böyük maraqla qarşılanıb və onlar Azərbaycan paytaxtının gözəlliyi, Formula 1 barədə heyranlıqlarını ifadə edən şərhlər yazıblar.

AZƏRTAC