Tbilisidə keçirilən beynəlxalq moda nümayişində azərbaycanlı dizaynerin “Çinar” kolleksiyası təqdim olunub
Diaspora

Tbilisidə keçirilən beynəlxalq moda nümayişində azərbaycanlı dizaynerin “Çinar” kolleksiyası təqdim olunub

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Badri Patarkatsişvilinin məşhur Mərasimlər Sarayında genişmiqyaslı “Metrica Fashion Show” beynəlxalq moda nümayişində ulu öndər Heydər Əliyevə həsr olunmuş “Çinar” kolleksiyası təqdim olunub.

Azərbaycan Diasporuna Dəstək Fondunun (Fond) maliyyə dəstəyi, Alyans Gənclər Mərkəzinin (AGM) təşkilatçılığı ilə ərsəyə gələn kolleksiya üçün Azərbaycan milli ornamentlərini müasir qadın geyimlərində istifadə edən azərbaycanlı dizayner Laura Qasımova 20 geyim hazırlayıb. Azərbaycanın milli musiqi sədaları altında xarici modellərin yer aldığı nümayişdə ümumilikdə 15 ölkədən dizaynerlər, 40-dan çox brend təmsil olunub. Bu barədə Diasporla İş üzrə Komitənin mətbuat xidmətindən bildirilir.

Azərbaycan Diasporuna Dəstək Fondunun icraçı direktorunun müavini Şahin Camalov tədbirin əhəmiyyətindən danışaraq, Azərbaycanın tanıdılması, mədəniyyətimizin beynəlxalq arenada layiqincə təmsil olunduğu mühüm tədbirlərin maliyyələşdirilməsinin Fond üçün prioritet olduğunu qeyd edib. O, yüzlərlə modelyer dizaynerin, moda jurnalının iştirak etdiyi moda şouda təmsilçimizin ən çox diqqət görən kolleksiyalardan biri olduğunu vurğulayıb.

“Respublika”.