Təbrizin göyləri dumanlıdır
Digər xəbərlər

Təbrizin göyləri dumanlıdır

Terroru mübarizə strategiyası elan edən ölkə özünə zəbə vuracaq

Rusiya ilə İran imperiyaları arasında zorla bölündüyü lap ilk günlərdən Azərbaycanda bölünmüş xalq barədə danışıblar, yazıblar, düşünüblər. Bəli, bu adları çəkilən dövlətlər arasında "sülh müqaviləsi" bağlanandan bəri. Elə o vaxtdan dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qəlbində bir nisgil qövr edir…

Azərbaycan bölündü. Beləcə, xalqımızın faciəsi o zamandan başladı. Yəni əslində bu iki imperiya arasında bağlanan "sülh müqaviləsi" böyük tarixi olan bir xalqın faciəsi üzərində qurulan siyasi bir oyun idi…

…Şah istibdadına, zülmə, zorakılığa isə kütlə tab gətirmirdi. Təbriz bu həyəcandan lərzəyə gəlirdi. Bir tərəfdən tətillər, nümayişlər, digər tərəfdən, demokratik qüvvələrə qarşı amansız cəza tədbirləri, Təbrizin göyləri dumanlıydı.

Arxiv sənədləri, müxtəlif tarixi mənbələr təsdiqləyir ki, 1905-1911-ci illər İran inqilabının mərkəzi 1907-ci ildən etibarən bilavasitə Cənubi Azərbaycana - Təbrizə keçir. Azərbaycanlılar bundan əvvəl də olduğu kimi, yenə də mübarizə aparan kütlənin öncül mövqeyində dururdular.

Bəli, Güney Azərbaycanda da oyanma başlanmışdı. Bir ananın iki övladı azadlığı qan bahasına da olsa əldə etmək üçün oyanmışdı!

Oyanmışdı ki, bu məmləkəti iki yerə kəsən Araz əbədi dərddən-qüssədən xilas olsun, fars şovinistlərinin, erməni qaniçənlərinin insani hisslərindən uzaq, daha neçə-neçə nadürüstün tənəsini görmədən, eşitmədən bu taylı, o taylı doğma ellərin lətif nəğmələrini oxusun:

Ağlama, Təbrizim, ağlama

Bir torpağın üstündə

O taylı, bu taylıyıq

Torpaq ki, ömür deyil,

Necə gəldi paylayaq.

Oyanmışdı ki, nə çar nikolaylar və onların soydaşları, nə də qaniçən Məhəmmədəli şahlar, nə ingilis, nə də ərəb müstəbidləri bu yerlərdə bir daha baş kəsməsinlər. Bizi müxtəlif adlarla çağırdıqları da bəs edər. 

O zaman on bir ay çəkdi, Təbrizin azad günləri. Xalq, torpaq bu müddətdə özü öz sahibi oldu. Təbriz hərəkatı Tehranda da inqilabi vuruşların iştirakçılarına ruh verdi. 1909-cu ilin iyulunda bu şəhər də məşrutəçilərin əlinə keçdi. Məhəmmədəli şah ölkədən qaçdı. Ancaq sonu görünməyən arzuların təntənəsi çox çəkmədi. İrtica qüvvələri zor işlətdilər, xalqın bütün nailiyyətlərinə qara xətt çəkdilər. Yenidən Təbriz də, Tehran da əvvəlki kimi istibdadın cənginə keçdi. Fədailər, haqqın, ədalətin müdafiəsinə qalxanlar həlak oldular, Cənubi Azərbaycan torpağına su yerinə qan hopdu…

Bu xalq bir daha 1945-ci ildə yenidən taleyi uğrunda bəxtini sınayacaqdı. İkinci Dünya müharibəsinin başlandığı zamandan bu hərəkat yeni vüsət aldı.

İran bütün bunların heyfini çıxmalıydı bu xalqdan…

2006-cı il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II Qurultayı çağırıldı. Dünya Azərbaycanlıları Konqresinin sədri Cavad Derəxti qurultaydakı çıxışında Cənubi Azərbaycanda soydaşlarımızın ağır vəziyyətindən yana-yana danışdı, İrandakı molla rejiminin azərbaycanlılara qarşı repressiyalarından söz açdı. Sonra elan etdi ki, dünyanın hansı yerində yaşamasından asılı olmayaraq hər bir türk oğlu türk Şimali və Cənubi Azərbaycanın birləşdirilməsi uğrunda mübarizəni ön plana çəkməlidir. Cavad Derəxti bu xoşbəxt günün gələcəyinə varlığı qədər inandığını bildirmişdi.

Bütün dünya bilir ki, ermənilər tərəfindən Azərbaycan torpaqlarının işğalı həm də İranın iradəsi, köməyi, fitvası ilə mümkünləşmişdi. İllər öncə qaragüruhçu Zori Balayan Fransanın "Röyter" agentliyinə verdiyi müsahibəsində açıq-aşkar söyləmişdi ki, Şuşanın alınmasında İranın strateji planı mühüm amil oldu!!!

Bəli, İran özünü bizə dost kimi göstərsə də, həmişə anti-Azərbaycan siyasəti yeridib. Xomeyni qaragüruhu hakimiyyətə gələndən sonra isə Tehran Azərbaycan-İsrail münasibətlərinə həmişə qısqanclıqla yanaşıb. İran çox şeydən qıcıqlanır, hətta bizim "Cənubi Azərbaycan" kəlmələri belə onları vəlvələyə salır. Hə, bir də türk birliyi, daha doğrusu, Azərbaycan-Türkiyə qardaşlığı!..

Hələ 2006-cı ildə azərbaycanlıların nümayişləri başlayanda da mənfur İran molla rejimi dinc insanların üzərinə ordu yeritmişdi. Təbrizdə və digər şəhərlərdə qan su yerinə axırdı. XX əsrin əvvəllərində Səttarxan hərəkatını əzəndə də beləcə qan su yerinə axıdılmışdı. İran parlamentinin deputatı, "Misak" partiyasının sədri Məhəmməd Fərhəngi bəyan etmişdi ki, "Türk hərəkatı dünya imperializmi və şovinistlərin xüsusi xidmət orqanları tərəfindən möhkəm müdafiə olunur. Odur ki, milli birliyi qoruyub saxlamaq üçün Təbrizdə nümayiş keçirənlərin hamısını həbs etmək, onları bir-bir asmaq lazımdır".

İran terror dövlətidir və yanvarın 27-də Azərbaycan səfirliyinə edilən silahlı hücum da bunu bir daha təsdiqlədi. Bu, həm də molla rejiminin uzun illərdən bəri xalqımıza, dövlətçiliyimizə qarşı apardığı silahlı terror siyasətinin ən iyrənc nümunəsidir.

İranın daxilindəki çaxnaşmalar da bunu göstərir. Azərbaycan səfirliyinə hücum, həyata keçirilən terror aksiyası bütün dünyada yaşayan 60 milyonluq Azərbaycan xalqına, bütün türk və müsəlman dünyasına, sivil bəşəriyyətə hücumdur.

Əmmaməli mollalar deyəsən, tamam azğınlaşıblar. Terroru mübarizə strategiyası elan edən İran dövləti yəqin düşünmür ki, bir gün çanaq onun öz başında çatlayacaq.

Molla rejimi təkcə öz tarixi vətənlərində yaşayan Azərbaycan türklərini deyil, bu ölkədə girova çevrilmiş bütün xalqları təngə gətirib. Bıçaq sümüyə dayananda isə pis olur. Tarix də göstərir ki, bir hakimiyyət süquta uğrayanda onun dağıdıcılıq miqyası genişlənir. 

İran unutmamalıdır ki, güneylilərin azadlıq arzusu ürəyində qalıb, ancaq onların mübarizə əzmi sönməyib.

Zümrüd QURBANQIZI,

"Respublika".