TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR
Region

TƏHSİL MİLLƏTİN GƏLƏCƏYİDİR

Mingəçevir Şəhər İcra Hakimiyyətində Vətən müharibəsində iştirak etmiş təhsil işçiləri və bir qrup qabaqcıl müəllimlərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətiin başçısı İlham İsmayılov öz çıxışına ulu öndər Heydər Əliyevin "Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır" kəlamıyla başlayıb. O, Vətən müharibəsində iştirak etmiş müəllimlərin ikiqat qəhrəmanlıq nümayiş etdirdiklərini vurğulayaraq bildirib ki, "Siz həyatınızı müəllimliyə həsr etməklə yanaşı, torpaqlarımızın düşmən tapdağından azad edilməsi uğrunda Vətən müharibəsində iştirak edərək ikiqat qəhrəmanlıq nümunəsi göstəribsiniz".

Azərbaycanda təhsilin inkişafının birbaşa ulu öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edən icra hakimiyyətinin başçısı, ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu islahatlar nəticəsində təhsilin inkişafının keyfiyyətcə yeni mərhələyə keçdiyini vurğulayıb. Eyni zamanda, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilə diqqət və qayğısından, onun təşəbbüsü ilə Mingəçevir də daxil olmaqla ölkəmizin hər yerində yeni-yeni məktəblər, uşaq bağçaları inşa edilərək müəllim və şagirdlərin, uşaqların istifadəsinə verilməsindən ətraflı söhbət açıb.

Tədbirdə iştirak edən şəhər Təhsil Şöbəsinin müdir əvəzi Zamik Cəbiyev, Texniki Humanitar Liseyin direktoru Nailə Məmmədova, 1 nömrəli tam orta məktəbin hərbi hazırlıq müəllimi, Vətən müharibəsi iştirakçısı Amid Abbasov və qabaqcıl müəllim Könül Aydın ölkəmizin sosial-iqtisadi inkişafı sahəsində qazanılan uğurlar, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun gündən-günə artması, dünyada ən sürətlə inkişaf edən dövlət kimi tanınması, regionlarımızın öz simasını tanınmaz dərəcədə dəyişməsi, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahəsində əldə olunan nailiyyətlərin hər bir Azərbaycan vətəndaşının qəlbində qürur hissi yaratdığını dilə gətiriblər.

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 5 Oktyabr -Beynəlxalq Müəllimlər Günü münasibətilə ölkə Prezidenti İlham Əliyev tərəfindən Əməkdər müəllim adı ilə təltif olunanlar arasında şəhər 19 nömrəli məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Aydının olduğunu qürurla vurğulayaraq onu təbrik edib və ölkə rəhbərinin bu təltifini ümumilikdə, Mingəçevir təhsilinə verilən yüksək dəyərin təzahürü kimi qiymətləndirib.

Tədbirin sonunda şəhər rəhbəri müharibə iştirakçılarına bayram münasibətilə hədiyyələr təqdim edib.

Zabit XƏLİLOV,

"Respublika".