TERRORÇULARIN CİDDİ CƏZALANDIRILMASINI TƏLƏB EDİRİK
Digər xəbərlər

TERRORÇULARIN CİDDİ CƏZALANDIRILMASINI TƏLƏB EDİRİK

Bu yaxınlarda İranda Azərbaycan səfirliyində törədilmiş terror aktı lənkəranlıları dərindən hiddətləndirib. Biz yaşlı nəsil İranı həmişə yaxın qonşu, dost ölkə bilmişik. Ortaq tarix, din, mədəni əlaqələr əsrlər boyu xalqlarımızı birləşdirib.

Dövlətimizin başçısı cənab İlham Əliyev iki ölkə arasında mehriban qonşuluq və dostluq əlaqələrinin inkişafına həmişə xüsusi önəm verib.

Təəssüf ki, bədnam qonşularımız bunu qiymətləndirə bilmədilər. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən sonra qonşularımızın iç üzü bir daha məlum oldu. Tarixi Zəfərimizi, torpaqlarımızın işğaldan azad edilməsini həzm edə bilməyən fars-molla rejimi düşmən Ermənistana açıq-aydın dəstək verməyə başladı.

Özünü islam dövləti adlandıran ölkə islam qanunlarına və əxlaqına zidd olaraq Qarabağda məscidlərimizdə donuz saxlayan, dədə-baba yurdlarımızı viran qoyan, xarabazara çevirən tarixi düşmənimizlə ortaq, əlbir olduğunu nümayiş etdirdi.

İran hakimiyyəti ermənilərə qucaq açır, birlikdə konsulluq yaradır, onlara ərzaq, silah-sursat və hərtərəfli yardımlar edir. Ölkənin ali rəhbəri erməni baş naziri ilə qucaqlaşıb öpüşür, xanımının üzünə müqəddəs ziyarətgahın qapılarını açır.

Ölkəmizə qarşı şovinist siyasət yürüdən, televiziya və mətbuat vasitəsilə haqqımızda hədyan, böhtan kampaniyası aparan bir dövlətdən nə gözləmək olar? Bax, budur, bədnam molla rejiminin iç üzü.

Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum təşkil etməklə İran terrorçu dövlət olduğunu dünyaya göstərdi. Səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərovun faciəli şəkildə qətlə yetirilməsi, odlu silahdan açılan atəşlə iki əməkdaşın yaralanması ölkəmizə qarşı aparılan düşünülmüş məkrli siyasətin nəticəsidir.

İran terror aktını gizlətməyə, terrorçuları müdafiə etməyə çalışsa da, artıq dünya həqiqəti yaxşı bilir. Səfirliyimizi mühafizə etmək, əməkdaşlarını qorumaq kimi beynəlxaq konvensiyanın tələblərinə məhəl qoymayan İran terror yuvası olduğunu təsdiqlədi.

Atalar yaxşı deyib: qan yerdə qalmamalıdır. Lənkəranlı ziyalılar, ağsaqqallar, sadə vətəndaşlar islam pərdəsi altında gizlənmiş bu ölkədə törədilmiş terror aktını qətiyyətlə pisləyir, faciənin hərtərəfli araşdırılmasını, cinayətkarlara layiqli cəza verilməsini tələb edirlər.

Güloğlan BAĞIROV,

Lənkəran Rayon Ağsaqqallar Şurasının sədr müavini.