Tərtərdə Milli Qəhrəmanın anım mərasimi
Region

Tərtərdə Milli Qəhrəmanın anım mərasimi

Tərtər şəhərində Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun anım mərasimi keçirilib. Tədbirdə iştirak edən Tərtər Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, döyüş yoldaşları əvvəlcə qəhrəmanın büstü önünə tər gül-çiçək dəstələri düzərək xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tərtər Cümə Məscidinin imamı Sadiq Cəfərov şəhidlərin ruhuna dua oxuyub.

Tədbirdə çıxış edənlər Vəzir Orucovun həyatı və döyüş yolundan danışıblar. Bildirilib ki, Vəzir Orucov 26 dekabr 1956-cı ildə Tərtər rayonunun Xoruzlu kəndində anadan olmuşdur. 1949-cu ildə atası Surxay ailəsi ilə birgə Dərələyəz mahalından deportasiya olunmuşdur. Orta təhsilini Xoruzlu kənd orta məktəbində almış, 1974-cü ildə Bakı Yüngül Sənaye Texnikumuna daxil olmuşdu. 1975-ci ildə hərbi xidmətə çağırılmış, 1977-ci ildə ordudan tərxis olunaraq, yarımçıq qalmış orta ixtisas təhsilini davam etdirmişdir. 1984-cü ildə Orucov Rusiyanın Arxangelsk vilayətinin Belkovo şəhərinə köçmüşdür.

1992-ci ildə Xocalı soyqırımını eşidib Azərbaycana qayıdaraq may ayının 4-də Tərtər özünümüdafiə batalyonuna daxil olmuşdur. Orucov sıravi döyüşçü kimi mübarizəyə başlasa da komandirlik bacarığına görə qısa zamanda batalyon komandirinin müavini vəzifəsinə qədər yüksəlmişdir. O, gəldiyi gün Tərtər şəhərinə getmək adı ilə evdən çıxaraq Şıxarx istiqamətində qarşısına çıxan bir nəfər yaralı polis əməkdaşının silahını götürüb, heç kimə heç nə demədən Ağdərə uğrunda gedən döyüşə qatılır. Həmin axşam bir diri erməni əsgərini və silahını götürüb, geri qayıdır. Əsiri yerli özünümüdafiə batalyonunun qərargahına təhvil verir, əmanət olan avtomatı isə söz verdiyi kimi, sahibinə qaytarır. Oradan isə birbaşa evlərinə gəlir və anasına deyir ki, daha onun yolunu gözləməsin.

2015-ci il  28 dekabrda Rusiya jurnalisti və naşiri Aleksandr Nevzorovun Qarabağ münaqişəsi barədə xatirələrini bölüşərkən Vəzir Orucov haqqında bu fikirləri səsləndirib:

-“Heç kim inciməsin, ancaq mənim indiyədək tanıdığım ən cəsur insan azərbaycanlı olub. Onun adı Vəzir idi. O, digərlərindən heç nə ilə fərqlənmirdi...”.

Həsənqaya, Köyarx, Suqovuşan, Akop Komari, Sərsəng su anbarı, Çıldıran, Vaqauz kəndləri uğrunda gedən döyüşlərdə Vəzir Orucov şücaət göstərərək, düşmənin bir çox planını puç etmişdir.

1992-ci il sentyabr ayının 1-də Çaldıran kəndi uğrunda gedən döyüşlərdə Vəzir Orucov ağır yaralanmış, müalicə olunduqdan sonra yenidən cəbhəyə qayıtmışdır.

Vəzir Orucov  22 mart 1993-cü ildə Ağdərənin Qlobus yüksəkliyi uğrunda gedən ağır döyüşdə qəhrəmancasına həlak olmuşdur. Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

1993-cü il mart ayının 27-də ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Vəli VƏLİYEV,

“Respublika”.