UĞURLU TARİXİN SƏHİFƏLƏRİ
Digər xəbərlər

UĞURLU TARİXİN SƏHİFƏLƏRİ

55 il bundan əvvəl noyabr ayının 6-da Bakı Metropoliteninin rəsmi açılışı oldu

Bakı Sovet İttifaqında Moskva, Leninqrad, Kiyev və Tbilisidən sonra ictimai nəqliyyatın metro kimi rahat və əlverişli nəqliyyat vasitəsi ilə təmin edilən beşinci şəhər oldu. Eyni zamanda dünyanın bir çox dövlətlərində - istər sosialist, istərsə də kapitalist ölkələrində, eləcə də islam şəhərləri arasında ilk olaraq metro Bakıda fəaliyyətə başladı. Belə ki, Daşkənddə metro 1977-ci ildə, o vaxt artıq meqapolisə çevrilmiş Qahirədə 1987-ci ildə, Ankarada 1996-da, Tehranda 1999-da, İstanbulda 2000-ci ildə, Kazanda 2005-ci ildə, Almatıda isə 2011-ci ildə sərnişinlər metrodan istifadə etmək imkanı əldə etmişlər.

Bakı Metropoliteninin rəsmi açılış tarixi 1967-ci il noyabrın 6-dır. Həmin gün dövlət komissiyası tərəfindən metropolitenin istismara verilməsi ilə bağlı görülmüş işlər qəbul edilmişdir. Lakin metro yalnız noyabrın 25-də qapılarını sərnişinlərin üzünə açmışdı. Metronun açılışı sovetlər dönəmində mühüm bir tarix hesab olunan oktyabr inqilabının 50 illiyinə təsadüf etmişdi.

2021-ci ilin sonuna olan məlumatlara əsasən, Bakı metrosu 26 stansiya ilə ümumi uzunluğu 38,3 km olan 3 əməliyyat xəttindən ibarətdir. Bütün xətlərə vahid depo "Bakmil" xidmət göstərir. Hazırda üçüncü xəttin yeni "Dərnəgül" adlı ikinci deposu da sərnişinlərin istifadəsindədir.

Ümumilikdə Bakı Metropoliteni unikallığı ilə seçilir. Onun keçmiş SSRİ-nin digər metrolarından əsas fərqi ayrı-ayrı xətlər üzrə qapalı hərəkətin olmamasıdır. Metroda "magistral" xətt üzrə qatarlar üçün dörd marşrut mövcuddur. Hər bir stansiyada növbəti gələn qatarın hara getməli olduğunu əks etdirən işıq göstəriciləri var.

Bakı metrosunda hərəkət marşrutlar üzrə həyata keçirildiyindən xətlərə bölünmə şərtidir. Müstəqil olaraq qatarlar yalnız iki hissədə hərəkət edir: "Cəfər Cabbarlı" - "Şah İsmayıl Xətai" və "8 Noyabr" - "Avtovağzal" istiqamətində. "Magistral" adlanan xətt üzrə qatarlar "Dərnəgül" - "Həzi Aslanov", "Dərnəgül" - "Bakmil", "İçərişəhər" - "Həzi Aslanov", "İçərişəhər" - "Bakmil" marşrutları üzrə hərəkət edir. Bununla belə, şərti bölünmə də mövcuddur. Hazırda Qırmızı Xətt adlanan ("İçərişəhər" - "Həzi Aslanov") istiqamətində 13 stansiya, ümumi məsafə 18,80 km təşkil edir, Yaşıl Xətdə ("Xətai" - "Dərnəgül") 10 stansiya var ki, onların da birinci stansiyası 1968-ci ildə istifadəyə verilib, ümumi uzunluğu isə 15,54 km-dir. Yaxın vaxtlarda "Dərnəgül" - "Nizami" və "Cəfər Cabbarlı" - "Şah İsmayıl Xətai" istiqamətləri birləşərək tam bir xəttə çevriləcək, lakin hazırda birbaşa hərəkət yoxdur.

19 aprel 2016-cı il tarixində iki stansiya ilə ("Avtovağzal" və "Memar Əcəmi-2") üçüncü Bənövşəyi xətt istifadəyə verilmişdir. Onların arasındakı məsafə 2,07 km-dir. 2021-ci il mayın 29-da üçüncü stansiya - "8 Noyabr" stansiyası açılıb, xəttin uzunluğu isə 1,6 km artıb. Hazırda metronun 2 keçid stansiyası var. Bakı Metropolitenində 5 vaqonluq qatarlar istismar olunur və ilk iki xəttin stansiyaları bu qədər vaqon qəbul etmək üçün layihələndirilmişdir. Bənövşəyi xəttin stansiyaları yeddi vaqonlu qatarları qəbul etmək üçün nəzərdə tutulmuşdur, lakin hələlik sərnişin axını kiçik olduğuna görə indi beş vaqonlu qatarlar işləyir. Metronun ümumşəhər nəqliyyatında xüsusi çəkisi təxminən 30 faiz təşkil edir.

Metronun tarixi haqqında tam təsəvvür əldə etmək üçün Bakının çox da uzaq olmayan keçmişinə müraciət etmək məqsədəuyğun olardı. XIX əsrin ortalarında Bakı Qafqazın sənaye və mədəniyyət mərkəzlərindən birinə çevrildi. Şəhərin əhalisi XIX əsrin ortalarına qədər çox aşağı templərlə artırdı. Əgər 1807-ci ildə 3000 nəfər əhalisi olan cəmi 500 ev var idisə, 1849-cu ildə onların sayı 8120 nəfərə, evlərin sayı isə 1600-ə çatmışdı. Bakının yüksəlişinə təkan verən neft sənayesinin inkişafı və burada böyük neft ehtiyatlarının aşkar edilməsi olmuşdur. XIX əsrin sonunda Bakının əhalisi 112 min nəfəri keçdi. 1880-ci illərdə şəhərdə nəqliyyatın vəziyyəti pisləşməyə başladı və 1887-ci ildə şəhərdə atlı dəmir, ovaxtkı konka yolunun çəkilməsi haqqında qərar qəbul edildi və 7 (19) aprel 1889-cu ildə həmin xətlər istifadəyə verildi. Yolun eni əvvəlcə 1524 mm idi.

1889-cu ildə Bakıda buxar tramvay xətti açıldı, lakin istismarı əlverişsiz olduğundan bir neçə ildən sonra o, at dartıcısına keçdi. Konka 1 oktyabr 1923-cü ilə qədər mövcud idi. 8 fevral 1924-cü ildə ilk elektrik tramvay xətti açıldı, xətlərin kiçik bir hissəsi söküldü, qalan hissəsi tramvay xətti ilə əvəz edildi. Bakıda tramvay hərəkəti 2004-cü ilə qədər mövcud olmuş və hazırda yeni müasir tramvay şəbəkəsinin qurulması haqqında planlar mövcuddur.

Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın paytaxtı SSRİ-nin aparıcı şəhərlərindən birinə çevrilərək böyük sənaye mərkəzi kimi inkişaf etməyə başladı. Məhz 1926-cı ilin iyulunda Bakıda SSRİ-də ilk elektrikləşdirilmiş dəmir yolu xətti yarandı. SSRİ-də ikinci xətt isə 1929-cu ildə yaradıldı və Moskva yaxınlığındakı Mıtişini paytaxtla birləşdirdi.

Şəhər sürətlə böyüyür və inkişaf edirdi, Bakının sənaye mərkəzindən uzaqda yeni yaşayış massivləri yaradılırdı. Nəticədə həm səfərlərin məsafəsi, həm də səyahət vaxtı artdı. Yerüstü ictimai nəqliyyat faktiki olaraq əhalinin nəqliyyata olan tələbatını ödəyə bilmirdi. Bundan əlavə, onun inkişafına dağlıq ərazi və əhalinin sıxlığının çox yüksək olduğu şəhərin mərkəzi hissəsində tikililər mane olurdu.

Bütün bu amillər nəzərə alınaraq metronun tikintisi məqsədəuyğun hesab edilmişdir. Çünki bu, nəqliyyat problemini həll etməklə yanaşı, tarixi tikililərin də qorunub saxlanmasını təmin edəcəkdi. Bu fikir ilk dəfə 1932-ci ildə Bakının inkişafının Baş Planında səslənmiş və öz əksini tapmışdır. Həmin plana əsasən iki metro xəttinin çəkilməsi nəzərdə tutulmuşdur.

Lakin bəzi səbəblərdən bu möhtəşəm layihə həyata keçirilmədi. Birincisi, o illərdə metronun tikintisi daha çox ideoloji və təbliğat xarakterli idi. Paytaxt olmayan Bakıda isə metro Moskvadan tez yarana bilməzdi. İkincisi, o zaman maliyyənin əhəmiyyətli hissəsi sənayenin inkişafına sərf olunurdu və metropolitenə sadəcə olaraq pul qalmamışdı, lakin maliyyə tapılsa belə, İkinci Dünya müharibəsi bu planların həyata keçirilməsini təxirə saldı. Bəlkə də müharibə olmasaydı, Bakı Metropoliteni keçmiş Sovet İttifaqı ərazisində Moskva və Leninqraddan sonra üçüncü olacaqdı.

Və nəhayət, 1949-cu ilin əvvəllərində SSRİ Nazirlər Sovetinin məlum qərarı verildi. Qərara əsasən Bakıda metronun layihələndirilməsi və tikintisinə başlanılması məqsədəuyğun hesab edilirdi.

Bakının kifayət qədər mürəkkəb relyef quruluşu şəraitində stansiyalar böyük dərinliklərdə, çətin geoloji vəziyyətdə salınırdı, lakin bütün çətinliklərə baxmayaraq, insanlar üç növbə ilə, böyük həvəslə işləyirdilər.

1953-cü ildə SSRİ-də hakimiyyətə gəlmiş Xruşşov hesab edirdi ki, Bakıda metro "gözləyə bilər". Bakı Metropoliteninin tikintisində iştirak edən bəzi insanların xatirələrinə görə, Xruşşov demişdi: "Onlar tramvaya minirdi - bir az da tramvaydan istifadə etsinlər!". Yanaşma tərzi belə idi ki, "hansısa Bakıda" metro tikintisinə dövlət büdcəsindən pul xərcləmək yolverilməz "dəbdəbədir". Şəhərin sürətlə inkişaf etməsi və nəqliyyat problemlərindən boğulması isə Xruşşov üçün arqument deyildi.

Metronun tikintisi ancaq 1961-ci ildə yenidən gündəmə gəldi. İlkin layihənin dəyişməsinə təsir edən amillərdən biri həm də zaman idi. Məsələ burasındadır ki, 1949-cu illə müqayisədə şəhər xeyli böyümüşdü. Əgər ilkin layihəyə görə, mərkəz qərb və şərq yaşayış massivləri, eləcə də sənaye zonası ilə birləşdirilməli idisə, bu planlara artıq düzəlişlər etmək zərurəti meydana çıxmışdı.

Nəhayət, Bakı Tunel Tikinti İdarəsi və Bakı Metropoliteni İdarəsinin birgə əmri ilə sınaq qatarının keçidi üçün konkret tarix müəyyən edildi - 1967-ci il oktyabrın 15-i. Beləliklə, 1967-ci il noyabrın 6-da oktyabr inqilabının 60 illiyi ərəfəsində Dövlət Komissiyası Sovet İttifaqında beşinci metropoliteni qəbul etdi. Uzunluğu 6,5 km olan birinci mərhələnin ilk buraxılış sahəsi 5 stansiyadan ibarət idi: "Bakı Soveti" (indiki "İçərişəhər"), "26 Bakı Komissarları" (indiki "Sahil"), "28 aprel" (indiki "28 May"), "Gənclik" və "Nəriman Nərimanov". "Bakı Soveti" stansiyasında Bakı Metropoliteninin rəsmi açılış mərasimi oldu. Noyabrın 25-də stansiyaların qapıları sərnişinlərin üzünə açıldı. Metronun iş saatları isə 5:30-dan 01:00-a kimi idi.

Qeyd etmək lazımdır ki, Sovetlər birliyində Bakının bu yeraltı nəqliyyat sistemi ulu öndər Heydər Əliyevin respublikaya rəhbərliyinin ilk dönəmində xüsusi inkişaf mərhələsində onun qətiyyəti və təkidi sayəsində qısa müddət ərzində Bakıda yeni metro stansiyalarının inşasına başlanılmışdır. Burada "Nizami", "Elmlər Akademiyası", "İnşaatçılar", "20 Yanvar", "Memar Əcəmi", eləcə də "Koroğlu", "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" stansiyaları qeyd edilməlidir. Ulu öndərin layiqli davamçısı, Prezident cənab İlham Əliyevin bu sahəyə diqqəti və qayğısı nəticəsində hazırda Bakı Metropoliteni inkişafının daha yüksək səviyyəsinə qədəm qoymuşdur. Son illər ərzində açılan çoxsaylı stansiyalar sırasında 2021-ci il mayın 29-da bənövşəyi xəttin üçüncü - "8 Noyabr" stansiyasının istifadəyə verilməsi Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarixi Zəfərin əbədiləşdirilməsi baxımından xüsusi rəmzi məna daşıyır. Elə həmin gün Azərbaycan Prezidenti cənab İlham Əliyev ora şəxsən baş çəkdi. Stansiya mayın 31-də sərnişinlərin istifadəsinə verildi.

Bu gün Bakı Metropoliteni inkişaf etməkdə davam edir, ikinci və üçüncü metro depoları tikilir, üçüncü xəttin inşası davam etdirilir. Stansiyaların yenidən qurulması, bəzilərinin tamamilə yenilənməsi, ən müasir görkəm alması prosesinə şahidlik edirik. Qatarlar, eskalatorlar, bütün texniki avadanlıqlar müasirləri ilə əvəz olunur, keçidlər və vestibüllər yenidən qurulur. Göründüyü kimi, dövlətimizin qayğısı və diqqəti sayəsində Bakı Metropoliteni uğurla inkişaf edir...

Emin QASIMOV,

"Respublika".