Üzümçülük və şərabçılıq əvvəlki şöhrətinə qayıdır
Region

Üzümçülük və şərabçılıq əvvəlki şöhrətinə qayıdır

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanda üzümçülük və şərabçılıq yüksək təşəkkül tapmışdı. 1970-80-ci illərdə respublikamızda üzüm plantasiyalarının sahəsi durmadan genişləndirilmiş, çoxlu sayda şərab emalı və istehsalı zavodları qurulub istifadəyə verilmişdir ki, bu da xalqın maddi rifah halının yaxşılaşmasına səbəb olmuşdur. Lakin 90-cı illərdə bir sıra sahələrdə olduğu kimi, üzümçülük də tamamilə məhvolma təhlükəsi ilə üz-üzə qaldı. Demək olar ki, mövcud bağların 70-80%-i müəyyən səbəblər üzündən ləğv olundu. Həmin torpaqlar hətta bir müddət əkin dövriyyəsindən kənarda qaldı. Dövlətimizin başçısı cənab İlham Əliyevin qeyri-neft sektoruna, o cümlədən aqrar sahənin inkişafına göstərdiyi diqqət və qayğıdan sonra kənd təsərrüfatının bu gəlirli sektorunda canlanma başladı. Minlərlə hektar yeni üzüm bağları salındı və bu işlər hazırda uğurla davam etdirilir.

Üzümçülük və şərabçılığın inkişaf etdirilməsi qəbul olunan Dövlət proqaramlarında öz əksini tapmışdır. "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı", "2018-2025-ci illərdə Azərbaycan Respublikasında şərabçılığın inkişafına dair Dövlət Proqramı" bu sahənin inkişafına əhəmiyyətli dərəcədə təkan verir. Qazax-Tovuz iqtisadi rayonuna daxil olan aqrar sahədə son illərdə yüksək nəticələrin əldə olunduğu Qazaxda bu gəlirli sahənin hazırkı vəziyyəti ilə maraqlandıq.

Qeyd etmək lazımdır ki, 70-80-ci illərdə Qazaxda 4 min hektar üzüm bağı, eyni zamanda 6 ədəd şərab emalı müəssisəsi olmuşdur. Əldə etdiyimiz məlumata görə hazırda rayonda 300 hektardan artıq üzüm bağı mövcuddur. Bu bağların isə böyük hissəsi son 6-7 ildə salınmışdır. Sevindirici haldır ki, dövlətin fermerlərə göstərdiyi hərtərəfli dəstəyin nəticəsində üzüm bağlarının sahəsi ildən-ilə artırılır. Rayonun Hüseynbəyli kəndində 7 ailəyə məxsus 10 hektar üzüm bağına baş çəkdik. Bağlara göstərilən yüksək aqrotexniki qulluğun nəticəsidir ki, hər il bol məhsul əldə olunur. Burada əsasən "Təbrizi", "Merlota" süfrə sortları yetişdirilir. Ötən təsərrüfat ilində 120-130 ton yüksəkkeyfiyyətli məhsul əldə olunmuşdur. Bundan 50 ton rəqabətədavamlı məhsul xarici ölkələrə ixrac olunmuş, qalanı isə daxili bazarlarda bolluq yaratmışdır. Artıq bağda kütləvi məhsul yığımı başa çatmaq üzrədir. Üzümçülük ilə məşğul olanlar dövlətin bu sahəyə göstərdiyi qayğını yüksək qiymətləndirirlər. Dövlət tərəfindən hər hektar üçün verilən 250 manat subsidiya dərman, yanacaq, gübrə xərclərini ödəyir. Bağların suvarılması Ağstafaçay su anbarından gələn su hesabına ödənilir. Suvarma ilə bağlı heç bir problem yaşanmır. Məhsul yığımı zamanı hər gün 15-20 nəfər mövsümi işə cəlb olunur.

 Rayonun Daş Salahlı kəndində də üzümçülüyün inkişaf etdirilməsi üçün əlverişli iqlim və münbit torpaq mövcuddur. Kənddə fəaliyyət göstərən "Şahnigar" MMC-yə yollandıq. Yeganə şərab emalı və istehsalı zavodu burada fəaliyyət göstərir. Müəssisə rəhbəri Asif Yusifov bildirdi ki, 2001-ci ildə özəl müəssisə kimi fəaliyyətə başlamışdır. Müəssisəyə məxsus 7 hektar texniki sort üzüm bağı var. Bağda "Rekasiteli", "Faberna", "Savinyon Blank" Fransa sortu və az miqdarda "Bayan" üzüm sortlarına yüksək aqrotexniki qulluq göstərilir. Bu üzüm sortlarından keyfiyyətli şərab hazırlamaq mümkündür. Cari təsərrüfat ilində hər hektardan 18-20 ton üzüm yığılmışdır.

Ümumilikdə üzüm plantasiyasından 140 ton üzüm əldə olunmuşdur. Bununla yanaşı, rayonun digər kəndlərində, eyni zamanda qonşu rayonlarda fermerlərin istehsal etdikləri üzüm qəbul olunur. Beləliklə, bu təsərrüfat ilində cəmi 240 ton texniki sort üzüm qəbul olunmuşdur.

 Qeyd etmək lazımdır ki, əvvəllər texniki sort üzüm yetişdirən fermerlər məhsul satışında problemlərlə üzləşirdilər. Hazırda fermerlər bu problemlə rastlaşmır, təhvil verilən məhsulun dəyəri gecikmədən ödənilir. Bu da onları razı salır. Artıq bağlarda məhsul yığımı başa çatmışdır. Yaxın günlərdə üzüm bağlarında qızğın işlərə start veriləcəkdir. Əvvəlcə quru budama işləri, sonra budaqların bağlanması, cərgələrarası əkin, suvarma, xəstəliklərə qarşı dərmanlanma və sair proseslər həyata keçiriləcəkdir.

Göründüyü kimi, aqrar sahənin bu sektorunda demək olar ki, ilboyu iş gedir. Bu isə insanların işlə təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. Hazırda müəssisədə 22 nəfər daimi işlə təmin olunmuş, 10 nəfər isə mövsümi işlərə cəlb olunur. Bir kənddə bu qədər sakinin işlə təmin olunması sevindirici haldır. Yaxın gələcəkdə üzüm bağlarının sahəsi bir qədər genişləndiriləcəkdir. Müəssisə rəhbəri bildirdi ki, zavodda 4 adda araq, 3 adda şərab istehsal olunur. Yaxın zamanlarda 7-8 adda keyfiyyətli şərab istehsalı nəzərdə tutulur. Hazır məhsulun satışı Bakı şəhərində və regionlarda həyata keçirilir. Bakıda zavoda məxsus satış mərkəzi yaradılmışdır. Növbəti illərdə "Made in Azerbaijan" brendi altında xarici ölkələrə rəqabətədavamlı məhsul ixracı baş tutacaq.

Sahibkar bildirdi ki, müəssisənin yeni texnikalara və müasir texnoloji avadanlıqlara böyük ehtiyacı var. Müasir avadanlıqlarla təchiz olunarsa zavod daha keyfiyyətli məhsul istehsal edər və istehsal həcmini bir neçə dəfə artırar. Bu problemin həll olunmasının yeganə yolu dövlətdən güzəştli kreditin alınmasıdır. Hazırda zavodda 3 ədəd üzüm qəbul edən xətt, şərab saxlamaq üçün emal olunmuş çəlləklər, konyak spirti istehsal edən sex, bir neçə istismar müddəti bitmiş texnika mövcuddur. Ümid etmək olar ki, aidiyyəti qurumlar bu məsələnin həll olunmasında sahibkara dəstək olacaq, beləliklə, müəssisə öz fəaliyyətini təkmilləşdirəcək, köhnə istehsal üsullarına son qoyulacaq, müəssisənin istehsal gücü bir neçə dəfə artacaq.

Vəli VƏLİYEV,

 "Respublika".