VƏTƏN FƏDAİSİNİN XATİRƏSİ ANILDI
Region

VƏTƏN FƏDAİSİNİN XATİRƏSİ ANILDI

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin  müdrik rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad olundu. Şanlı və tarixi qələbəni bizə bəxş edən qəhrəman şəhidlərimiz bizim qürur mənbəyimiz, xalqımızın tarixində fədakarlıq nümunəsidirlər. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Naftalan şəhərinin Qaşaltı Qaraqoyunlu kəndindən olan Elyəddin Cəfərov ölümünün ikinci ildönümündə ehtiramla anıldı.

 Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri Yenicə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları şəhidin Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlardan söz açaraq ölkəmizin, o cümlədən rayonun Vətən müharibəsi iştirakçılarının qəhrəmanlığından danışmışlar. Qeyd edilmişdir ki, Dünya müstəqil Azərbaycanın gücünü, qüdrətini Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün ərzində işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən müharibəsində aydın gördü. İkinci Qarabağ savaşında şanlı ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik edən Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, eyni zamanda diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətlərində də tarixi nailiyyətlərə imza atdı.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etmişlər.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Cəfərov Elyəddin Zöhrab oğlu ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Zabit XƏLİLOV,

"Respublika".