Vətən müharibəsinin qələbə nidası: Qarabağ Azərbaycandır!
Sosial həyat

Vətən müharibəsinin qələbə nidası: Qarabağ Azərbaycandır!

Bütün dövrlərdə müharibələr bəşəriyyətin qorxunc bəlasına çevrilmiş, ölkələrin, məmləkətlərin dağılmasına, viran qalmasına səbəb olmuşdur. Məqsədi və məramı müxtəlif olan müharibələrdə kimi torpaq işğal edir, kimi də torpağının,  vətəninin azadlığı uğrunda cihada qalxır.

Zamanla ərazilərimizə,  torpaqlarımıza göz dikənlər, işğal edənlər az olmayıb, lakin yüz illər boyu Azərbaycana qarşı ən çox xain, məkrli mövqe tutan qonşumuz Ermənistan olub. Namərd xislətindən əl çəkməyən düşmən ötən əsrin 90-cı illərində havadarlarının köməyi ilə tarixi torpaqlarımız olan cənnət Qarabağımızın 20 faizini işğal edib, 1 milyon vətəndaşımızı yurd-yuvasından qaçqın saldı. El-obalarını, torpaqlarını itirən vətəndaşlarımız ümidlərini, inamlarını itirmədilər. 30 il ümidlə yaşadılar, inandılar ki, bir gün gələcək Azərbaycan dövləti, Azərbaycan ordusu torpaqlarımızı azad edəcək. Bəli, 2020-ci il 27 sentyabr tarixində Azərbaycan dövləti, xalqı öz sözünü dedi.

44 günlük müharibə dövründə  Azərbaycan işğal altında olan ərazilərini düşməndən təmizləyərək 30 ildə heç bir işə yaramayan beynəlxalq təşkilatlara sübut etdi ki, Azərbaycanın öz torpağını işğaldan azad etməyə güclü ordusu,  vətənpərvər xalqı, müdrik lideri var. Əlbəttə ki, hərb meydanında  əldə olunan qələbələrdə təkcə güc, hərbi texnika, silah-sursat yetərli deyil.  Eyni zamanda,  məntiq, düşünülmüş siyasət,  hərbi-taktiki gediş xüsusilə  mühüm rol oynayır. Bu mənada, Ali Baş Komandan İlham Əliyev beynəlxalq siyasi arenada cəsarətli, məntiqli çıxışları ilə qələbəmizi reallaşdırdı. Hər dəqiqə ordunun, xalqın yanında oldu, dəmir yumruğu ilə   düşməni məğlub etdi. Bu birlik xalqımızın çağdaş tarixinə qeyrət, hünər, şərəf səhifəsinə 44 günlük Vətən müharibəsinin qələbə imzasını atdı. 30 illik torpaq, yurd itkisinə, yurd həsrətinə son qoydu. Bu qələbə ilə ordumuz, dövlət başçımız  bütün dünyaya Azərbaycan xalqının əzmini, Azərbaycan ordusunun döyüş qabiliyyətini göstərdi. Hər gün aparılan uğurlu hərbi əməliyyatlar orduya, əsgərimizə mənəvi ruh verdi. Yüksək psixoloji hazırlığa malik ordumuzun qarşısında erməni əsgəri davam gətirməyərək hərbi texnikasını atıb qaçdı.

Təkcə Şuşa əməliyyatı Azərbaycan ordusunun gücünü anlamağa kifayət edər. Ordumuz Şuşa döyüşləri ilə hərb tariximizə yeni, misilsiz tarix yazdı. Hətta, Şuşa döyüşlərində Azərbaycan əsgərinin apardığı  hərbi gedişlər, taktikalar indi bir çox hərbi məktəblərin dərs vəsaitinə, mövzusuna çevrilib. Vətən müharibəsində Azərbaycan ordusu dünya hərb tarixində yeni səhifə açmaqla yanaşı, həm də dünyaya göstərdi ki, bizim əsgər ən humanist əsgərdir.

Müharibələr nə qədər dağıdıcı, qanlı-qadalı olsa da, ordu yalnız qarşı tərəfin ordusu ilə döyüşməlidir. Düşməninə nə qədər kin, nifrət bəsləsə də, onun dinc sakininə, qocasına,  uşağına qarşı humanist davranmalıdır. Bunu Azərbaycan ordusu Vətən müharibəsində yüksək səviyyədə nümayiş etdirdi. Bəli, cənab Ali Baş Komandan İlham Əliyev də müharibə dövründə bütün çıxışlarında, xarici ölkə müxbirlərinə müsahibələrində dönə-dönə qeyd edirdi ki, “Biz dinc əhali ilə döyüşmürük”.  İkinci Qarabağ müharibəsində vətənimizin ərazi bütövlüyünü bərpa etdik. Əlbəttə ki, qələbə ilə yanaşı, itkilərimiz də oldu. 30 illik faciələrimizin ağrı-acısını ovutduğumuz zaman Qarabağ zəfərinə gedən yolda yeni yaralar da aldıq. Şəhidlər verdik.

Yüksək amal, məslək, yurd, Vətən uğrunda canını fəda edənlərə, şəhid deyilir. Vətənpərvərliyin ən müqəddəs məqamıdır şəhidlik. Bu məqama ucalanlar ölmür,  ölümsüzləşir, əbədiləşirlər.  Şəhidlik- ölümlərin ən şərəflisi, ən uca məqamı, hünər, qeyrət rəmzidir. 

44 günlük Vətən müharibəsində neçə-neçə körpələr ata, analar oğul itirdi. Çətin, şərəfli, məsuliyyətli ana adına daha bir ad da əlavə olundu - Şəhid anası. Müqəddəs analarımız daha da müqəddəsləşdi, ülviləşdi.  Daha da mətin,  mübariz, dözümlü oldular. Arxa cəbhədə onlar da bir əsgərə çevrildilər. Məğrur durdular,  mərd dayandılar, şəhid oğlunun tabutunu zərif çiyinlərinə alanda, Vətən sağ olsun dedilər.  Budur Azərbaycan qadını, Azərbaycan anası. Qəhrəman oğulları dünyaya gətirən qəhrəman analar. Anaların göz yaşları yudu Vətən torpağına axan şəhid qanını. Ağladı, göynədi, dağ vüqarlı oğul itirdi, amma qürurunu,  əzmini, mətinliyini itirmədi Azərbaycan anası. Sığındığı, güvəndiyi, üz tutduğu vətəni oldu. Gəl, səninlə bir az dərdləşək Vətən, dedi analarımız. Şəhidimin son laylasını sən demisən,  Vətən!   Elə bilmə gileyliyəm, küskünəm, ağlayıb, üzülürəm.  Yox, əsla...

Bəli, qəhrəman oğulları dünyaya gətirən şəhid anası özü ən böyük qəhrəmandır.  Belə analardan biri də Sevda xanımdır.  Göz yaşlarını ürəyinə axıdan, əkiz oğlanlarından biri -Nurlanı Vətən yolunda qurban verən ana. O, çox çətinliklə, 10 yaşından atasız böyütmüşdü Nurlanı...

Mustafayev Nurlan Ağa oğlu 1991-ci il noyabr ayının 8-də Bakı şəhərində anadan olub.  Yasamal rayonu 286 nömrəli məktəbdə təhsil alıb. 2010-2011-ci illərdə Ağdam rayonunun Yusifcanlı,  Mərzili və Yuxarı Qıyamadınlı kəndlərində hərbi xidmətdə olub.  Zəhmətkeş, halal çörək qazanmağı sevən, ailəsinə, anasına, vətəninə bağlı olan Nurlan usta işləyib, işinin ustası olub. Milli Qəhrəman Mübariz İbrahimova sonsuz rəğbəti olan Nurlan müharibə başlayan gün hərbi komissarlığa gedib könüllü olaraq orduya yazılıb. Sentyabrın 29-da müharibəyə yollanan Nurlan Füzuli istiqamətində gedən döyüşlərdə fəal iştirak edib. Kəşfiyyatçı kimi  mərdliyi, qorxmazlığı, qoçaqlığı ilə fərqlənib. Verilən bütün tapşırıqları layiqincə yerinə yetirib. Amalı, məqsədi düşməndən qisas alıb, torpaqlarımızı azad etmək olub. Çətin əməliyyatlardan çəkinməyərək bütün hücum əməliyyatlarında yaxından  iştirak edib. 3 gün, 3 gecə yol gedən döyüşçü Xocavənddə Hadrut yüksəkliyi uğrunda gedən döyüşlərdə başından və kürəyindən aldığı qəlpə yarasından oktyabr ayının 14-də  şəhid olub. Şəhid Nurlan Mustafayev ikinci Fəxri Xiyabanda dəfn olunub. Həyatda təsadüf olan heç nə yoxdur. Qismətində, taleyində yazılan, səninlə bərabər doğulur. Necə ki, 8 noyabr Nurlanın dünyaya gəldiyi gün, həm də Qələbə günümüzdür. Nurlan  ölümündən sonra , “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” və “ Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Bəli, müharibə çox sevdaları yarımçıq, məhəbbətləri nakam, anaları gözü yaşlı  qoydu. Kədər göz yaşımızı silib, Qələbə sevincinə ağladıq. 30 illik torpaq nisgilinə,  həsrətinə 44 günlük Vətən müharibəsində son qoyduq,  nöqtənin yerinə nida yazdıq. Tarixə, tarixin şanlı səhifələrinə öz ərazi bütövlüyünü möhtəşəm  qələbə ilə bərpa edən, qüdrətli, qüvvətli dövlət, millət kimi yazıldıq.

Ramidə YAQUBQIZI,

“Respublika”.