Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının XI hesabat konfransı keçirilib
Region

Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının XI hesabat konfransı keçirilib

Sentyabrın 9-da Yeni Azərbaycan Partiyası (YAP) Laçın rayon təşkilatının videoformatda XI hesabat konfransı keçirilib.

YAP-ın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Yeni Azərbaycan Partiyasının qurucusu, ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

Konfransın gündəliyi təsdiq edildikdən sonra YAP Laçın rayon təşkilatının sədri İlqar İlyasov hesabat məruzəsi ilə çıxış edib. Bildirib ki, rayon təşkilatının XI hesabat konfransı əvvəlki konfranslardan fərqli əhval-ruhiyyədə keçirilir. Belə ki, 28 illik həsrətdən sonra Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad edib. Ordumuzun gücü qarşısında aciz qalan işğalçı Ermənistan kapitulyasiya aktına imza atmağa məcbur olub. Ötən ilin noyabrın 10-da imzalanmış Birgə Bəyanata əsasən Laçın rayonu bir güllə atılmadan işğaldan azad edilib. Artıq laçınlılar məcburi köçkün deyillər, onlar qısa zamanda doğma yurdlarına qayıdacaqları günü gözləyirlər.

İ.İlyasov qeyd edib ki, hazırda rayon təşkilatının 32 ərazi ilk partiya təşkilatında 3612 nəfər üzv birləşir ki, onlardan da 1611 nəfəri qadın, 732 nəfəri isə gənclərdir. Sonuncu konfransdan keçən müddət ərzində 333 nəfər rayon sakini partiya sıralarına qəbul edilib ki, onlardan 266 nəfəri qadın, 140 nəfəri isə gənclərdir.

Sonra YAP Laçın rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Novruz Nəcəfovun məruzəsi dinlənilib.

Müzakirələr zamanı Milli Məclisin deputatı Mahir Abbaszadə, YAP Laçın rayon təşkilatının Şura üzvü Əmirxan Zeynalov, rayon təşkilatının fəal üzvü Aytac Abbasova və rayon təşkilatı Gənclər Birliyinin sədri Orxan Məmişzadə çıxış edərək rayon təşkilatının hesabat dövründəki fəaliyyətinə münasibət bildiriblər.

Konfransda çıxış edən YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin müdiri Əhliman Tağıyev əvvəlcə 44 günlük Vətən müharibəsi nəticəsində digər rayonlarımız kimi Laçının da işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və qeyd edib ki, hazırda azad olunmuş ərazilərimizə insanların qayıdışı üçün dövlət tərəfindən sistemli tədbirlər həyata keçirilir. O, belə bir inam ifadə edib ki, YAP Laçın rayon təşkilatının da doğma yurda qayıdışdan sonra fəaliyyətində yeni mərhələ başlayacaq.

“Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqilliyinin dönməzliyinin təmin edilməsi, ölkənin tərəqqisi, iqtisadiyyatın yüksəlişi, xalqın rifahının yaxşılaşması, 44 günlük Vətən müharibəsində əldə olunan parlaq Qələbə nəticəsində ərazi bütövlüyü təmin olunan Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəlməsi naminə ardıcıl siyasət həyata keçirilir. Bu proseslərdə YAP daim ön sırada olub”, - deyən Ə.Tağıyevin sözlərinə görə, YAP üzvləri ölkəmizin daha da güclənməsi naminə partiyanın Sədri, ölkə Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin ən fəal dəstəkçiləri olmaqla yanaşı, bu siyasətin uğurlarını da xalq arasında geniş təbliğ etməkdədirlər.

Ə.Tağıyev həmçinin qarşıda duran vəzifələrdən danışıb, YAP Laçın rayon təşkilatına gələcək fəaliyyətində uğurlar arzulayıb.

Qeyd edək ki, konfransda YAP Laçın rayon təşkilatının hesabat dövründəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

AZƏRTAC