15 YAŞLI TƏLƏBƏ
Elm və təhsil

15 YAŞLI TƏLƏBƏ

Builki qəbul imtahanlarının nəticələrinə görə 15 yaşlı Məhəmməd Həsənzadə Bakı Dövlət Universitetinin hüquq fakültəsinin tələbəsi adını qazanmışdır. O, respublikamızda ali məktəblərə daxil olan tələbələr arasında yaşca ən kiçiyidir.

Məhəmməd 2008-ci il yanvarın 6-da Bakı şəhərində həkim ailəsində dünyaya göz açıb. Atası tibb elmləri üzrə fəlsəfə doktoru Yaşar Həsənov Mərkəzi Neftçilər Xəstəxanasının doğum və ginekologiya şöbəsinin müdiridir. Anası Kəmalə xanım 1992-ci il mayın 8-də Şuşa şəhəri uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Natiq və Namiq Şahmuradov qardaşlarının bacısıdır. Bakı şəhərində 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim-oftalmoloq işləyir.

Məhəmməd atasının işi ilə əlaqədar birinci sinfi Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə oxuyub. Sonra ailə Bakıya köçüb. Təhsilini Binəqədi rayonundakı 267 nömrəli tam orta məktəbdə davam etdirib. X və XI sinifləri Ağdam rayon 28 nömrəli tam orta məktəbdə oxuyub. IX və XI sinifləri fərqlənmə attestatı ilə bitirib.

"Arzum hüquqşünas olmaq idi. III ixtisas qrupu üzrə imtahanlara ciddi hazırlaşırdım. Orta məktəbin buraxılış imtahanlarında 258 bal, blok imtahanlarında 327 bal toplayıb 585 balla Bakı Dövlət Universitetinə hüquqşünaslıq ixtisası üzrə əyani şöbəyə qəbul olundum. İngilis dilində sərbəst danışıram. Bu yay Riqa Texniki Universitetində 18 gün ingilis dili kursunda biliklərimi artırdım. Məni hüququn kibercinayətlər istiqaməti daha çox maraqlandırır. Magistr təhsilini xaricdə kompüter elmləri üzrə alıb kibercinayətlər sahəsində çalışmaq arzusundayam", - deyə Məhəmməd bildirir.

Əlisəfa HƏSƏNOV,

“Respublika”,