DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ YAXIN ŞƏRQDƏKİ ESKALASİYADAN XƏBƏRDAR OLUB

ABŞ kəşfiyyatı HƏMAS yaraqlılarının sərhədi keçərək İsrailə hücum etməsindən bir neçə həftə öncə Fələstin-İsrail münaqişəsinin mümkün alovlanması ilə əlaqədar amerikan administrasiyasını xəbərdar edib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “CNN” telekanalı məlumat yayıb.

Açıqlamaya əsasən, ABŞ prezidenti Cozef Baydenin administrasiyasına vəziyyətlə əlaqədar azı iki məruzə olunub. Belə ki, sentyabrın 28-də bildirilib ki, HƏMAS İsraillə sərhəd boyu raket zərbələri endirməyi planlaşdırır.

Eyni zamanda, oktyabrın 5-də ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi HƏMAS tərəfindən zorakılıq ehtimalının artdığını açıqlayıb.

Telekanalın məlumatına görə, oktyabrın 6-da amerikalı rəsmilər arasında “HƏMAS tərəfindən qeyri-adi fəallığın artması haqqında İsraildən gələn məlumatlar dolaşıb” ki, bu da hücumun qaçılmaz olduğunu aydın şəkildə göstərib.

TÜRKİYƏNİN XİN BAŞÇISI MİSİRDƏ DİPLOMATİK GÖRÜŞLƏR KEÇİRİR

Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Semih Şükrinin dəvəti ilə rəsmi səfər çərçivəsində Misirin paytaxtı Qahirəyə gəlib. “Trend” agentliyinin verdiyi xəbərə görə,  Hakan Fidan Misirdə bir sıra diplomatik görüşlər keçirir.

Məlumata əsasən, Türkiyə XİN başçısını, Qahirə hava limanında Misirin xarici işlər nazirinin müavini Mohamed Zazou və Türkiyənin Qahirədəki səfiri Salih Mutlu Şen qarşılayıb.

Eyni zamanda, verilən xəbərə əsasən,  Hakan Fidan və Misir prezidenti Əbdülfəttah əs-Sisi arasında oktyabrın 14-də görüş baş tutub.

Türkiyə XİN səfərlə bağlı verdiyi yazılı açıqlamada qeyd edib ki, görüşlər zamanı ikitərəfli münasibətlərin bir sıra aspektləri müzakirə olunub, cari regional hadisələr və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

İNSANLARIN İMMUNİTET ƏLDƏ ETMƏSİ FONUNDA “PFIZER”IN GƏLİRLƏRİ AZALIR

“Pfizer” şirkəti illik gəlir proqnozunu 13 faiz azaldıb və “COVID-19”un peyvəndi və müalicəsindən gözləniləndən aşağı satış səbəbindən iş yerlərinin ixtisarı və 3,5 milyard dollarlıq xərcləri azaldacağını açıqlayıb. Bu barədə “Röyters” agentliyinin məlumatında qeyd olunub.

Agentlik xatırladıb ki, “Pfizer” alman tərəfdaşı “BioNTech SE” ilə birgə “Comirnaty” peyvəndini və təkbaşına “Paxlovid” antiviral preparatı hazırladıqdan sonra ötən il 100 milyard dolları ötən rekord gəlir əldə edib.

Bununla yanaşı, 2021-ci ildən bəri illik aşılanma göstəriciləri kəskin şəkildə aşağı düşüb və peyvənd, eləcə də əvvəlki infeksiyalar səbəbindən əhalinin immuniteti artdığı üçün müalicələrə tələbat azalıb. “Pfizer” və rəqibləri bu payız üçün yenilənmiş “COVID-19” vaksini satmağa başlayıblar.

Bildirilir ki, dərman istehsalçısı daha öncə 2023-cü il üçün 67 milyarddan 70 milyardadək gəlir proqnozu versə də, hazırda bu nisbəti 58 milyard dollardan 61 milyard dollara qədər diapazonuna salıb. Şirkətin açıqlamasına görə, azalma yalnız “COVID-19” ilə bağlı məhsullar üçün gözləntilərin azalması ilə əlaqədardır.

ALİMLƏR ANTARKTİDADA BUZLAQLARIN ƏRİMƏ MİQYASINI AÇIQLAYIBLAR

Böyük Britaniyanın Lids Universitetinin elm adamları Antarktidadakı buz şelfinin son 25 ildə 40 faizdən çox azaldığını müəyyən ediblər. “Teleqraf.com”un verdiyi xəbərə görə, bu barədə İngiltərənin “The Guardian” nəşri məlumat yayıb.

Alimlərin açıqlamasına görə, itirilmiş buzlaq kütləsinin demək olar ki, yarısında heç bir bərpa əlaməti müşahidə olunmur.

Verilən xəbərə görə, elm adamları Antarktidada dünyanın qalan hissəsinə mənfi təsir göstərə biləcək buz şelfinin vəziyyətini təhlil etmək üçün kosmosdan çəkilmiş 100 mindən çox şəkli nəzərdən keçiriblər.

Hesablamalara əsasən, 1997-2021-ci illər arasında Antarktidanın qərbində 67 trilyon, şərqində isə 59 trilyon ton buz itirilib.

Mütəxəssislər hesab edirlər ki, buz itkisi iqlim böhranının nəticəsidir və buzun bərpası təbii dəyişiklik dövrünün bir hissəsi olsaydı, daha önəmli olardı.

“Əksər buz şelflərinin sürətli, lakin qısamüddətli ərimə dövrlərindən keçəcəyini və ardınca yavaş bərpa olunacağını gözləyirdik. Bunun əvəzinə, təxminən yarısının heç bir bərpa əlaməti olmadan azaldığını görürük”, - deyə tədqiqatın rəhbəri vurğulayıb.

TÜRKİYƏNİN HAVA ZƏRBƏLƏRİ TERRORÇULARIN İDARƏETMƏ QABİLİYYƏTİNI SARSIDIB

Türkiyə ordusunun hava zərbələri nəticəsində Suriyanın şimalında gizlənən terrorçuların idarəetmə qabiliyyəti sarsılıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə oktyabrın 1-dən etibarən ərazidə əməliyyatlar keçirir və əməliyyat çərçivəsində xüsusilə hərbi obyektlər hədəf alınır.

Eyni zamanda, amerikalı analitiklər hesab edirlər ki, Türkiyənin keçirdiyi əməliyyatlar ABŞ-ın Suriyada dəstəklədiyi terrorçular üçün riskləri artırır.

Xatırladaq ki, oktyabrın 1-də Ankarada Daxili İşlər Nazirliyinin binası yaxınlığında terror aktı törədilib. Hadisə nəticəsində bir neçə polis əməkdaşı yaralanıb. Bundan sonra Türkiyə Silahlı Qüvvələri Suriyada terrorçulara qarşı əməliyyatlara başlayıb.

ABŞ KONQRESİ ÖLKƏNİN NÜVƏ POTENSIALINI GÜCLƏNDİRMƏYİ TÖVSİYƏ EDİB

ABŞ Konqresinin Strateji Qüvvələr Siyasəti Komissiyası ölkənin nüvə potensialının artırılması üçün tövsiyələrlə çıxış edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə dərc olunan hesabatda qeyd olunur.

Məlumata görə, hesabatda xüsusilə, strateji qüvvələr üçün yerləşdirilən nüvə başlıqlarının sayının artırılması, bombardmançı təyyarələrin, havadan buraxılan qanadlı raketlərin, ballistik raket daşıyan sualtı qayıqların, qeyri-strateji nüvə qüvvələrinin və döyüş başlıqlarının istehsal gücünün artırılması ilə bağlı tövsiyələr verilib.

Sənəddə həmçinin yerüstü qitələrarası ballistik raketlərə (ICBM) çoxsaylı döyüş başlıqlarının yerləşdirilməsi və arsenala mobil “ICBM” sistemlərinin əlavə edilməsinin nəzərdən keçirilməsinin zəruriliyi qeyd edilib.

“MICROSOFT”UN 28,9 MİLYARD DOLLAR VERGİ BORCU OLDUĞU MƏLUM OLUB

“Microsoft” korporasiyasının  28,9 milyard dollar vergi borcu olduğu üzə çıxıb. “Trend”in məlumatına görə, bu barədə şirkətin açıqlamasında qeyd olunur. Şirkət vergiləri ödədiyini bildirib, hesablamada səhvin olduğu və məsələni məhkəməyə yolu ilə həll edəcəyini bəyan edib.

Verilən xəbərə görə, ABŞ Daxili Gəlirlər Xidməti (DGX) “Microsoft”dan 2004-2013-cü illəri əhatə edən vergi borcunu faizlə ödəməyi tələb edib. “Microsoft” isə DGX-nin tələbinə qarşı çıxıb və borcun artıq qüvvədə olmayan siyasətlər səbəbindən aşkar edildiyini iddia edib.

“Microsoft”un yüksək səviyyəli rəhbərlərindən Daniel Qof vergi borcunun hesablanmasında səhv olduğunu və şirkətin ABŞ qanunları çərçivəsində etdiyi digər ödənişlərə məhəl qoyulmadığı qənaətindədir.

Daniel Qof bəyan edib ki, vergi borcu düzgün hesablansa, məbləğ 10 milyard dollara qədər azalacaq: “Biz ABŞ-da və bütün dünyada həmişə DGX qaydalarına əməl etdiyimizə və vergilərimizi tam ödədiyimizə inanırıq. Şirkət olaraq 2004-cü ildən bəri ABŞ-da 67 milyard dollardan çox vergi ödəmişik”.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.