DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ VƏ İSVEÇ ARASINDA HƏRBİ RAZILAŞMA İMZALANIB

Amerika Birləşmiş Ştatları İsveçin NATO-ya qəbulu dövründə bu ölkənin sərhədlərinin təhlükəsizliyini təmin edəcək. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “SVT” telekanalı məlumat yayıb.

Açıqlamaya əsasən, artıq dövlətlər arasında bununla bağlı saziş də imzalanıb.

ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq heç vaxt bu qədər vacib olmayıb. O, həmçinin ABŞ-ın İsveçi müdafiə etməyə tam hazır olduğunu bildirib. Eyni zamanda, generalın sözlərinə görə, saziş İsveçin NATO-ya üzvlüklə bağlı müraciət etdiyi qeyri-müəyyən və bir çox cəhətdən çətin dövrdə birgə hərbi əməliyyatlar üçün daha geniş imkanlar yaradır.

Bununla yanaşı, İsveç ordusunun komandiri Karl Engelbrektson isə müqavilənin imzalanmasını şərh edərkən vurğulayıb ki, müharibə zamanı ABŞ-ın yaxşı dostu olmaq daha sərfəlidir.

 

AVROPADA GÖRÜNMƏMİŞ MİQYASDA ENERJI BÖHRANI HÖKM SÜRÜR

Bir çox Avropa ölkələrini görünməmiş miqyasda enerji böhranı cənginə alıb. “Sputnik” informasiya agentliyinin “La Repubblica” nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın “Nomisma Energia” analitik şirkətinin rəhbəri Davide Tabarelli bildirib. Məlumata əsasən, analitik həmçinin qeyd edib ki, İtaliyada elektrik enerjisi haqqı demək olar ki, iki dəfə artıb. O, Avropa İttifaqı ölkələrini enerji resurslarına qənaət etməyə çağırıb.

“Əvvəllər heç vaxt görünməyən hadisələrin şahidi oluruq. Oktyabr ayında biz ilin əvvəlindən bəri eyni səviyyədə qalan tariflərin, demək olar ki, ikiqat artmasını müşahidə edirik”, - deyə Davide Tabarelli vurğulayıb.

Eyni zamanda, analitikin sözlərinə görə, italyanlar qarşıdakı qış mövsümündə xüsusi qrafiklərlə veriləcək qaz istehlakına hazırlaşmalıdırlar.

Məlumat üçün qeyd edək ki, bir müdət öncə Rusiya prezidenti Vladimir Putinin Avropa İttifaqına regionda enerji böhranının həlli üçün dörd variant təklif etdiyi bildirilib.

 

ALMANİYA PREZİDENTİ DÜNYA ÖLKƏLƏRİNİ ACLIQLA MÜBARİZƏYƏ ÇAĞIRIB

Almaniya prezidenti Frank-Valter Ştaynmayer dünyada aclıqla mübarizə üçün səylərin artırılmasına çağırıb və qeyd edib ki, hazırda dünyada 830 milyon insan xroniki qidalanmadan əziyyət çəkir ki, bu da üç il əvvəllə müqayisədə 150 milyon nəfər çoxdur. “Report” agentliyinin verdiyi xəbərə görə, prezident bu barədə Ümumdünya Ərzaq Günü münasibəti ilə çıxışı zamanı bəyan edib. “Təəssüf ki, bəlalar yeni güclə geri qayıdıb. Uzun müddətdir ki, planetdə ac insanların sayı azalırdı. Dünyada heç vaxt indiki qədər çox insan aclıqdan ölməyib”, - deyə Frank-Valter Ştaynmayer əlavə edib.

Eyni zamanda, Almaniya dövlətinin başçısı qeyd edib ki, dünyanın bir çox regionlarında aclıq hökm sürür. O, misal kimi son 40 ilin ən sərt quraqlığının yaşandığı Afrika Buynuzu bölgəsini və insanların ciddi daşqınların təsirindən əziyyət çəkdiyi Pakistanı misal çəkib.

“Regionlar üçün problemləri təkcə iqlim dəyişikliyi yaratmır. Aclığın daha da artması bir çox cəhətdən, Ukraynada baş verən hadisələrin səbəb olduğu taxıl, ərzaq və gübrə ehtiyatlarının olmaması ilə bağlıdır”, - deyə prezident qeyd edib.

 

BOLQARISTANLI NAZİR: ÖLKƏNİN BİR İLLİK QAZ EHTİYATI VAR

Bolqarıstanın yaxın 12-14 ay üçün kifayət qədər qaz ehtiyatı var. “Trend” agentliyinin verdiyi xəbərə görə, bunu "Nova" portalına açıqlamasında ölkənin iqtisadiyyat və sənaye naziri Nikola Stoyanov bildirib.

Bununla yanaşı, nazir Bolqarıstanda enerji böhranının uğurla aradan qaldırılması barədə məlumat verib və əlavə edib ki, “qiymətlər aydındır, biznes sakit şəkildə inkişaf edə bilər. Vəziyyət son dərəcə dinamikdir, bu sual iki ay əvvəl verilsəydi, mən yox cavabını verərdim”, - deyə nazir qaz ehtiyatı barədə sualına cavabında bildirib. Nikola Stoyanov qeyd edib ki, sabitliyin təminatçısı Bolqarıstanın Azərbaycanla mavi yanacağın tədarükünə dair bağladığı uzunmüddətli saziş, həmçinin mayeləşdirilmiş və boru qazının idxalına dair sazişlərdir. Bundan əlavə, ölkənin qaz tədarükü üçün elan etdiyi tenderlərdə “çox rəqabətli qiymətlər” gözlənilir.

 

RƏSMİ ANKARANIN YUNAN NAZİRİN BÖHTANINA CAVABI GECIKMƏDI

Türkiyə Prezident Aparatının ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fahrettin Altun Yunanıstanın miqrasiya naziri Notis Mitaraçinin sosial şəbəkədə paylaşdığı məzmunla bağlı açıqlama verib. “Teleqraf.com”un xəbərinə görə, Türkiyə rəsmisi yunan naziri yalan danışmaqda ittiham edib.

Fahrettin Altun yunan naziri yalan məzmunla Türkiyəni şübhə altına almağa çalışdığını bildirib: “Yunanıstan bu boş və qeyri-ciddi cəhdləri ilə, şəxsi əşyalarını ələ keçirib deportasiya etdiyi qaçqınların fotoşəkillərini yayımlayaraq, bu məzlum insanların ləyaqətinə heç bir formada hörmət etmədiyini bir daha bütün dünyaya göstərdi. Yunanıstan rəsmiləri əvvəlcə Egey dənizində boğduqları körpələrin, qarət etdikləri, kəmərlə döydükləri, donaraq ölümünə səbəb olduqları insanların hesabını verməlidir”. Eyni zamanda, Fahrettin Altunun qeyd edib ki, Yunanıstanı qaçqınlara qarşı qeyri-insani münasibətindən tez bir zamanda əl çəkməyə, Türkiyəyə qarşı əsassız və yalan ittihamlara son qoymağa və ciddi olmağa dəvət edirik. Xatırladaq ki, bundan öncə Yunanıstanın miqrasiya naziri Notis Mitaraçi “Twitter” hesabında bir qrup insanın fotosunu paylaşaraq, Türkiyəyə qarşı əsassız ittiham irəli sürüb.

 

ROMA PAPASINDAN YENİ DÜNYA NİZAMININ YARADILMASINA ÇAĞIRIŞ

Roma Papası Fransisk yeni dünya nizamının yaradılmasına çağırış edib. “Report” agentliyinin xəbərinə görə, bu barədə “La Stampa” nəşri məlumat yayıb. “Müharibə səmərəsiz bir üsuldur: heç vaxt problemləri həll etmir. Yəmən, Liviya və ya Suriya kimi bir neçə müasir misal gətirək. Bu ölkələrdən hansı biri münaqişələrdən əvvəlki dövrdən daha yaxşı yaşayır?”, -  deyə Roma Papası vurğulayıb.

Eyni zamanda, Fransisk qeyd edib ki, Ukrayna münaqişəsi Qərbin mərkəzində milyonlarla insanın vicdanını uzun müddətdir mövcud olan humanitar faciənin sərt reallığı ilə üz-üzə qoyub. “Dialoq, danışıqlar, dinləmə qabiliyyəti, diplomatik bacarıq və silahdan çəkindirmək birgəyaşayış sistemi qurmağa qadir olan uzaqgörən siyasətdir”, - deyə Roma Papası əlavə edib.

 

BİLL QEYTSİN FONDU “TALİBAN” HÖKUMƏTİ İLƏ ƏMƏKDAŞLIQ EDİR

“Bill & Melinda Gates Foundation” xeyriyyə fondu Əfqanıstanda poliomielit xəstəliyi ilə mübarizə üçün müvəqqəti “Taliban” hökuməti ilə əməkdaşlıq edir. “Report”un verdiyi xəbərə görə, bunu amerikalı iş adamı Bill Qeyts Böyük Britaniyanın “The Daily Telegraph” qəzetinə müsahibəsində bildirib.

Bill Qeytsin sözlərinə əsasən, fondun tərəfdaşları Qətərdə “Taliban” nümayəndələri ilə görüşüblər. Lakin o, təfərrüatlara varmayıb, ABŞ-ın hərəkata qarşı sanksiyalarını nəzərə alaraq, bu cür təmasları “çox çətin vəziyyət” kimi xarakterizə edib.

“Microsoft” şirkətinin yaradıcısı həmçinin özünün “Taliban” nümayəndələri ilə görüş keçirməyə hazır olub-olmaması ilə bağlı suala birbaşa cavab verməyib.

“Düzünü desəm, bu mövzunun məxfi olub-olmadığını bilmirəm. Poliomielitlə mübarizə kampaniyasına kömək etmək üçün çox şey edərdim. Bu, fondun əsas prioritetidir”, - deyə Bill Qeyts əlavə edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.