DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN: DÖVLƏTIN BÜTÜN RESURSLARI ZƏLZƏLƏNIN FƏSADLARININ ARADAN QALDIRILMASINA YÖNƏLIB

“Türkiyə, tək ürək” yardım kampaniyası zamanı toplanan hər lirə zəlzələdən zərərçəkənlərin ehtiyaclarına sərf olunacaq. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Eyni zamanda, Ərdoğan episentri Kahramanmaraşda yerləşən zəlzələ nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.

Türkiyə lideri qeyd edib ki, dövlətin bütün resursları ölkənin 11 əyalətində dağıdıcı fəsadlar törədən zəlzələnin nəticələrinin aradan qaldırılmasına yönəlib. Ərdoğanın sözlərinə görə, təbii fəlakət zonasında 250 mindən çox insan fasiləsiz işləyir.

“Məqsədimiz bir il ərzində hər dağılan binanı təhlükəsiz və dinc yaşaya biləcəyimiz evlərlə əvəz etməkdir. İlk mərhələdə hökumət 100 milyard lirə ayırıb. Bu aksiya ilə əlaqədar olaraq, bugünkü kampaniya zamanı toplanan hər lirə zəlzələdən zərərçəkənlərin ehtiyacları üçün istifadə olunacaq”, - deyə Ərdoğan vurğulayıb.

Məlumat üçün qeyd edək ki, “Türkiyə, tək ürək” yardım kampaniyası zamanı 115,1 milyard  türk lirəsi vəsait toplanıb.

 

MÖVLUD ÇAVUŞOĞLU ILƏ NATO-NUN BAŞ KATIBI ARASINDA GÖRÜŞ

“Türkiyə Skandinaviya ölkələrində İslama qarşı yönəlmiş fəaliyyətlərə icazə verilməsini qəbuledilməz hesab edir”. “Report”un xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında bəyan edib.

Nazirin sözlərinə görə, antisemitizm və islamofobiya bəşəriyyətə qarşı cinayətdir. O, əlavə edib ki, bunların ümumbəşəri normalarla heç bir əlaqəsi yoxdur.

Öz növbəsində, NATO-nun baş katibi İsveçdə islamafobiya təzahürlərini pisləyib və bu ölkənin baş nazirinin müsəlmanların müqəddəs kitabı olan Quranın yandırılması ilə bağlı təxribatı qınadığını xatırladıb.

Xatırladaq ki, yanvarın 21-də İsveç dövlət qurumları Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında etiraz aksiyası keçirilməsinə icazə verib. Aksiya zamanı Quran kitabı yandırılıb.

 

BMT-NIN BAŞ KATIBI: BİR SIRA ÖLKƏLƏR YER ÜZÜNDƏN SILINƏ BILƏR

BMT-nin baş katibi Antonio Quterreş xəbərdarlıq edib ki, qlobal dəniz səviyyəsinin artması Çin, Hindistan, Niderland və Banqladeş kimi ölkələri risk altında qoyur. Bu barədə “Sputnik” informasiya agentliyi məlumat yayıb.

Baş katibin sözlərinə görə, sahilyanı ərazilərdə yaşayan 900 milyon insan ciddi risk altındadır. Qlobal istiləşmə “möcüzəvi şəkildə” 1,5 dərəcə Selsi ilə məhdudlaşsa belə, dəniz səviyyəsi əhəmiyyətli dərəcədə yüksələcək.

Eyni zamanda, Quterreşin xəbərdarlığına əsasən, Yer kürəsi çox güman ki, istiləşmə yolundadır. Bu isə bir çox kiçik ada dövlətləri də daxil olmaqla, dəniz səviyyəsinin yüksəlməsinə həssas olan ölkələr üçün “ölüm hökmü”nə bərabərdir.

“Bəşəriyyət bütöv xalqların və ölkələrin yox olmasının şahidi ola bilər. Bu zaman dünyada şirin su, torpaq, digər resurslar üçün rəqabət daha da şiddətlənəcək”, - deyə baş katib vurğulayıb.

 

UKRAYNA ÜZƏN ELEKTRİK STANSİYALARLA BAĞLI DANIŞIQLAR APARIR

Rəsmi Kiyev və Ankara Ukraynanı elektrik enerjisi ilə təmin etmək üçün üzən elektrik stansiyalarından istifadəyə dair danışıqları davam etdirməklə bağlı razılığa gəliblər. “Report” xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin saytında məlumat verilib.

“Üzən elektrik stansiyaları enerji sisteminin qeyri-mərkəzləşdirilməsi elementlərindən biridir, regionu elektrik enerjisi ilə təmin etmək imkanıdır. Bu, Rusiyanın hər gün enerji obyektlərimizə hücumunu davam etdirdiyi şəraitdə xüsusilə vacibdir”, - deyə Ukraynanın energetika naziri Qerman Qaluşenko bildirib.

Məlumata görə, ukraynalı nazir ilə Türkiyənin Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Yağmur Əhməd Güldərə arasında baş tutmuş görüşdə tərəflər ikitərəfli əməkdaşlıq çərçivəsində bir sıra digər məsələləri də müzakirə ediblər.

 

COZEF BAYDEN ABŞ-DA DEFOLTUN QARŞISINI ALACAĞINA SÖZ VERİB

ABŞ prezidenti Cozef Bayden ölkənin defolt elan etməsinə icazə verməyəcəyinə söz verib. “Spuinik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə amerikalı lider Merilend ştatında keçirilən tədbirdə çıxışı zamanı bəyan edib.

Bununla yanaşı, dövlət başçısı ABŞ-ın defoltunun fəlakət olacağını söyləyib. Bayden hesab edir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Konqres heç bir şərt olmadan dövlət borcunun yuxarı həddinin artırılmasını təsdiq etməlidir.

Bu ərəfədə Konqresin Büdcə İdarəsi 2023-cü ilin iyul-sentyabr aylarında ABŞ-ın defolt riskinə diqqət çəkib. Bildirilir ki, dövlət borcunun limitləri qaldırılmasa, bu ssenarinin reallaşması qaçılmazdır. Bayden administrasiyası Konqres üzvlərini borclanma limitlərini tez və qeyd-şərtsiz artırmağa və ya dayandırmağa səsləyib.

Bir müddət öncə “American Greatness” nəşri yazıb ki, indiyə qədər 31,5 trilyon dolları keçmiş ABŞ dövlət borcunun artan həcmi yaxın gələcəkdə ölkənin federal büdcəsinin tamamilə çökməsinə səbəb ola bilər.

 

TÜRKİYƏDƏ ZƏLZƏLƏ BÖLGƏSİNDƏ 61 MİNDƏN ÇOX BİNA SÖKÜLƏCƏK

Türkiyədə zəlzələ bölgəsində 61722 bina yaşayış üçün tamamilə yararsız olduğu üçün söküləcək. “Report”un “TRT” telekanalına istinadən verdiyi xəbərə görə, bu, ölkənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin apardığı monitorinq nəticəsində məlum olub.

Bildirilir ki, 13917 bina orta dərəcədə zədələnib. Həmçinin hazırda zəlzələ bölgələrində binalara dəyən zərərin qiymətləndirilməsi işləri davam edir.

Qeyd edək ki, fevralın 6-da ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə insan itkisinə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 mindən çox insan dünyasını dəyişib, 108 min nəfər isə yaralanıb.

 

İLON MASKA GÖRƏ “TWİTTER” YENİDƏN PROQRAMLAŞDIRILIB

“Twitter” sosial şəbəkəsinin proqramçıları şirkətin rəhbəri İlon Maskın hesabından atılan tvitlərin daha yüksək reytinqə malik olması və platformanın bütün istifadəçilərinə aktiv şəkildə nümayişi üçün xidmətin kodlaşmasını yenidən yazıblar. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə “Platformer” nəşri şirkətin daxili sənədləri ilə tanış olan mənbələrinə istinadən məlumat yayıb.

Mənbələrin açıqlamasına görə, fevralın 13-nə keçən gecə Maskın əmisi oğlu Ceyms proqramçılardan “Twitter”in baş direktorunun tivtinin niyə görə ABŞ prezidenti Cozef Baydenin postundan daha az baxış topladığını izah etməyi istəyib.

“Fevralın 13-ü səhər saatlarında Maskın proqramçılarla görüşünün nəticələri bütün dünyada əks-səda doğurub. Çünki “Twitter” istifadəçiləri proqramı açdıqda artıq Maskın postlarının onların lentlərini doldurduğunu görüb. Bu, təsadüfi deyildi”, - deyə mənbələrdən biri bildirib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.