DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ABŞ-da RAMAZAN RƏSMİ DÖVLƏT BAYRAMI KİMİ QEYD OLUNACAQ

ABŞ-da ilk dəfə olaraq Miçiqan ştatının Dirbörn şəhərində Ramazan bayramının ilk günü rəsmi dövlət bayramı kimi qeyd olunacaq. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Dirbörn şəhərinin bələdiyyə sədri Abdulla Həmmud açıqlama verib. “İlk dəfədir, bir bələdiyyə Ramazan bayramında tətil elan edir, sizin inancınız da digərləri kimi rəsmi şəkildə tanınır. Hesab edirəm ki, bu, böyük əhəmiyyət kəsb edir”, - deyə bələdiyyə sədri bildirib. Məlumata əsasən, 2021-ci ildə Dirbörnün ilk müsəlman bələdiyyə sədri seçilən Livan əsilli Abdulla Həmmud müsəlman icmasının doğulub boya-başa çatdığı şəhərin bir parçası olduğunu ilk dəfə bu bayramda hiss edəcəyini diqqətə çatdırıb. Qəbul edilən qərarla ABŞ-da ilk dəfə olaraq bir bələdiyyənin bütün işçilərinə Ramazan bayramının ilk günü ödənişli məzuniyyət veriləcəyi, məhkəmələr və kitabxanalar kimi rəsmi qurumların isə bağlanacağı bildirilib.

Bayramın ikinci günündə Dirbörn Şəhər Şurasının təşkilatçılığı ilə pulsuz Ramazan bayramı festivalı keçiriləcəyi də açıqlanıb. Dirbörn ABŞ-da ən çox müsəlman sakinləri olan şəhər kimi tanınır. Şəhərin 110 minə yaxın əhalisinin təxminən yarısının ərəb mənşəli olduğu məlumdur.

 

FRANSA VƏ BRAZİLİYA XARICI TİCARƏTDƏ DOLLARA ALTERNATİV AXTARIR

Türkiyənin beynəlxalq bazarlarda ABŞ valyutasından uzaqlaşmasında uğur qazanmasından sonra Fransa və Braziliya xarici ticarət hesablaşmalarında dollara alternativ tapmaq barədə düşünüblər. Bu baradə “Sputnik” informasiya agentliyi məlumat yayıb. Verilən xəbərə görə, Paris və Braziliya rəsmi Ankaradan nümunə götürərək dollardan imtina etmək istəyindən danışmağa başlayıb. Xatırladaq ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bundan 6 il əvvəl xarici ticarət hesablaşmalarının milli valyutalara köçürülməsinə çağırıb.

Qeyd edək ki, bu yaxınlarda Braziliya prezidenti Luis İnasiu Lula da Silva “BRİKS” ölkələrinin ticarətdə dollara alternativ valyutalardan istifadə etməli olduğunu bəyan edib. Alternativ olaraq Braziliya lideri qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadə etməyi təklif edib.

Xatırladaq ki, bir müddət öncə Rusiya prezidenti Vladimir Putin də qarşılıqlı ticarətdə milli valyutaların getdikcə daha çox istifadə olunduğunu qeyd edərək, dollardan imtina etməyə çağırıb. Dövlət başçısı Rusiya ilə Asiya, Afrika və Latın Amerikası ölkələri arasında hesablaşmalarda Çin yuanından istifadə olunmasının tərəfdarıdır.

 

YƏMƏNDƏ İZDİHAM ZAMANI 90 NƏFƏR FACIƏVI ŞƏKILDƏ HƏLAK OLUB

Yəmənin paytaxtı Səna şəhərində kütləvi izdiham zamanı  90 nəfər həlak olub, 300-dən çox insan isə yaralanıb. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hadisə Sənanın mərkəzindəki Köhnə şəhərdə yüzlərlə yoxsul insanın sahibkarların təşkil etdiyi tədbirə toplaşarkən baş verib. Belə ki, yoxsul insanlar 9 dollarlıq Ramazan yardımını almaq üçün məktəbə axışıb. Verilən xəbərə görə, husilər kütləni nəzarət altına almaq üçün havaya atəş açıblar. Lakin atəş elektrik xətlərinə tuş gəldiyinə görə partlamaya yol açıb. Bu isə insanlar arasında təlaşa səbəb olub. Xatırladaq ki, paytaxt Səna 2015-ci ildən üsyançı husilərin əlindədir. Ölkədəki vətəndaş müharibəsi 150 mindən çox şəxsin ölümü ilə nəticələnib.

 

“TESLA” TAM AVTOPİLOTLU ELEKTROMOBİL İSTEHSAL EDƏCƏK

ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla Motors” şirkəti artıq bu il tam avtopilotlu idarəetmə texnologiyasını tətbiq edə bilər. “Report” agentliyinin məlumatına görə, bu barədə şirkətin rəhbəri İlon Mask bildirib. “Düşünürəm ki, biz bunu bu il edəcəyik. Tendensiya çox aydın şəkildə tam avtonom idarəetməyə doğru gedir”, - deyə İ.Mask vurğulayıb.

Qeyd edilir ki, hazırda “Tesla” elektromobillərinin avtopilot xüsusiyyətləri sürücünün iştirakı ilə istifadə olunmaq üçün nəzərdə tutulub və maşını tam avtonom etmir. İlon Maskın rəhbərlik etdiyi ABŞ-ın “Tesla Motors” şirkəti 2003-cü ildə elektrikli avtomobillər və onlarla əlaqəli texnologiyaların hazırlanması və və istehsalçısı kimi təsis edilib. Şirkət elektrikli nəqliyyat vasitələri ilə yanaşı, öz texnologiyasından istifadə edərək batareyalar və elektrik mühərrikləri də istehsal edir və onları digər avtomobil şirkətlərinə, o cümlədən “Toyota” və “Daimler”ə satır.

 

PENTAQONUN MƏXFİ SƏNƏDLƏRİNIN SIZMASINDA YENİ DETALLAR

ABŞ rəsmiləri məxfi materialları dərc etməkdə şübhəli bilinən Cek Teyşeyranın xidmət etdiyi ABŞ Hərbi Hava Qüvvələri bölməsinin əməkdaşlarına qarşı Pentaqonun məxfi sənədlərinin sızması ilə bağlı yeni ittihamların irəli sürülməsinin mümkünlüyünü istisna etmirlər. Bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Verilən xəbərə görə, ABŞ Müdafiə Nazirliyi sənədlərin sızmasında birbaşa və ya dolayısı ilə iştirakı ola biləcək şəxsləri məsuliyyətə cəlb etməyə çalışır. Qəzet qeyd edib ki, hərbi idarə bölmə əməkdaşlarının məlumatların mühafizəsi prosedurlarına əməl edib-etmədiklərini, xüsusən də məxfi sənədləri lazımi qaydada məhv edib-etmədiklərini müəyyən etmək istəyir. Qəzet yazır ki, araşdırmadan sonra yeni ittihamlar irəli sürülə bilər. Xatırladaq ki, Cek Teyşeyra məxfi sənədləri dərc etməkdə şübhəli bilinərək aprelin 13-də həbs edilib. Aprelin 14-də Teyşeyra iki maddə ilə ittiham olunub: məxfi sənədlərin və müdafiə materiallarının icazəsiz ələ keçirilməsi, milli müdafiə ilə bağlı məlumatların icazəsiz saxlanması və ötürülməsi.

 

İRANDA QIZLAR MƏKTƏBİNƏ KİMYƏVİ MADDƏ İLƏ HÜCUM OLUB

Güney Azərbaycanın Urmiya və Həmədan şəhərlərində qızlar məktəbinə kimyəvi maddə ilə hücum həyata keçirilib. “Report”un verdiyi xəbərə görə, bu barədə “Iran International” telekanalı məlumat yayıb. Bildirilir ki, İranın müxtəlif şəhərlərində qızların təhsil aldıqları 7 məktəbə Tehran hakimiyyətinin kimyəvi maddə ilə hücumu nəticəsində çoxlu sayda məktəbli zəhərlənib.

Belə ki, Güney Azərbaycanın Urmiya şəhərindəki məktəblər Tehran hakimiyyətinin kimyəvi hücumuna məruz qalıb. Eyni zamanda, İranın paytaxtı Tehran, İslamşəhr, Güney Azərbaycanın Həmədan şəhərindəki qızlar məktəblərinə də kimyəvi hücum olub.

Məlumata əsasən, zəhərlənməyə etiraz edənlərin valideynləri və yaxınlarına qarşı hərbi-polis qüvvələri gözyaşardıcı qaz tətbiq edib.

 

AVROPADA QURAQLIQLA BAĞLI XƏBƏRDARLIQ

Avropa iqlim ekspertləri yaz və yay aylarının xüsusilə Aralıq dənizi və Avropanın cənubunda quraqlıqla müşahidə olunacağı ilə bağlı xəbərdarlıq ediblər. “TRT” telekanalının verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqı Kopernik İqlim Dəyişikliyi Xidmətinin bəyanatında qeyd olunur. Məlumata əsasən, 2022-ci ilin yay fəsli Avropada “ən isti yay” kimi qeydə alınıb. Ötən yay fəsli Avropanın əksər hissəsində intensiv və uzun istilik dalğalarının yaşandığı bir vaxtda temperatur orta göstəricidən 1,4 dərəcə yuxarı idi. Hazırda Avropada havanın temperaturu qlobal orta göstəricidən 2 dəfə sürətlə yüksəlir.

Bildirilir ki, Avropanın üçdə biri 2022-ci ilin yayında quraqlıqdan ciddi şəkildə təsirlənib, qitənin 63 faizində axar suların orta axınının miqdarı azalıb.

Xüsusilə Avropanın cənubunda su mənbəyi sayılan Alp dağlarında qar azlığı rekord həddə çatıb. həmçinin Alp bölgəsində 5 kvadrat kilometr buzlaq itkisi meydana gəlib. Orta temperatur artımı belə davam edərsə, Aralıq dənizi bölgəsində quraqlıq qaçılmazdır.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.