Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

RUSİYANIN “TAXIL SAZİŞİ”nin BƏRPA OLUNMASI ÜÇÜN İRƏLİ SÜRDÜYÜ ŞƏRTLƏR

Türkiyə, Rusiya, Ukrayna, eləcə də BMT arasında imzalanan və artıq müddəti başa çatan “Taxıl sazişi”nin bərpa olunacağına ümid var. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Rusiya mətbuatı danışıqlarda iştirak edən Türkiyə rəsmisinə istinadən məlumat yayıb. Bildirilir ki, bunun üçün Qərb Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracına maneələrin aradan qaldırılması ilə bağlı zəmanət verməlidir.

Eyni zamanda, qeyd olunub ki, rəsmi Ankaranın istədiyi də məhz budur. Lakin indiki mərhələdə heç bir proqnoz vermək mümkün deyil. Bununla yanaşı, mənbənin sözlərinə görə, vəziyyət tamamilə Qərbin Rusiya ixracına maneələri aradan qaldırmasından asılıdır.

Verilən xəbərə əsasən, həmçinin ərzaq məhsullarının ehtiyacı olan ölkələrə çatdırılması barədə yaxın vaxtlarda Türkiyə ilə Rusiya arasında ən yüksək səviyyədə görüş keçiriləcək.

 

ÇİN SƏDRİ ORDUNUN MODERNLƏŞDİRİLMƏSİNİ SÜRƏTLƏNDİRMƏYİ ƏMR EDİB

Çin Xalq Respublikasının sədri Si Cinpin Qərb Döyüş Komandanlığı Zonasında olarkən Çin Xalq Azadlıq Ordusunun modernləşdirilməsi prosesini sürətləndirməyi əmr edib. “Trend” agentliyinin məlumatına görə, bu barədə “Sinxua” agentliyi xəbər yayıb. Çin sədri ordunun döyüş qabiliyyətini artırmaq üçün müasir texnikanın tətbiqinin zəruriliyini qeyd edib.

“Yeni dövrdə güclü ordunun yaradılması ilə bağlı ideyaları həyata keçirmək, ölkəmizin silahlı qüvvələrinin modernləşdirilməsi prosesini sürətləndirmək lazımdır”, - deyə Si Cinpin vurğulayıb. Eyni zamanda, Çin Xalq Respublikasının sədrinin sözlərinə görə, çinli əsgərlər real döyüş təlimləri vasitəsilə öz bacarıqlarını təkmilləşdirməlidirlər. O xatırladıb ki, əsgər və zabitlər də ideoloji-siyasi hazırlığa böyük diqqət yetirməyə borcludurlar.

 

MACARISTAN PARLAMENTİ İSVEÇİN NATO-ya ÜZVLÜYÜNÜ TƏSDİQlƏMƏYİB

Macarıstan parlamenti ölkənin baş naziri Viktor Orbanın partiyasının mövqeyinə görə İsveçin NATO-ya daxil olmasını təsdiq edə bilməyib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə Macarıstan parlamentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “FİDES - Macarıstan Vətəndaş Birliyi” partiyası boykot elan edib və müxalifətin təşkil etdiyi növbədənkənar toplantıya qatılmayıb. Məlumatda vurğulanır ki, hazırda Macarıstan parlamenti yay tətilindədir və rəsmi olaraq yalnız 25 sentyabrdan işə başlayacaq. Bu səbəbdən İsveçin NATO-ya üzvlüyünün bu tarixdən əvvəl ratifikasiya olunacağı gözlənilmir. Xatırladaq ki, Finlandiya və İsveç ötən ilin mayında NATO-ya üzv olmaq üçün müraciət edib, lakin Türkiyə bu ölkələrdən PKK/YPG təşkilatlarının terrorçu elan etmələrini, həmçinin 2016-cı ildə terrorizmdə və ya dövlət çevrilişinə cəhddə iştirakda ittiham olunan şəxslərin ekstradisiyasını tələb edərək üzvlük prosesini əngəlləmişdi.

 

İRAN HAKIMIYYƏTİ SƏUDİYYƏ ƏRƏBİSTANININ TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏDİ

İran hakimiyyəti Ukraynadakı münaqişənin siyasi həllinə yönəlmiş istənilən təşəbbüsləri, o cümlədən Səudiyyə Ərəbistanında planlaşdırılan müvafiq danışıqları alqışlayır. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Naser Kənani Şafi məlumat verib.

Nazirlik rəsmisi avqustun əvvəlində Səudiyyə Ərəbistanının Ciddə şəhərində gözlənilən sülh danışıqları barədə məlumatı şərh edərkən deyib: “Biz Ukrayna böhranının siyasi həllinə nail olmağa imkan verəcək istənilən hərəkət və təşəbbüsləri alqışlayırıq”. Verilən xəbərə görə, Səudiyyə Ərəbistanı avqustun əvvəlində Qərb ölkələrinin iştirakı ilə Ukrayna üzrə sülh danışıqları keçirməyi planlaşdırır.

Bununla yanaşı, ABŞ-ın “The Wall Street Journal” nəşrinin məlumatına görə, avqustun 5-dən 6-dək Ciddə şəhərində keçiriləcək görüşə 30 ölkədən yüksəksəviyyəli rəsmilər gələcək, lakin Rusiya bu siyahıda yoxdur.

 

LİTVA PREZİDENTİ: “VAQNER” qruplaşma

sı SƏRHƏDDƏ TƏXRİBAT TÖRƏDƏ BİLƏR

“Vaqner” xüsusi hərbi şirkəti ölkəmizlə sərhəddə təxribat törədə bilər. Onlar bizim üçün ciddi təhdiddir”. “Report” agentliyinin verdiyi xəbərə görə, bunu Litva prezidenti Gitanas Nauseda xarici mediaya müsahibəsində bəyan edib. Dövlət başçısı bildirib ki, belə bir təhlükəni istisna etmək olmaz. “Litva, Polşa və Latviyaya qarşı təxribatlar mümkündür. “Vaqner”in Afrikaya gedəcəyinə dair məlumatların olmasına baxmayaraq, bu ssenari də mümkündür. Ona görə təhlükə ciddidir”, - deyə prezident əlavə edib.

Eyni zamanda, Gitanas Nausedanın sözlərinə görə, “Vaqner” qruplaşmasının silahlı qiyamından sonra Litva əlavə təhlükəsizlik tədbirləri həyata keçirib. “Hazırda vəziyyət  nəzarət altındadır. Lazım gəlsə, Litva ordusu sərhədçilərin köməyinə gələcək. Bunun üçün heç bir maneə yoxdur”, - deyə dövlət başçısı vurğulayıb. 

Məlumata görə, son günlər “Vaqner” qruplaşmasının kütləvi surətdə Belarusa hərəkəti müşahidə olunur.

 

NİGERDƏ BƏZİ NAZİRLƏRIN SAXLANILMASI BARƏDƏ MƏLUMAT YAYILIB

Nigerdə iyulun 26-da   baş vermiş çevrilişdən sonra prezident Məhəmməd Bazum hökumətinin bəzi nazirləri və məmurları saxlanılıb. “Trend” agentliyinin məlumatına görə, bu barədə saxlanılan prezidentin partiyasından açıqlama verilib.

Məlumata əsasən, hakimiyyəti ələ keçirən Prezident Qvardiyasının rəhbərliyi partiya rəsmilərini və nazirləri saxlayıblar.

Eyni zamanda, partiyadan verilən açıqlamaya görə, daxili işlər naziri Hama Amadou Souley, mədən naziri Hadiza Ousseini və nəqliyyat naziri Oumarou Malam Alma ilə iyulun 31-i səhər saatlarından etibarən əlaqə saxlamaq mümkün olmayıb.

Xatırladaq ki, Nigerin Prezident Qvardiyasının rəhbəri Abdurahman Çiani demokratik yolla seçilmiş Məhəmməd Bazumun hakimiyyətini devirdikdən sonra özünü Qərbi Afrika ölkəsinin keçid hökumətinin başçısı elan edib.

 

TÜRKIYƏNIN ANTALYA ŞƏHƏRINI REKORD SAYDA TURİST ZİYARƏT EDİB

Dünyanın ən çox turist qəbul edən bölgələrindən olan Türkiyənin Antalya şəhərinə 2023-cü ilin əvvəlindən iyulun 29-na kimi 8 milyondan çox xarici ölkə vətəndaşı gəlib. “Report” agentliyinin verdiyi xəbərə görə, bu barədə Antalya valisi Ersin Yazıcı bəyan edib.

Valinin sözlərinə görə, şəhə

rə 8 milyon 11 min 828 turist gəlib ki, bu da yeni rekord göstəricidir.

Məlumata əsasəsən, bundan əvvəlki rekord göstərici 2019-cu ildə qeydə alınıb. O zaman Antalyaya 8 milyon 4 min 11 turist gəlmişdi.

Eyni zamanda, şənbə günü təyyarə ilə Antalyaya gələn turistlərin sayına görə də yeni rekord qeydə alınıb: 100 min 40 turist.

Məlumat üçün qeyd edək ki, Türkiyənin turizm gəliri 2023-cü ilin ikinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 23,1 faiz artaraq 12 milyard 975 milyon 307 min dollara çatıb.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.