Dünya xəbərləri
Dünya xəbərləri

Dünya xəbərləri

PENTAQON “VAQNER”IN BELARUSDA YERLƏŞMƏSINƏ MÜNASIBƏT BİLDIRIB

ABŞ Müdafiə Nazirliyi Rusiyanın “Vaqner” qruplaşmasının Belarusda, xüsusən də NATO üzvü olan Polşa sərhədi yaxınlığında yerləşməsi ilə bağlı açıqlama verib. “Teleqraf.com”un xəbərinə görə, bu barədə Pentaqon sözçüsü general Patrik Rayder bildirib.

Mətbuat katibinin sözlərinə görə, hazırda Belarusda muzdluların olması səbəbindən Polşa və digər NATO ölkələri üçün qaçılmaz risklər mövcud deyil. O, əlavə edib ki, Polşa nümayəndələri Belarusla sərhəddəki vəziyyət barədə ən yaxşısını deyə bilərlər, lakin hazırda ABŞ-ın silahlı qüvvələrinin yerini tənzimləmək üçün heç bir əsası yoxdur.

“Transsərhəd əməliyyatlara gəldikdə, indi hər hansısa qaçılmaz riskdən xəbərdar deyiləm, lakin yenə də “Vaqner” qruplaşmasına gəldikdə, düşünürəm ki, hamımız nəbzi tutmuşuq”, - deyə Rayder vurğulayıb.

Bundan əvvəl Polşa baş naziri Mateuş Moravetski “Vaqner”in Suvalski dəhlizində yerləşdirildiyini açıqlayıb. Dəhliz Polşanı Baltikyanı ölkələrlə birləşdirir, eləcə də Rusiyanın Kalininqrad vilayəti və Belarus ərazisini ayırır.

 

İSTANBULDA TERRORÇU PARTLAYIŞA SANİYƏLƏR QALMIŞ SAXLANILDI

İstanbulda ticarət mərkəzlərinin birində PKK terrorçuları partlayış törətmək istəyib. “Sputnik” informasiya agentliyinin məlumatına görə, bu barədə “Hürriyet” qəzeti xəbər verir.

Qəzetin yazdığına görə, İstanbulun Bayrampaşa səmtində ticarət mərkəzində iki nəfər gəzərkən onlardan birinin əlindəki çanta qəflətən yanmağa başlayıb. Hadisə yerinə gedən polis çantanın içərisində partlayıcı qurğu olduğunu aşkar edib.

Bununla yanaşı, dindirilmə zamanı saxlanılan şəxslər Sultanqazi rayonundakı meşə parkında yanğına səbəb ola biləcək bəzi qurğular quraşdırdıqlarını, sonradan həmin qurğuların təhlükəsizlik qüvvələri tərəfindən aşkar edilərək məhv edildiyini bildiriblər.

Verilən xəbərə əsasən, terrorçuların digər cinayət ortaqları da Bahçelievler rayonundakı mənzillərdə saxlanılıb. Bildirilir ki, ümumilikdə 11 nəfər saxlanılıb. Qəzetin yazdığına görə, axtarışlar zamanı azı 3,2 kiloqram partlayıcı maddə və partlayıcı qurğuların hazırlanması üçün istifadə oluna bilən digər maddələr və elementlər aşkar edilib.

 

NİGERİN DEVRİLƏN LIDERINDƏN BEYNƏLXALQ İCTİMAİYYƏTƏ ÇAĞIRIŞ

Nigerin hərbi yolla devrilən prezidenti Məhəmməd Bazum ABŞ və beynəlxalq ictimaiyyətdən kömək istəyib. “Report”un verdiyi xəbərə görə, bu barədə məlumatı “France24” telekanalı yayıb.

Dövlət başçısı ünvanladığı müraciətində hazırda girovda olduğunu və köməyə ehtiyacının yarandığını bəyan edib.

“The Washington Post” qəzetində dərc olunan məqalədə Məhəmməd Bazum ABŞ və beynəlxalq ictimaiyyəti Nigerin konstitusiyasının bərpasına yardım etməyə çağırıb.

Demokratik yolla ölkə rəhbəri seçildiyini qeyd edən M.Bazum xatırladıb ki, bu, Mərkəzi və Qərbi Afrikada son üç ildə 7-ci hakimiyyət çevrilişidir.

Eyni zamanda, prezident hərbi çevrilişin reallaşacağı təqdirdə bunun Niger, region və bütün dünya üçün dağıdıcı nəticəsi olacağını bildirib. M.Bazum həmçinin hakimiyyətə qarşı bir qrup hərbçinin çevrilişinin heç bir əsasının olmadığını vurğulayıb.

Məhəmməd Bazumun hazırda Nigerin paytaxtı Niameydəki prezident sarayında olduğu bildirilib.

 

ABŞ TİCARƏT GƏMİLƏRİNDƏ HƏRBÇİLƏR YERLƏŞDİRMƏYİ NƏZƏRDƏN KEÇİRİR

ABŞ hərbi komandanlığı ticarət gəmilərinin Hörmüz boğazından keçərkən İranın hərəkətlərindən qorunması imkanlarını araşdırır. “Report” agentliyinin xəbərinə görə, bu barədə “Associated Press” öz mənbələrinə istinadən məlumat yayıb.

Verilən xəbərə görə, Amerika tərəfi öz silahlı hərbi qulluqçularını İran tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün mülki gəmilərin göyərtəsində yerləşdirilməsi variantını nəzərdən keçirir.

Mənbələr bildirib ki, konkret qərar verilməsə də, ABŞ regiondakı müttəfiqləri ilə bu planı müzakirə edir.

Eyni zamanda, vurğulanır ki, ABŞ Hərbi Dəniz Qüvvələri, plana görə, gəmilərin təhlükəsizliyini bu yolla təmin etməyə yalnız dənizçilərin özlərinin müraciəti əsasında hazır olacaq.

Qeyd edək ki, daha öncə ABŞ dəfələrlə İranı müxtəlif gəmiləri qanunsuz olaraq saxlamaqda ittiham edib. Xüsusilə iyul ayında ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanması İran hərbçilərinin Hörmüz boğazında iki neft tankerini saxlamağa çalışdığı barədə məlumat yaymışdı.

 

FRANSA PREZİDENTİ KƏŞFİYYAT ŞEFİNİ MƏSULİYYƏTSİZLİKDƏ İTTİHAM EDİB

Fransa prezidenti Emmanuel Makron ötən həftə Nigerdə baş verən hərbi çevrilişi qabaqcadan bilməyən Xarici Təhlükəsizlik Xidmətinin rəhbərinə reaksiya verib. “Teleqraf.com”un xəbərinə görə, Fransa lideri kəşfiyyat şefini məsuliyyətsizlikdə ittiham edib.

Emmanuel Makron bildirib ki, Xarici Təhlükəsizlik Xidmətinin direktoru Bernard Emi Fransanın keçmiş müstəmləkəsi olan Nigerdə çevrilişi qabaqcadan görməli idi.

Eyni zamanda, Bernard Emi bu ilin əvvəlində Nigerdə mümkün çevriliş xəbərdarlığına hökumət tərəfindən məhəl qoyulmadığını deyərək özünü müdafiə edib. Fransa mətbuatı yazır ki, Makron 64 yaşlı kəşfiyyat rəhbərini işdən çıxarmağı düşünür.

Xatırladaq ki, Nigerdə çevrilişdən sonra Emmanuel Makron Yelisey Sarayında müdafiə qurumlarının rəhbərləri ilə təcili iclas keçirib.

Qərb dünyasının Sahel bölgəsindəki son müttəfiqi Nigerdəki çevriliş bu ölkədə minlərlə hərbçisi olan Fransada ciddi narahatlıq yaradıb. Niger həmçinin uran ehtiyatları ilə Fransa üçün iqtisadi önəm kəsb edən ölkə kimi seçilir.

 

ABŞ VƏ UKRAYNA ARASINDA TƏHLÜKƏSİZLİK SAHƏSİNDƏ DANIŞIQLAR

Vaşinqton və Kiyev təhlükəsizlik sahəsində uzunmüddətli öhdəliklər üzrə danışıqlara başlayıblar. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

“Təhlükəsizlik sahəsində ikitərəfli öhdəliklərimiz Ukraynanı hazırda müdafiə edə biləcək dayanıqlı qüvvələrlə təmin etməyə yönəlib”, - deyə məlumatda bildirilib.

Məlumata əsasən, cümə axşamı başlayan danışıqlarda Dövlət Departamenti, Pentaqon və Milli Təhlükəsizlik Şurasının nümayəndələrinin də iştirak etdiyi qeyd olunub.

Bununla yanaşı, müzakirələrin “G7” ölkələrinin Ukraynaya dəstək üzrə birgə bəyannaməsi çərçivəsində aparıldığı vurğulanır.

Qeyd edək ki, bundan əvvəl “G7” ölkələri və bir sıra digər dövlətlər Ukrayna ilə ikitərəfli təhlükəsizlik təminatı üzrə danışıqlara hazır olduqlarını açıqlayıblar.

 

İRANDA BU İL 400-dən ÇOX İNSAN EDAM EDİLİB

İranda son üç gündə azı 11 bəluc edam edilib. “Sputnik” informasiya agentliyinin verdiyi xəbərə görə, bu barədə insan haqları qrupları məlumat yayıb.

Bununla da 2023-cü ildə İranda edam edilənlərin sayı 423 nəfərə çatıb. Bəluc azlığına aid məsələlərlə bağlı hesabat yayan “Haalvsh” hüquq müdafiə qrupu bildirib ki, edamlar Sistan-Bəlucistanda və Bircənd şəhərində bir neçə həbsxanada həyata keçirilib.

Eyni zamanda, hesabatda qeyd olunur ki, narkotiklə bağlı ittihamlara görə ölüm cəzasına məhkum edilmiş məhbusların heç biri ailələri ilə son görüşünü keçirməyib. Ailələr yalnız yaxınlarının cənazələrini götürməyə çağırılıb.

ABŞ-da yerləşən “HRANA” insan haqları agentliyinin iyul ayında yaydığı hesabatda bildirilib ki, İranda son 10 ildə təxminən 5000 nəfər edam edilib.

“HRANA”nın hesabatına görə, 2022-ci ildə edamların sayı bir il əvvəlki illə müqayisədə 88 faizdən çox artıb. Həmçinin qeyri-rəsmi rəqəmlərin daha çox olduğu qeyd olunur.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.