DÜNYA XƏBƏRLƏRİ
Dünya xəbərləri

DÜNYA XƏBƏRLƏRİ

ƏRDOĞAN ABŞ VƏ QƏRB ÖLKƏLƏRİNİ TƏNQİD EDİB

ABŞ başda olmaqla bir çox Qərb dövlətləri Türkiyə ilə Yunanıstan arasında gərginliyin artmasına çalışır. “Report” agentliyinin xəbərinə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Dubayda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasından qayıdarkən jurnalistlərə müsahibəsində bəyan edib.

Dövlət başçısı bildirib ki, pulunun ödənilməsinə baxmayaraq, ABŞ hələ də Türkiyəyə “F-16” qırıcı təyyarələrini vermir.

“Yunanıstana bu qırıcılar göndərilir. Biz yolumuza davam edəcəyik. Əlbəttə, mövqelərimizdə fərqliliklər var. Həlli dərhal mümkün olmayan problemlər də mövcuddur. Lakin bu problemləri həll edə biləcək tezislərə də sahibik”, - deyə Türkiyə lideri vurğulayıb.

Bununla yanaşı, Ərdoğanın sözlərinə görə, hər kəs verdiyi vədi yerinə yetirsə, xarici təsirlər neytrallaşsa, bundan hamı qazanacaq. “Bizim xarici siyasətimiz “daim biz qazanaq, qarşımdakı uduzsun” prinsipi üzərində qurulmayıb”, - deyə Ərdoğan əlavə edib.

“AUKUS” ALYANSI HƏRBİ TƏLİMLƏR KEÇİRMƏYƏ HAZIRLAŞIR

ABŞ, Böyük Britaniya və Avstraliya 2024-cü ildə “AUKUS” üçtərəfli hərbi tərəfdaşlığı çərçivəsində birgə dəniz təlimləri keçirəcək. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Kaliforniya ştatında Avstraliya və Böyük Britaniyadan olan həmkarları ilə birgə mətbuat konfransında bildirib.

Müdafiə nazirlərinin Pentaqon tərəfindən dərc olunmuş birgə bəyanatına əsasən, bu təlimlər hərbi sənaye sahəsindəki şirkətlər üçün dəniz vasitələrinin hazırlanması, nümayişi və istehsalında iştirak imkanı yaradacaq.

“Təlimlər sayəsində “AUKUS” üzrə tərəfdaşlar pilotsuz dəniz sistemlərindən birgə istifadə, üç ölkənin məlumatlarının mübadilə və emalı, eləcə də qərar qəbulunda yardım üçün vaxtında xəbərdarlıq üzrə imkanları sınaqdan keçirərək təkmiləşdirməyə davam edəcəklər”, - deyə bəyanatda vurğulanır.

Qeyd edək ki, “AUKUS” İttifaqı ABŞ, Avstraliya və Böyük Britaniya arasında yaradılıb. Ağ Ev bu ittifaqın gələcəkdə ABŞ-ın Avropa və Asiyadakı tərəfdaşları hesabına genişlənə biləcəyini istisna etmir.

KXDR PEYKLƏRİNƏ İSTƏNİLƏN MÜDAXİLƏYƏ MÜHARİBƏ İLƏ CAVAB VERƏCƏK

Koreya Xalq Demokratik Respublikası (KXDR) Yerin orbitində ilk kəşfiyyat peykini ABŞ tərəfindən zərərsizləşdirmək cəhdlərini müharibə elanı kimi qiymətləndirəcək və buna bənzər hərəkətlərlə cavab verə bilər. “Report” agentliyinin verdiyi xəbərə əsasən, bu barədə KXDR Müdafiə Nazirliyinin rəsmi nümayəndəsinin bəyanatında qeyd olunur.

Eyni zamanda, nazirlik rəsmisi izah edib ki, bu yaxınlarda ABŞ Kosmik Qüvvələri komandanlığı Şimali Koreyanın peykinə hərbi zərbə endirmək ehtimalına eyham vurub.

“ABŞ Kosmik Qüvvələrinin KXDR peykinə qarşı düşmən və təhlükəli mövqeyi diqqətdən kənarda qala bilməz. Bu, bizim suverenliyimizə açıq-aşkar meydan oxumaq, daha dəqiq desək, ölkəmizə müharibə elan etməkdir”, - deyə KXDR rəsmisi bildirib.

Bununla yanaşı, bəyanata əsasən ABŞ müasir texnologiyadan silah kimi istifadə edib suveren dövlətin hüquqlarına qəsd edərsə, o zaman KXDR beynəlxalq və milli normalara uyğun olaraq müvafiq addımlar atacaq.

YERİMƏ SÜRƏTİNİN DİABET RİSKİNİ AZALTDIĞI MƏLUM OLUB

Sürətlə yeriyərkən insanın ikinci tip şəkərli diabetə tutulma riski azalır. Bunu “British Journal of Sports Medicine” nəşrində dərc edilmiş beynəlxalq mütəxəssislər komandasının son araşdırmasının nəticələri sübut edib. Təhlillərə əsasən məlum olub ki, saatda 6 kilometr sürətlə yerimək təhlükəli xəstəliyin alovlanma ehtimalını 39 faiz azaldır. Bununla yanaşı, saatda 3-5 kilometr piyada sürəti xəstəliyin inkişaf riskini 24 faiz azaldır.

Alimlərin sözlərinə görə, 1 dəqiqə ərzində atılan addımların sayı da bu məsələdə mühüm rol oynayır. Mütəxəssislər bildiriblər ki, saatda 4 kilometr sürətlə hərəkət kişilər üçün minimum göstərici 87 addım, qadınlar üçün isə 100 addım olmalıdır. Onların fikrincə, yüksək sürəti yeriş əzələ gücünün və kardiorespirator sisteminin yaxşılaşmasına, həmçinin çəki itirilməsinə kömək edir.

BMT TƏHLÜKƏSİZLİK ŞURASI 31 İL SONRA “AYILDI”

BMT Təhlükəsizlik Şurasında Somaliyə silah embarqosunun ləğvi ilə bağlı qətnamə layihəsi səsverməyə çıxarılıb. “Teleqraf.com”un verdiyi xəbərə görə, qanun layihəsi yekdilliklə qəbul edilib. Qərarın əsas məqsədi “Əş-Şəbab” hərəkatından gələn təhlükəni azaltmaqdır.

Eyni zamanda, qərarda “Əş-Şəbab”ın Somali və bölgənin təhlükəsizliyinə davam edən təhdidinin narahatlıqla qarşılandığı bildirilib.

Somalinin BMT-dəki daimi nümayəndəsi Əbukar Dahir Osman səsvermədən sonra qərarın ölkəsinin təhlükəsizlik təhdidləri ilə mübarizəsinə töhfə verəcəyini diqqətə çatdırıb.

Məlumat üçün qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ordunun silah-sursat və bomba hazırlamasında istifadə olunan materiallarının “Əş-Şəbab”ın əlinə keçməsinin qarşısını almaq məqsədilə 1992-ci ildən Somaliyə silah embarqosu tətbiq edirdi.

Xatırladaq ki, “Əş-Şəbab” Somalidə hökuməti devirmək üçün mübarizə aparan silahlı təşkilatdır və 2011-ci ildən etibarən ölkənin cənubunun çox hissəsinə nəzarət edir. Həmin bölgələrdə sərt şəriət qanunları tətbiq olunur. “Əş-Şəbab”ın təxminən 15 minlik canlı qüvvəsi var.

ÜST: AVROPADA SÜRƏTLƏ ARTAN İİV EPİDEMİYASI MÜŞAHİDƏ EDİLİR

Avropada dünyada ən sürətlə yayılan insanın immunçatışmazlığı virusu (İİV) müşahidə edilir. “Trend” agentliyinin verdiyi xəbərə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional bürosunun direktoru Hans Klüge məlumat verib.

“Avropa regionunda insanların 50 faizində diaqnoz gec qoyulur. İnsanlar tibbi yardıma çox gec müraciət edirlər. 10 ildir ki, bu tendensiya dəyişmir. Regionumuzun bir sıra ölkələrində ölüm göstəriciləri qəbuledilməz dərəcədə yüksəkdir, digərlərində isə İİV-ə yoluxma demək olar ki, tamamilə dayandırılıb”, - deyə ÜST rəsmisi vurğulayıb.

Hans Klügenin sözlərinə görə, ÜST-ün Avropa Regionunda diaqnostika, müalicə və yoluxmanın qarşısını almaq üçün mövcud resurslar və texnologiyalarla heç kimdə İİV inkişaf etməməli, xüsusən də, heç kim bu xəstəlikdən ölməməlidir.

RUSİYADA TEMPERATUR MƏNFİ 50 DƏRƏCƏDƏN AŞAĞI DÜŞƏCƏK

Rusiyanın əksər ərazisini yaxın günlərdə anomal soyuq hava şəraiti gözləyir. Bildirilir ki, bəzi bölgələrdə şaxtalar mənfi 40-50 dərəcəyə çatacaq. Bu barədə “TASS” agentliyi Rusiyanın Hidrometeorologiya Mərkəzinin elmi direktoru Roman Vilfandın açıqlamasına istinadən xəbər verib.

Mərkəzin direktorunun sözlərinə görə, dekabrın 6-dək Şimal-Qərb Federal Dairəsinin bütün rayonlarında havanın temperaturu iqlim normasından 7-14 dərəcə, bəzi yerlərdə isə 15-20 dərəcə aşağı olacaq. Krasnoyarsk, Maqadan və Xabarovsk əraziləri, Yakutiya və Çukotka ərazilərini xüsusilə soyuq hava gözləyir.

“Taymir və Evenki vilayətlərində havanın temperaturu 35-42 dərəcə şaxta təşkil edəcək. Yakutiyada, Maqadan diyarında və Çukotkada mənfi 43-49 dərəcə, Yakutiyada bəzi yerlərdə mənfi 54 dərəcəyədək soyuq olacaq”, - deyə Rolman Vilfand qeyd edib.

Hazırladı:

Vamiq ABBASOV,

“Respublika”.