Siyasət

"Soyuq müharibə"nin ikinci fazası:Yeni dünya düzənini kim quracaq?

Rusiya ilə ABŞ arasında "soyuq müharibə" rəsmi olaraq 1990-cı ildə yekunlaşsa da, həmin dövrdən bəri münasibətlərin enişli-yoxuşlu olduğunu demək mümkündür. Toqquşan ortaq maraqların iki ayrı tərəfi olan Rusiya və ABŞ ötən 30 il ərzində müxtəlif səbəblərdən bir-biri ilə konfliktdə olublar. Rusiyanın regionda başlatdığı savaşlar, ABŞ-ın "Ərəb baharı"nda mübahisəli rolu dünyanın ən güclü dövləti uğrunda mübarizənin daha da qızışmasına və yeni münaqişə ocaqlarının yaranmasına səbəb olub.

ABŞ-ın 46-cı prezidenti Corc Bayden son açıqlamalarının birində bildirib ki, yeni dünya düzəninə ehtiyac var və ABŞ bu düzəni qurmağa qadirdir. Rusiya Prezidentinin mətbuat katibi Dimitri Peskov isə ona cavabında bildirib: "Bəli, bu, ABŞ ilə nadir hallarda ortaq olduğumuz fikirlərdən biridir. Bu baxımdan biz ABŞ-ı dəstəkləyə bilərik. Amma Baydenin fikirlərinin əksinə yeni dünya düzənini ABŞ qura bilməyəcək".

Hər iki ölkə arasında diplomatiya müharibəsinin getdiyi bir dövrdə bizi daha çox düşündürən yeni dünya düzəni amilidir. Bəli, hər iki tərəfin də qeyd etdiyi kimi yeni dünya düzəni qurulmalıdır. Müharibənin, epidemiyanın, aclığın, ədalətsizliyin ardı-arasının kəsilmədiyi bir dövrdə dünyanın dərin islahatlara ehtiyacı var. Amma necə və kim tərəfindən? Əgər bu iş BMT, Aİ, AP kimi konqlomerat təşkilatlara həvalə olunacaqsa, o zaman bu islahatlar müsbət nəticə verməyəcək. Ən azından bu təşkilatların fəaliyyətsizliyini və ölkəmizə qarşı ikili siyasətlərini bu gün də görürük. 4 qətnaməsini 30 il boyunca reallaşdıra bilməyən Birləşmiş Millətlər Təşkilatı, missiyasını Ermənistana göndərib orada Azərbaycanı işğalçı adlandıran Avropa İttifaqı və marionet kukla kimi Paşinyanı əldə oynadan Avropa Parlamenti dünyaya yeni düzən gətirməmişdən əvvəl birinci öz idarələrində islahat aparmalıdırlar. Mənasız keçirilən iclaslar, əsassız qəbul edilən bəyanatlar və ittihamlar bu qurumların əsas gündəliyini təşkil edir. Lakin bu avantüra təkcə ölkəmizə qarşı aparılmır.

BMT Təhlükəsizlik Şurasının 18 oktyabr tarixli iclasında Braziliyanın Qəzzaya təcili humanitar yardımla bağlı qətnaməsinə ABŞ-ın veto qoyması bu qurumun səriştəsizliyini bir daha göstərdi. İsrail və Fələstin arasında baş verən qarşıdurma zamanı günahsız insanların zərər görməsi ABŞ kimi nəhəng dövləti və digər konqlomerat təşkilatları maraqlandırmır. Fransanın Afrikada törətdiyi vəhşiliklər və müstəmləkəçilik siyasətinə qarşı hələ heç bir siyasi və hüquqi addım atılmayıb. Güman ki, haqq-ədalət tərəfdaşı olan təşkilatlar Fransanın bu cür vandallıqlar etdiyinə inanmır, ya da inanmaq istəmir. "Ərəb baharı" dövründə Fransa prezidenti Nikola Sarkozinin Liviya torpaqlarına icazəsiz burnunu soxmaq cəhdi və Liviya səmasında qanunsuz uçuşlar keçirməsi donor təşkilatların müzakirə mövzusu olmadı. İndi bu qurumlara yeni dünya düzəninin qurulması üçün səlahiyyət verilməlidirmi? Ümumiyyətlə, ABŞ-ın yeni dünya düzəni islahatları kimi və nəyi hədəf alıb?

Böyük oyunçuların yeni nizam axtarışı bu günə qədər öz nəticəsini verməyib. Uzun müddətdir ABŞ-ın xarici siyasətinin əsasında dünyada vahid və şəriksiz lider ölkə olmaq dayanır. Bu hədəf üçün isə ən real maneə Rusiyadır. Bunu ABŞ qədər Rusiya da dərk edir. Kreml müəyyən müddət Qərbin açıq siyasətindən uzaqda dayanıb. Lakin ötən ilin fevralında başlayan Rusiya-Ukrayna müharibəsi bu siyasətin dəyişməsinə və yeni nizamın qurulmasına ehtiyac yaratdı.

Vaxtilə Rusiya ilə birgə siyasət yürüdən, bu gün isə ondan üz döndərən bəzi ölkələrin Qərblə yaxınlıq etməsi Rusiya-Ukrayna müharibəsindən sonra fərqli məcraya yönəldi. Artıq bəzi dövlətlər illərdir yürütməyə çalışdığı qərblə gizli yaxınlaşmanı fürsətə çevirmək üçün tarixi şans qazandılar. Qərb dövlətləri də öz növbəsində Şərq ölkələrinə "qucaq açdı".

Lakin Qərbin də gələcək islahatlarda nə qədər ədalətli davranacağı bəlli deyil. Yeni dünya düzənində ərazilərin bölüşdürülməsində kimin iştirak edəcəyi aktual olaraq qalır. Qərbin rəsmi Moskvaya "tortdan pay vermək istəməməsi" yeni nizamın sülh çərçivəsində qurulacağına şübhə yaradır. "Ərəb baharı"nın ABŞ üçün yeni üfüqlər açdığını nəzərə alsaq, Qərbin Amerika ilə eyni siyasət aparmağa məcbur olduğunu qeyd etmək lazımdır. Rusiya və Ukrayna arasında baş verən müharibədən sonra da "Varşava" müqaviləsi ölkələrinin ard-arda NATO sıralarına qoşulması ABŞ-ın Rusiya ilə oyunda yenidən önə keçməsinə şərait yaratdı. Rusiya isə fərqli xətt ilə davam edərək, ABŞ-ın "yumşaq güc" siyasətinə hər dəfə hücumla cavab verdi. Bu da rəsmi Moskvanın qəti mövqeyindən xəbər verir. "Yardım paketi" adı altında "Marşal planı"nın yeni versiyasını təklif edən ABŞ bir sıra ölkələrdə öz gücünü hiss etdirməyə çalışır. Rusiya isə hazırkı dövrdə ABŞ-a "soyuq müharibə"də uduzur. Lakin hadisələrin məcrasının hansı yöndə davam edəcəyini və yeni dünya islahatlarında "əraziləri kimin bölüşdürəcəyini" demək çətin məsələdir.

Tacir SADIQOV,

"Respublika".