Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib
Sosial həyat

Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının iclası keçirilib

Qarabağ Dirçəliş Fondunun (QDF) Müşahidə Şurasının növbəti iclası keçirilib.

Qurumdan AZƏRTAC-a bildiriblər ki, iclasda Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov, Şuranın üzvləri - ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin deputatları Tural Gəncəliyev və Fatma Yıldırım, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov, Xalq artisti Alim Qasımov, eyni zamanda, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

Əvvəlcə Müşahidə Şurasının sədri Mikayıl Cabbarov Şuranın üzvü, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevi cari ilin noyabrında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti seçilməsi münasibətilə Şura üzvləri adından təbrik edib, sözügedən tədbirin yüksək səviyyədə keçəcəyinə əminliyini bildirib.

Qeyd olunub ki, bu cür nüfuzlu tədbirin Azərbaycanda keçirilməsi ilə bağlı qərarın verilməsi dövlətimizin növbəti qələbəsidir.

Daha sonra Şuranın sədri gündəlikdə yer alan Fondun cari il üzrə büdcəsinin təsdiq olunması, bərpa və yenidənqurma işlərinə maliyyə dəstəyinin göstərilməsi qaydalarının təkmilləşdirilməsi, kənar auditorun təsdiqlənməsi və digər məsələləri müzakirəyə çıxarıb.

Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev Müşahidə Şurasına bununla bağlı ətraflı məlumatı verib.

Qeyd edək ki, müzakirə olunan bütün məsələlərlə bağlı Şura üzvləri tərəfindən müvafiq qərarlar qəbul olunub.

Şura üzvləri Fondun gördüyü işlər və fəaliyyət istiqamətləri ilə bağlı razılıqlarını ifadə edib, İdarə Heyətinin sədrinə müvafiq tapşırıqlar veriblər.