İdman: Daim zirvələrdə
İdman

İdman: Daim zirvələrdə

Karateçilərimiz iki medal qazanıblar

Karate üzrə Azərbaycan yığması İtaliyanın Venesiya şəhərində gənclər arasında Karate 1 Liqasını iki medalla başa vurub. Kumite üzrə yarışda Fərid Hacızadə fəxri kürsünün iki pilləsinə qalxıb. Kata növündə isə Salman Salmanov bürünc medal uğrunda görüşdə rəqibinə qalib gələrək üçüncü yeri tutub.

Respublika Spartakiadası keçirilib

Orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş XV Respublika Spartakiadası keçirilib. Spartakiadaya qızların dama yarışı ilə start verilib. Azərbaycan Pedaqoji Kollecinin idman kompleksində baş tutan yarışda 6 komanda iştirak edib. Azərbaycan Dövlət Pedaqoji Kolleci birinci, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci ikinci, Bakı Texniki Kolleci üçüncü yeri tutub. Oğlanlar arasında dama yarışında isə 7 komanda qüvvəsini sınayıb. Qalib adına Qida Sənayesi Kolleci sahib çıxıb. Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci gümüş medal qazanıb. Sənaye və Texnologiya Kolleci isə üçüncü olub.

Voleybol millimiz çempionatda iştirak edəcək

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət komandası Litvanın Şaulyay şəhərində keçiriləcək Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcək. Yarışda ümumilikdə 6 ölkənin yığması mübarizə aparacaq. Azərbaycan millisi Latviya, Ukrayna, Litva, Estoniya və Polşa kollektivləri ilə üz-üzə gələcək. "Avro-2024" ə seçmə xarakteri daşıyan turnirin reqlamentinə əsasən, birinci yeri tutacaq komanda birbaşa qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək. Qeyd edək ki, turnir yanvarın 3-7-də baş tutacaq.

Nərgiz İsmayılova,

"Respublika".