ADA-nın İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniya Diplomatik İnstitutu arasında memorandum imzalanıb
Elm və təhsil

ADA-nın İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniya Diplomatik İnstitutu arasında memorandum imzalanıb

ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutu ilə Rumıniya Diplomatik İnstitutu arasında birgə tədqiqat və diplomatik kadr hazırlığı sahəsində əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

ADA Universitetindən AZƏRTAC-a bildirilib ki, Anlaşma Memorandumu çərçivəsində xarici siyasət və beynəlxalq münasibətlər üzrə diplomatların və mütəxəssislərin yetişdirilməsi və onların bacarıqlarının inkişafı üçün birgə tədqiqatlar həyata keçiriləcək. Tərəflər, həmçinin gənc diplomatların biliklərinin artırılması məqsədilə tədris materiallarının mübadiləsini təmin edəcək və onların potensialının gücləndirilməsi üçün mübadilə proqramı təşkil edəcək.

Sənədə əsasən sözügedən qurumlar maraq sahələrini əhatə edən digər zəruri istiqamətlər üzrə əməkdaşlıq istiqamətində xarici dil kurslarının təşkili ilə bağlı məsləhətləşmələr aparacaq. Hər iki institutu təmsil edən ekspertlər konfrans və simpoziumlarda iştirak edəcək, qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələr həyata keçirəcəklər.