Ağalıdakı ərik bağının ilk məhsulu
Region

Ağalıdakı ərik bağının ilk məhsulu

İki yüz il əvvəl torpaqlarımıza köçürülən ermənilər həmişə təhlükə mənbəyi olublar, sığındıqları ərazilərə xəyanət ediblər. Azərbaycanlıların xeyirxahlığından, səmimiyyətindən, mərhəmətindən istifadə edərək onların kürəyinə qəflətən xəncər saplayıblar, hiyləgər satqın toplum şər, böhtan dağarcığıdır.

30 ilə yaxın işğal altında saxladıqları torpaqlarda ermənilər bir ting basdırmayıblar. Ağac əkməyiblər, gül kolu basdırmayıblar, əksinə meyvə ağaclarını kəsiblər, bağları kütləvi surətdə məhv ediblər, bir sözlə, düşmənin xisləti dağıtmaq, yandırmaq, uçurtmaq, laləzar çölləri səhraya çevirməkdən ibarətdir. Söhbət on min kvadratkilometr ərazidən gedir, iki il bundan əvvəl Kəlbəcərdən çıxarılan ermənilərin törətdikləri vəhşilik bir daha onu göstərdi ki, bu zatı qırıqlar, südü pozuqlar insanlığın üz qarasıdırlar, mənşələri, kökləri bilinməyən əldəqayırma, yeddi dərənin suyunu bulandıran bir toplumdur. Ağacları kəsmək, doğramaq, evləri uçurtmaq, goreşən kimi qəbirləri eşələmək, başqalarının əmlakını oğurlamaq, çörəyini yediyi, suyunu içdiyi torpağı zəhərləmək, azərbaycanlıların ayaqları altına ölümsaçan minalar basdırmaq erməniliyin ən idbar sifəti, iyrəncliyidir. 2020-ci ilin payızında dövlətimizin başçısı, Qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusunun bölmələri tərəfindən erməni işğalından azad edilən Qarabağda Şərqi Zəngəzurda törədilən vandallıq, vəhşilik sərhəd tanımır. Meyvə bağlarını kəsib doğrayan ermənilərin dözülməz hərəkətləri onu göstərir ki, düşmən bütün canlılara qarşı soyqırımı həyata keçirib. Dünya ictimaiyyəti yarasa xislətli erməni təhlükəsini dərindən hiss etməli, onlara etibar etməməlidir.

Qarabağ Şərqi Zəngəzur. Şanlı  qələbədən sonra bu yerlərə üçüncü bahar gəlib,ermənilər tərəfindən kəsilən ağacların kökündən yenidən pöhrələr göyərib, çöl-çəmən yaşıllığa bürünüb, çiçəklərin ətri ətrafa yayılır, bu torpaqların azad edilməsi uğrunda şəhid olanların ruhu dolaşan yurd yerlərinin ətrindən-rahiyəsindən doymaq mümkün deyil. Qarabağın Şərqi Zəngəzurun təbiətinin gözəlliyi, havası, suyu, mineral bulaqları, meşələri, bir sözlə cənnəti xatırladan ab-havası insanın könlünü oxşayır. Müharibədən dərhal sonra işğaldan azad edilən torpaqlarda bərpa yenidənqurma işlərinə başlanılıb. Həyat əhəmiyyətli bütün infrastrukturun yaradılması üçün layihələrin icrası uğurla davam etdirilir. Uzun illər yurd həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin Böyük Qayıdışı üçün düşmənin xarabalığa çevirdiyi şəhərlər kəndlər yenidən qurulur. Prezidentin təşəbbüsü ilə işğaldan azad edilən torpaqlarda "Ağıllı şəhər" "Ağıllı kənd" pilot layihələr əsasında genişmiqyaslı inşaat işləri aparılır. İlk pilot layihə Zəngilan rayonunun Ağalı kəndi ərazisində həyata keçirilib. Ağalıların doğma kəndə qayıdışı düşmən üzərində qazanılan tarixi qələbənin təntənəsi altında baş verdi. 30 illik həsrətdən sonra sevinclə, qürurla, toy-bayramla evlərinə qayıdan ağalılar həyətlərində bağ salmağa, güllər əkməyə başladılar, bostan becərirlər.

Əzəldən torpağa bağlı olan ağalılar yeni kənddə sektorun bir neçə sahəsi ilə məşğul olur, istehsal müəssisələrində işləyirlər. Doğma yurd yerlərinə qayıdış torpağı da canlandırıb. Ağalı kəndində əkilən  ərik ağacları bu il bar verib. Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Möhübbət Səmədov deyir ki, 40 hektar ərazidə salınan meyvə bağında 30 nəfərə yaxın işçi çalışır. Gələcəkdə bağbanların sayı daha da artacaq. Kənd sakinləri meyvə bağında hər biri 10 hektar olmaqla 4 çeşiddə ting əkiblər. Tinglərdən ikisi İspaniyadan gətirilib, ikisi isə yerli növdür. Bağlarda müasir suvarma sistemlərindən istifadə olunur. Gələcəkdə 60 hektar sahədə  ərik ağaclarının əkilməsi nəzərdə tutulub. Meyvə bağlarında digər meyvə ağacları da əkiləcək. Həkəri Bərguşad çaylarının əraziyə yaxın olması isə suvarma sistemində yaranacaq çətinlikləri aradan qaldıracaq. Gələn ay meyvə yığımı başlayacaq, Zəngilan torpağında yetişdirilən ərik süfrələrimizin bəzəyəcək.

Salman ALIOĞLU,

"Respublika".