AĞDAM-XANKƏNDI YOLUNUN AÇILMASI TARIXI HADISƏDIR
Digər xəbərlər

AĞDAM-XANKƏNDI YOLUNUN AÇILMASI TARIXI HADISƏDIR

"Cənubi Qafqazda gərginliyin azaldılması kontekstində Rusiyanın humanitar yüklərinin Ağdam-Xankəndi marşrutu ilə keçməsi mühüm addımdır. Biz bu addımın həssaslığını başa düşürük və ümid edirik ki, bu, yerli əhaliyə müntəzəm tədarükün bərpasına təkan verəcək". Bu barədə Avropa İttifaqı Şurasının saytında yayılan bəyanatda qeyd olunub.

Bildirilib ki, Qarabağ ermənilərinə lazımi məhsulların verilməsini təmin etmək son dərəcə vacibdir. Ağdam-Xankəndi marşrutunun açılması Laçın yolunda hərəkətin bərpasına doğru atılan mühüm addımdır. Qurum Bakı və Qarabağ erməniləri arasında onların hüquqları, təhlükəsizliyi ilə bağlı dialoq, barışıq səyləri və ümumi Ermənistan-Azərbaycan sülh prosesi ilə əlaqədar konkret addımlar gözlədiyini vurğulayıb.

 ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kim isə "X" hesabında bildirib ki, sentyabrın 12-də Rusiya Qırmızı Xaç Cəmiyyətinin yük maşını iyun ayından bəri ilk humanitar yardımı çatdırmaq üçün Azərbaycanın Qarabağ bölgəsinə daxil olub. Bu, əhəmiyyətli ilk addımdır. İndi Qarabağdakı gərgin vəziyyətə son qoymaq və davamlı siyasi dialoq üçün dərhal və eyni zamanda həm Laçın, həm də Ağdam marşrutlarını açmaq vaxtıdır.

Qərbdən gələn bu açıqlamaları iki istiqamətdə şərh etmək olar. İlk növbədə, bəyanatlarda Ağdam-Xankəndi yolu ifadəsinin öz əksini tapması onu göstərir ki, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, Qarabağın erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün təklif etdiyimiz Ağdam-Xankəndi yolundan istifadə artıq reallığa çevrilib. Çünki rəsmi Bakı sübut etdi ki, bura Azərbaycan ərazisidir və yolun haradan keçəcəyi barədə qərarı da o verir. Bu, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı beynəlxalq səviyyədə aparılan təzyiqlər üzərində qələbə kimi xarakterizə olunur. Azərbaycanın Qarabağda Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayan ermənilərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi Ağdam-Xankəndi yolu nə az, nə çox düz 30 ildən sonra işə düşdü. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin növbəti uğurudur. Çünki Ağdam-Xankəndi yolunun siyasi iradə hesabına açılması güc yolu ilə işə düşməsindən dəfələrlə çətin məsələdir. Bu mənada, Ağdam-Xankəndi yolunun açılması həm də qərbin ermənipərəst dairələrinin mövqeyinin tamamilə iflası deməkdir.

Bununla belə, hər iki bəyanatda da Laçın yolu ifadəsinə rast gəlinir. Bu isə ona işarə edir ki, qərb, Ermənistan və Qarabağ separatçıları Ağdam-Xankəndi yolunun açılması qarşılığında Laçın yolunun da açılmasına israr edir. Əslində, Laçın və Ağdam marşrutlarının paralel açılması sxemi işlənib hazırlanıb. Amma nəzərə almaq lazımdır ki, ötən gün daşınan yüklə bu razılaşma arasında əlaqə yoxdur. Çünki dünən aparılan yük ayrıca bir razılaşma əsasında həyata keçirilib. Rusiya Qırmızı Xaç Cəmiyyəti tərəfindən göndərilən yükün Ağdam vasitəsilə Xankəndiyə çatdırılması individual razılaşmadır. Eyni zamanda, hələ Ağdam-Xankəndi yolu tam işlək vəziyyətə gətirilməyib. Bunun reallaşması üçün xunta rejimi müəyyən addımlar atmalıdır. Digər tərəfdən, Laçın yolundan daşınması planlaşdırılan yüklər Azərbaycan qanunlarına uyğun şəkildə sərhəd-buraxılış və gömrük məntəqələrindən keçirilməlidir. Burada isə bir sual ortaya çıxır. Bəs, Laçın yolundan keçəcək yüklərə görə Ermənistan Azərbaycana gömrük vergisi ödəməyə razılaşacaqmı? Nəzərə almaq lazımdır ki, gömrük vergisi ödəmək üçün Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və müvafiq ticarət sazişlərinin imzalanması vacibdir. Bütün bunların fonunda onu da qeyd etmək lazımdır ki, Laçın yolunun açılması yalnız rəsmi Bakının iradəsi ilə bağlıdır. Çünki Azərbaycanın beynəlxalq hüquqla tanınan əraziləri daxilində istədiyini etmək haqqı var və bu istiqamətdə ölkəmizə təzyiq edilməsi beynəlxalq hüququn prinsip və normalarına ziddir.

Qeyd edək ki, senytabrın 12-si səhər tezdən Ağdamdan Xankəndiyə yola düşən Rusiya Qırmızı Xaç Cəmiyyətinin humanitar yük TIR-ı sentyabrın 9-dan Bərdədə gözləyirdi.

Jalə QASIMZADƏ,

"Respublika".