Ağılsız siyasətin uğursuz sonu
Digər xəbərlər

Ağılsız siyasətin uğursuz sonu

Son illər xüsusilə də İkinci Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Fransanın ölkəmizə qarşı qərəzli mövqeyinin şahidi olduq. Ermənistanın yaxın dostu, bəzən də müdafiəçisinə çevrilən Fransanın anti-Azərbaycan siyasəti bəzi məqamlarda anlaşılan idi. Çünki bu ölkədə olan güclü erməni lobbisi birbaşa hökumətə təsir gücünə sahibdir. Lakin Fransanın Azərbaycandakı səfiri Zakari Qrossun “Twitter” hesabındakı son paylaşımı olduqca diqqətçəkəndir. Səfir yazır: “Fransa hökuməti Qarabağın müstəqilliyini tanımır”. Daha sonra səfir qeyd edib ki, bir şey hamıya çox aydın olmalıdı: Fransa hökuməti parlamentin müstəqilliyini tanıyır, lakin Qarabağın müstəqilliyini tanımır. Səfirin bu münasibəti gözlənilməz olduğu qədər də anlaşılmazdır.  Hər zaman Azərbaycana qarşı qərəzli mövqe tutan bu ölkə nədən münasibətində dəyişiklik etdi? Məlum məsələdir ki, Fransa daim Ermənistanı müdafiə etməklə münaqişəni daha da alovlandırırdı. Əslində, üçüncü tərəfin barışıq missiyası ilə çıxış etməsi lazım gəldiyi halda bu ölkənin bizə qarşı atdığı addımlar başadüşülən idi. Hər halda Makron Ermənistana olan “mənəvi” borcunu bu yolla ödəmiş olduğunu düşünürdü.  Ancaq Fransanın mövqeyində qəfil dönüş yaratması və Fransa Milli Assambleyasının sədri Yael Braun-Pivetin Ermənistana səfəri zamanı etdiyi çıxışı bəzi müəmmalı suallar doğurur. Yael Braun-Pivet iki günlük səfər çərçivəsində baş nazir Nikol Paşinyan və Ermənistan parlamentinin sədri Alen Simonyanla görüşüb. Fransalı spiker İrəvanda çıxışı zamanı erməniləri məyus edən fikirlər səsləndirib. Belə ki, Yael Braun-Pivet Fransanın Qarabağın müstəqilliyini tanımadığını söyləyib. Daha sonra o qeyd edib ki, “Qarabağın müstəqilliyini tanımırıq və statusu Fransa müəyyən etməməlidir. O, beynəlxalq hüquq çərçivəsində müxtəlif xalqlar, xüsusən də münaqişənin müxtəlif tərəfləri tərəfindən müəyyən edilməlidir”. Həmçinin, Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi üçün şansların tükənmədiyini diqqətə çatdırıb.

Sual yaranır: Əgər, Fransa Qarabağın müstəqilliyini tanımayacaqdısa, onda niyə bu illər ərzində münaqişənin sülh yolu ilə həllinə mane olur, onu daha da alovlandırırdı? Çox güman ki, artıq Makron Fransa siyasətindəki erməni təzadlarını anlayıb. Və yaxud da Fransanın özünün kifayət qədər problemləri var. Ölkədaxili çəkişmələr onu göstərir ki, Fransa Azərbaycanın Qarabağ ərazisini Ermənistan ərazisi kimi tanısa, eyni problemlə öz ərazisində də qarşılaşacaq. Eyni zamanda, Qarabağ erməniləri İrəvana ümid etmir. Bunun da nəticəsində erməni əsilli Azərbaycan vətəndaşları ilə Paşinyan arasında toqquşmalar,  fikir müxtəlifliyi nəhayət, inamsızlıq yarana bilər. Bu səbəbləri aydın şəkildə görən, anlayan Makron hakimiyyəti bir addım geri çəkilmək məcburiyyətindədir. Çünki Azərbaycan öz ərazi bütövlüyü uğrunda mübarizə aparır. Azərbaycan rəhbəri də hər zaman öz çıxışlarında xüsusilə vurğulayır ki, biz Qarabağda olan ermənilərlə dinc şəraitdə yaşamağa hazırıq. Əlbəttə ki, sadə ermənilər artıq Paşinyan və onun havadarlarına inanmır. Fransa kimi dövlətlərin isə pafoslu çıxışlarının boş hay-küydən ibarət olduğunu anlayırlar. Nəticədə, bütün bunlar Fransanın Ermənistanla birgə yürütdüyü ağılsız siyasətin uğursuz sonluğudur. Artıq Makron hakimiyyəti anlayır ki, onlar Ermənistanı müdafiə etməklə eyni vəziyyəti öz ölkəsində yaşamalı olacaq.

                                     Ramidə YAQUBQIZI,

                                     “Respublika”.