Ağlasığmaz vəhşiliyin səssiz şahidləri
Siyasət

Ağlasığmaz vəhşiliyin səssiz şahidləri

Xocalıda aşkar edilmiş kütləvi məzarlıqdan daha bir azyaşlının qalıqları çıxarılıb. Bu, Xocalı faciəsi ilə bağlı acı reallığı bir daha göstərir. Yüzlərlə dinc azərbaycanlının, qadın, uşaq, qoca demədən Ermənistan silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirildiyi Xocalı qətliamı tarixin ən qaranlıq səhifələrindən biri olaraq qalır. Kütləvi məzarlığın tapılması vəhşiliyin miqyasının növbəti sübutudur.

Qeyd edək ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntılar zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqları aşkar olunub.

Basdırılan insan qalıqlarının ən azı 5 nəfər şəxsə (onlardan 2 nəfərin azyaşlı olması ehtimal edilir) məxsus olması, onların qeyri-insani rəftara və fiziki zorakılığa məruz qalması müəyyən edilib. Hazırda insan qalıqlarının tam müəyyən olunması istiqamətində hadisə yerinin müayinəsi davam etdirilir. Ermənilər ərazilərimizi işğal etdikləri dövrdə əsir və girov götürdükləri azərbaycanlılara, dinc mülki insanlara qarşı barbarlıq göstəriblər. Soydaşlarımızı işgəncə ilə qətlə yetirərək, xəndəklər qazıb kütləvi şəkildə basdırıblar.

Təbii ki, bu, erməni vəhşiliyini göstərən ilk hadisə deyil. İşğaldan azad olunmuş ərazilərdə indiyədək 13 kütləvi məzarlıq aşkarlanıb. Kütləvi məzarlıqlar Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı kəndində, Şuşa türməsinin ərazisində, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində tapılıb. Bu məzarlar işğal illərində günahsız dinc əhaliyə edilən vəhşiliklərin nümunəsidir.

Qəbirlər Azərbaycan xalqına qarşı törədilmiş ağlasığmaz cinayətlərin səssiz şahidləri kimi dayanır. Erməni vəhşiliyinin sübutları artdıqca onların məsuliyyətə cəlb olunmasının zəruriliyi də artır. Bu ağır cinayətləri törədənlər öz əməllərinə görə cavab verməli, ədalət öz yerini tapmalıdır.

İnsanlıq əleyhinə bu cinayətlər erməni xislətinin aydın nümunəsidir. Lakin beynəlxalq təşkilatlar ermənilərin saxta soyqırımı iddiasını dəstəkləməklə məşğuldur. Erməni terrorçularının humanizm əleyhinə hərəkətləri danılmaz faktdır. İşğaldan azad edilən torpaqlarımızda aparılan quruculuq işləri zamanı ortaya çıxan kütləvi məzarlıqların sayı sübut edir ki, ermənilər azərbaycanlılara qarşı yüzlərlə soyqırımı həyata keçiriblər. Minalar səbəbindən hər yerdə qazıntı işləri aparmaq mümkün deyil, ancaq təmizlənmiş ərazilərdə belə məzarlıqlar aşkarlanır. Ermənistan hərbçilərinin beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozduğu gün kimi aydındır.

Bu vandalizm aktına cavab olaraq həqiqəti gizlətmək istəyənlərin yaratdığı çətinliklərə baxmayaraq, qurbanların şəxsiyyətini müəyyənləşdirmək istiqamətində işlər davam edəcək. Xocalıdakı kütləvi məzarlıq təkcə qurbanlar və onların ailə üzvlərinə qarşı təhqir deyil, həm də humanizm və ədalət prinsiplərinə qəsddir. İşğaldan azad olunmuş ərazilərdə bu məzarlıqların tapılması yaşanan dəhşətlərin təkzibolunmaz sübutudur.

Bu gün Xocalı işğaldan azaddır. Bu şəhərlərin azad edilməsi təkcə hərbi qələbə deyil, həm də xalqımızın istibdad üzərində qələbəsidir. Artıq bu cür vəhşiliklər bir daha təkrarlanmayacaq. Bu gün Xocalıda Böyük Qayıdışın səsi eşidilir. Azad edilmiş şəhərlərdə kütləvi məzarlıqların tapılması münaqişənin çətinliyini, günahsız insanların faciəsini açıq şəkildə göstərir. Torpaqlarımızın azad edilməsi zülm üzərində qələbə, ləyaqət və suverenliyin geri qaytarılması deməkdir. Bu, soydaşlarımızın faciədən sonra yenidən həyata qayıtma əzminin göstəricisidir.

Kütləvi məzarlıqlar barəsində Azərbaycan hüquqi addımlar atır, təbliğatlar aparır. Şübhəsiz ki, ölkəmiz beynəlxalq hüquqa söykənən prinsiplərin yerinə yetirilməsi istiqamətində atdığı addımlarla lazımi nəticəni əldə edəcək.

Nurcan SÜLEYMANOVA,

"Respublika".