Andına sədaqət nümunəsi
Region

Andına sədaqət nümunəsi

İkinci Qarabağ müharibəsində  minlərlə   qeyrətli  oğul kimi,  Mail Əzizovun şəhidliyi  Vətənə, torpağa  sevgisindən yarandı.  Ömrünün 20-ci ilində canını qurban etdi ki, əzəli yurd yerimiz Qarabağ torpaqları düşmən  tapdağında qalmasın, xalqı azad, firavan yaşasın. Qəhrəman Maillər düşməni  müharibə meydanında məğlub  etməklə, eləcə  millətin mənliyini, kimliyini qaytardılar.  Mailin də son damla qanına qədər  düşmənlə vuruşmağı bundan irəli gəlirdi. Vətən yolunda şəhid olmağı hər şeydən əziz tutdu.

2000-ci ilin avqustunda Lənkəran rayonunun  Şağlaküçə kəndində dünyaya göz açan  Mail Mahir oğlu  Vətənə məhəbbət, düşmənə  nifrət ruhunda  boy atıb 18 yaşına çatır. Qarabağda  baş verən qanlı hadisələr Maili  çox narahat edir.  Odur ki, orta məktəbi əla qiymətlərlə başa vursa da, hər şeyi bir yana qoyub   Vətənin qisasını almaq niyyəti ilə  əsgərliyə  yola düşəndə evdə deyir:-Dığalar əzəli Azərbaycanımıza məxsus  müqəddəs yerləri  zəbt ediblər.  İndiki  vaxtda  Vətənə sipər, düşmənə yerini göstərən qeyrətli igidlərə  ehtiyac vardır.  Yağıya qalib gələndən sonra  oxuyub ali təhsil alacağam...

 Mail Əzizov cəbhə bölgəsində əlinə silah alıb  Vətəninə keşik çəkir.  Bu yolda canından keçməyə hazır olan igid əsgər  bir neçə dəfə dığalarla üz-üzə gəlir, onların payını layiqincə verə bilir. Həm də Mail  döyüş  keyfiyyətlərini artırmaq üçün təlimlərdən qalmır, Vətən torpaqlarının azadlığı naminə  hərbin  sirlərinə mükəmməl yiyələnir. Nizam-intizamı, cəsurluğu, tapşırıqları yerinə yetirdiyi vaxt çevikliyi ona  ehtiram qazandırır. Bir sözlə,  layiqli bir övlad olaraq Vətənə borcunu şərəflə verməyi bacarır. Və onun qisasını  düşməndən döyüş meydanında alacağına and içir.

Sentyabrın 27- də  İkinci Qarabağ müharibəsi başlayanda   Mail Əzizov  ön cəbhədə vuruşur.  Şücaət göstərməklə neçə-neçə ağır sınaqlardan üzüağ  çıxır.  Odlu-alovlu səngərlərdə erməni dığalarına qan qusdurur.  Mail kimi oğlanların qəhrəmanlığı sayəsində   kəndlərimiz, rayonlarımız  bir-bir azad   olunur.  Oktyabrın  2-də Şuşa  şəhəri istiqamətində  daha ağır müharibə gedir. Düşmən məğlub olsa da, qəfil atılan artilleriya nəticəsində  igid əsgər    şəhid olur.

Ləyaqətli, örnək sayılan əbədi bir ömür qazanan Mail Əzizov ölümdən sonra   Vətən uğrunda, “İgidliyə görə” və başqa medallara layiq görülür.

Zəfər ORUCOĞLU.