Doğma vətənimizin bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsi milli həmrəyliyimizin rəmzinə çevrildi, qürur mənbəyimiz kimi şanlı tariximizə əbədi həkk olundu. Bu müharibədə rəşadətlə döyüşən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti isə öz mübarizliyi ilə yenilməzlik simvoluna çevrildi. Vətən övladları igidliyin, cəsarətin, qorxmazlığın nümunəsini yaratdı.
Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Salahov Sabir Hikmət oğlunun və Quliyev Kamran Dadaş oğlunun şəhadətlərinin ildönümü ilə əlaqədar mərasim keçirilib. Mərasimdə Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Milli Məclisin sədr müavini Adil Əliyev, Milli Məclisin deputatı Jalə Əhmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak etdilər. Mərasim iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül-çiçək dəstələri düzdülər. Sonra vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin məzarları ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxundu. Anım mərasimləri şəhidlərin doğulub boya-başa çatdığı ata ocağında davam etdirilib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş məliyyatlarında iştirakına, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə, şəxsi igidlik və sucaət nümayiş etdirdiyinə görə Sabir Salahov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, Quliyev Kamran “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişlər.
Ərəstun ABDULOV,
“Respublika”.