Aşığın sözü qurtaranda
Siyasət

Aşığın sözü qurtaranda "neynim-neynim" deyir

Bu gün Qərb-Rusiya münasibətlərinin getdikcə gərginləşdiyi bir dönəmdə ötən ilin yanvarında baş verənləri bir daha xatırlamaq bəzi mətləblərə aydınlıq gətirilməsinə imkan verir. Belə ki, hələ o zaman siyasi ekspert Dmitri Solonnikov Ermənistanın Avropa İttifaqının missiyasını dəvət etməsinə münasibət bildirərək demişdi ki, bu, Ermənistanın beynəlxalq münasibətlərin subyekti kimi suveren hüququdur. Hər bir ölkə öz sərhədini qorumaq üçün müxtəlif dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələrini dəvət edə bilər. Əsas məsələ Ermənistanın bu addımının nəyə gətirib çıxaracağıdır. Bunu Ermənistanı Rusiyadan uzaqlaşdırmaq siyasətinin davamı kimi dəyərləndirən D.Solonnikov bu əhvali-ruhiyyənin Ermənistanda daha da güclənəcəyini qeyd etmişdi: "Düşünürəm ki, Avropa İttifaqının vasitəçi kimi aparacağı bütün danışıqların məqsədi vəziyyəti gərginləşdirməkdir. Avropanın başqa məqsədi yoxdur. Ona görə də, Ermənistanın da məqsədi, onun sahibinin diktəsinin mahiyyəti də, Paşinyanı hakimiyyətə gətirənlərin verdiyi tapşırığın məğzi də məhz bundan ibarətdir. Paşinyan bunun üçün o vəzifəyə gətirilib. Təəssüflər olsun ki, Ukrayna nümunəsi heç nə öyrətmir".

Politoloq Sergey Markov isə Avropa İttifaqının Ermənistan-Azərbaycan sərhədində yerləşdiriləcək missiyasının Fransa və Ermənistanın birgə layihəsi olduğunu diqqətə çatdıraraq demişdi ki, bu, Azərbaycan və Ermənistana düşmən layihədir. Onlar heç bir neytral müşahidəçi deyillər. Bu müşahidəçilər əvvəlcədən, 2021-ci ilin payızında Parisdə Ermənistan və Fransa liderləri tərəfindən hazırlanmış plan əsasında ora yerləşdirilir. Bu plan Rusiya sülhməramlılarını regiondan çıxarıb, ora Fransanın simasında Avropa İttifaqını yerləşdirmək məqsədi daşıyır. Fransa bu şəkildə Ermənistanın əsas müttəfiqi olaraq Rusiyadan qisas almaq istəyir. Ona görə ki, Rusiya hərbçiləri bir sıra Afrika ölkələrində - Mali, Burkino-Faso, Mərkəzi Afrika Respublikasında təhlükəsizliyin zəmanəti kimi fransızları əvəz edib. Fransa bu gün itirdiyi Afrika ölkələrinin yerini Ermənistanla doldurmaq istəyir. Ermənistan isə bununla yanaşı, həm də KTMT-nin regiona missiya göndərməsinə mane olur.

Digər siyasi ekspert Sergey Voronin də Qərbin Ermənistan-Rusiya münasibətlərində eynən Ukrayna ssenarisini tətbiq etdiyini açıqlamışdı: "Aİ müşahidəçilərinin hekayəsi mənə Ukrayna ilə bağlı Minsk razılaşmalarını xatırladır. 8 il ərzində Rusiyanın başını qatdılar. Minsk razılaşmalarının icra olunmasına hazırlıq pərdəsi altında bu gün Donbasda döyüşən milli batalyonları hazırladılar... Ermənistanın etdikləri də həmin hekayəyə bənzəyir... Bu, suyu bulandırmaq və Azərbaycan rəhbərliyini arxayın salmaq cəhdləridir... Açıq deməliyik ki, Avropa İttifaqının missiyası "arabada beşinci təkər"dir... Bununla Azərbaycan-Ermənistan sərhədində gərginlik düyünü yaradılır ki, bu da çox təhlükəlidir".

Bunun ardınca Rusiya XİN rəhbəri Sergey Lavrov da Avropa İttifaqının Azərbaycanın razılığını almadan missiya göndərməsinə münasibət bildirərək demişdi ki, Aİ missiyasının göndərilməsi qeyri-məhsuldar addımdır. Bu, Ermənistanla Azərbaycan arasında olan fikir ayrılıqlarını aradan qaldırmağa kömək etməyən təhlükəli addımdır. Əksinə, bu, yeni qığılcım ocağı yarada bilər. Avropa İttifaqına Cənubi Qafqaz regionunda yer yoxdur. Bura ancaq region ölkələri və Rusiya, Türkiyə, İranın maraq zonası olmalıdır.

Beləliklə, verilən proqnozlar düz çıxdı, Aİ-nin mülki missiyası sərhəddə yerləşəndən sonra Ermənistandakı revanşist qüvvələr daha da cəsarətləndilər. Elə Nikol da daha çox "şeşələnməyə" başladı, terror, təxribat gücləndi, ancaq ermənilər cəzasız da qalmadılar. Azərbaycan xoşluqla Qarabağdan çıxmaq istəməyən separatçıları zorla çıxardı, Xankəndiyə üçrəngli bayrağımız sancıldı. Bununla da ölkəmizin tam suverenliyi bərpa edildi.

2022-ci il fevralın 24-də Rusiyanın Qərblə qarşıdurması müharibəyə gətirib çıxardı. Qarşıdurma coğrafiyası ABŞ, Böyük Britaniya, Almaniya ilə məhdudlaşmadı. Burada Almaniyadan daha çox Avropada hegemonluq hüququ olan Fransa əsl maraq dairəsinə çevrildi. Onu qeyd edək ki, Rusiyada postsovet dövründə Fransa ənənəvi olaraq daha sərt mövqe tutan və ABŞ-ın siyasətinin ardınca gedən Şərqi avropalıların fonunda seçilən konstruktiv ölkələrdən biri hesab olunurdu. Buna baxmayaraq, Rusiya ilə Fransa arasında münasibətlər hazırda düşmənçilik həddindədir. Rusiyada çox sevilən "Atalar Avropası" konsepsiyasını irəli sürən prezident Şarl de Qoll hesab edirdi ki, Sovet İttifaqının müttəfiqi olan Şərqi Avropa ölkələri Kremlin təsirindən çıxmalıdır. 2022-ci ilin dekabrında 2012-2017-ci illərdə Fransanın prezidenti olmuş Fransua Olland müsahibə verərək Rusiya ilə bağlı fikirlərini bildirmişdi. Rusiyaya qarşı bir qədər yumşaq danışan eks-prezidentin bu "kinsizliyi" Almaniya kansleri Angela Merkeldə qıcıq yaratmışdı. Zaqafqaziyada isə Fransa açıq şəkildə ictimai rəyi manipulyasiya edərək Rusiyanı Ermənistandan sıxışdırmağa çalışır, özünü hər yerdə işğalçı ölkənin himayədarı kimi göstərir. Sözsüz ki, Fransanın postsovet məkanında belə siyasəti fonunda Rusiya Afrika ölkələrinə diqqət yetirməyə bilməzdi. Yadda saxlamaq lazımdır ki, Afrika sürətlə artan əhalisi olan perspektivli bazar, eləcə də dövri cədvəlin demək olar ki, bütün elementlərinin yerləşdiyi qitədir.

Müstəmləkə imperiyasının dağılmasından sonra da keçmiş Afrika müstəmləkələrində hələ də təsir gücünü saxlayan Fransadan fərqli olaraq, Rusiyanın Afrikada heç vaxt müstəmləkələri olmayıb, Mərkəzi Afrika Respublikası, Mali və Burkino-Faso xalqlarını Fransa neokolonializminə qarşı mübarizədə dəstəkləyib. Bu isə Fransanı hiddətləndirir və bu səbəbdən Rusiyaya qarşı Ermənistan kartından istifadə edir. Bir sözlə, onu özünə siyasi alət edir. Yazımızın əvvəlində də qeyd etdiyimiz kimi, havadarları Ermənistana yaxşı heç nə gətirmir, sadəcə onun liderinə "yaxşı danışmaq üçün" ürək-dirək verir. Nikol isə danışdıqca batır, çünki deməyə sözü yoxdur, sözü qurtaran aşıq kimi "neynim-neynim" deyir.

Zümrüd QURBANQIZI,

"Respublika".