Avropanın
Siyasət

Avropanın "ali böhtan orqanı"

Son dövrlər Azərbaycanın regionda yaratdığı yeni siyasi düzənlə bir çox güclərin barışmadığının şahidi oluruq. Ölkəmizə qarşı məkrli siyasəti ilə fərqlənən qurumlar arasında Avropa Parlamenti öncül sıralarda dayanır. Noyabrın 29-da Qurumun Xarici Əlaqələr Komitəsinin illik hesabatında əks olunanlar da bunu təsdiqləyir. Sənəddə nəinki köhnəlmiş, hətta Ermənistanın belə istifadə etmədiyi terminlər yer alıb. Bununla yanaşı, parlamentin qərarlarında Azərbaycanın sentyabr ayında beynəlxalq səviyyədə tanınmış ərazisi olan Qarabağda antiterror tədbirləri çərçivəsində öz suverenliyini bərpa etməsi "hərbi təcavüz" kimi qələmə verilib.

Azərbaycanın beynəlxalq normaları pozduğu iddia edilərək ona qarşı sanksiyaların tətbiqinə çağırışların "vacibliyi" də sənəddə qeyd olunub. Əslində qurumun bundan əvvəlki fəaliyyət dövrünə nəzər yetirsək görərik ki, bu ali orqan hər fürsətdə dövlətimizin əleyhinə müxtəlif bəyanatlarla gündəmə gəlir, qətnamə qəbul etmək məqsədi güdür. Bütün bunlar Avropa Parlamentinin bu gün daha çox "ali orqan" kimi deyil, "ali böhtan orqanı" kimi fəaliyyət göstərdiyini söyləməyə əsas verir. Həm İkinci Qarabağ müharibəsi, həm də Azərbaycan Ordusunun bu ilin sentyabrında həyata keçirdiyi antiterror tədbirlərinin hərbi təcavüz kimi dəyərləndirilməsi yanlışdır. Çünki həmin tədbirlərin ərazi bütövlüyünün bərpası, Konstitusiya quruluşunun ölkənin bütün ərazisində tətbiqinin təmin edilməsi istiqamətində keçirildiyi bütün dünyaya məlumdur.

Yeri gəlmişkən, bu, Avropa Parlamenti tərəfindən qəbul edilən ilk belə absurd sənəd deyil. Qurum tərəfindən oktyabr ayında Azərbaycan əleyhinə qəbul edilən qətnamədə də Qarabağda yaşayan ermənilərə qarşı hərbi əməliyyatlar keçirildiyi iddia edilmişdi. Hətta Avropa Parlamenti utanmazcasına burada məskunlaşan ermənilərə qarşı "zorakılığa" son qoyulması ilə bağlı çağırış da etmişdi. Mövcud vəziyyət isə onların dediyinin əksi idi. Ölkəmizin Qarabağda yaşayan ermənilərin reinteqrasiyası istiqamətində atdığı addımlar, onların təhlükəsizliyinin təminatı ilə bağlı verdiyi vədlər bunu bir daha təsdiqləyir. Parlamentin iddiasının əksinə, hələ işğal dövründə Qarabağda yaşayan ermənilərin vəziyyəti bərbad idi. Keçmiş xunta rejiminin əlində oyuncağa çevrilən xalq zülm, aclıq və səfalət içində yaşayırdı. Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazandıqdan sonra Qarabağdakı ermənilər üçün də günəş doğdu. Bütün bunların fonunda, bu gün Avropanın "ali böhtan orqanının" erməni lobbisinin təsiri altında fəaliyyət göstərdiyini demək mümkündür.

Avropa Parlamentinin qərəzli qərarları sadəcə bununla yekunlaşmır. Ötən ilin mart ayında qurumun qəbul etdiyi daha bir qətnamədə Azərbaycanın Qarabağda "erməni mədəni irsini dağıtması ilə bağlı saxta məlumat yer almışdı. Hətta sənəddə Azərbaycanın digər ərazilərində də eyni addımların atıldığı qeyd olunmuşdu. Bu, rəsmi İrəvanın dezinformasiyaya əsaslanan tezisləri ilə üst-üstə düşür. Ən maraqlısı isə odur ki, Avropa Parlamentində sadəcə iki nəfər istisna olmaqla hər kəs qərarın lehinə səs vermişdi. Səbəb isə aydındır. Belə ki, quruma seçilən deputatların bir çoxu Avropanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbisinin "köləsidir". Bir parlamentin deputatlarının arasında korrupsiya qalmaqalları ilə üzləşənlərin olması qurumun daxilindəki rəzil vəziyyətin təzahürüdür. Ümumiyyətlə, Avropa Parlamentində uzun illərdir respublikamıza qarşı fəaliyyət göstərən bir qurum var. Bu qurumdan bəhs edilərkən ağıla ilk gələn də məhz erməni lobbisidir. Hələ 30 illik işğal dövründə də Azərbaycan Avropa Parlamenti kimi beynəlxalq qurumların ədalətsiz qərarları ilə üzləşirdi. İşğalçı ilə işğal edilən arasında fərq qoymayan Avropa Parlamenti Ermənistanın xalqımıza qarşı törətdiyi vəhşilikləri gözardı edirdi. Doğrudur, bu gün Avropanın "ali böhtan orqanı" tərəfindən qəbul edilən qətnamələr Azərbaycan üçün heç bir əhəmiyyət kəsb etmir. Lakin parlamentin bu qərarları Azərbaycanla münasibətlərin korlanmasına gətirib çıxarır.

Şübhəsiz, Avropa Parlamenti hələ "erməni havasına çox oynayacaq", Azərbaycana qarşı bəyanatlar verəcək, sənədlər qəbul edəcək. Bu gün beynəlxalq aləmdə rəzil duruma düşən bir ölkəyə havadarlıq etmək əvəzinə, Avropanın aparıcı enerji təchizatçısına çevrilmiş Azərbaycanla münasibətlərə üstünlük vermək daha doğru seçimdir.

Nəzrin ELDARQIZI,

"Respublika".