Ayxan Hacızadə:
Gündəm

Ayxan Hacızadə: "Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir, müdaxilə qəbulolunmazdır"

"Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə müdaxilə qəbulolunmazdır".

"Respublika" xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadən ABŞ Senatında dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Yuri Kimin iştirakı ilə keçirilmiş dinləmələrdə səsləndirilən iddialara dair yerli mətbuatın sualına cavabında deyib.

XİN sözçüsü bildirib ki, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə bağlı “Dağlıq Qarabağın erməni xalqı”nın hüquq və təhlükəsizliklərinin sülh müqaviləsində öz əksini tapmasına istinad edilməsi, özündə Ermənistanın məqsədyönlü şəkildə ərazilərimizdə separatizmi təşviq məqsədilə istifadə etdiyi terminologiyanı ehtiva etməklə ərazi bütövlüyümüz və suverenliyimizə ziddir.

"Bu istinad Ermənistanın etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində həmin bölgədən didərgin düşən azərbaycanlıların da hüquqlarına hörmətsizlikdir. Hazırda Qarabağ bölgəsində yaşayan erməni sakinlərin heç də həmin bölgənin əhalisinin bütün seqmentlərini təmsil etmədiyini qarşı tərəfə xatırlatmaq istərdik.

“Hərbi hücum” iddiası ilə bağlı isə Ermənistandan fərqli olaraq, Azərbaycanın heç vaxt mülki əhaliyə qarşı güc tətbiq etmədiyini vurğulayaraq, əksinə milli səviyyədə erməni sakinlərimizin cəmiyyətimizə reinteqrasiyası sahəsində tədbirlərin görüldüyü, bu istiqamətdə Ermənistan və onun qondarma qurumu tərəfindən törədilən maneələrə baxmayaraq, qərarlı olduğumuzu bildiririk. Reinteqrasiya prosesi ölkəmizin daxili məsələsidir və daxili işlərimizə müdaxilə qəbulolunmazdır.

ABŞ tərəfinin timsalında beynəlxalq ictimaiyyətə, Ermənistanın qarayaxma kampaniyasına uymayaraq bölgədə qeyri-sabitliyə töhfə verən bu kimi addımların bir parçası olmamağı tövsiyə edirik", - Ayxan Hacızadə əlavə edib.